Tanınmış şair Qismət öz feysbuk hesabında maraqlı status paylaşıb. Avtobusda apardığı müşahidələri yazan şair günümüz insanının psixoloji durumuna güzgü tutub.
Statusu təqdim edirik:
"İstidə gəzməyə həvəsim olmadı, dostlarla görüşə yaxın da olsa, avtobusla getdim, tez düşəcəkdim deyə, sürücünün yanında dayanmışdım. Bir dayanacaq keçmişdi ki, arxa sıradan bir day-day qışqırmağa başladı, qabağında dayanan qıza ağzına gələni deyirdi. Mövzu əruz vəznində idi: bu nə geyimdi, evdə sənə baxmırlar? Day-dayın boğazına qədər düymələnmiş köynəyinə baxanda adamın ürəyi sıxılırdı, qız yazıq da nədi-nədi şortik geyinmişdi deyə diqqət mərkəzinə düşmüşdü. Öz köynəyilə özünü boğan day-day birdən dini ritorikaya keçdi: "Dinimizi buyurur ki, belələrini tutub..." Qız ilk dayanacaqda düşdü, arxa sıralardan day-dayla ağızlaşmaq həvəsində olan bir-iki nəfər etiraz etdi: "Özü bilər nə geyinir?" Day-day əlindəki sellofan torbanı yerə çırpıb isterik ədaylə çığırdı: "Olmaz! Mən istəmirəm o belə geyinsin! Ürəyi istəyə bilməz! Başa düşdüz, istəyə bilməz!"
Sürücüyü yaxın yerdə əyləşən, əsəbi xalalardan biri arxaya çevrilib dedi: "Düz deyir də, hamımızda var, gərək hamımız tumanımızı göstərək?!"
İkiyə bölünmüş avtobusdan düşəndə, fikirləşdim ki, düz yeddi aydı siqaret çəkmirəm, doğurdan çətin məsələdi..."