7 Avqust 2016 13:12
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan elm tarixində filosof Heydər Hüseynovun faciəsi az qala hamıya məlumdur. Cavan yaşlarında xeyli nailiyyətlər əldə edən, akademiyanın vitse-prezidenti vəzifəsinə qədər yüksələn H.Hüseynov elə o yaşda da həyatla vidalaşdı. Onun ölümü haqqında çox fərziyyələr dolaşır:bəziləri professorun bağ evində özünü asaraq intihar atdiyini, bəzilər isə kimlər tərəfindənsə öldürüldüyünü qeyd edir. Bu hadisənin səbəbləri də bir neçə yerə bölünür:əsas səbəblərdən biri isə H. Hüseynovun alim nüfuzunun tapdalanmasına, partiyadan uzaqlaşdırılmasına, aramsız təqiblərə, vəzifədən kənarlaşdırılmasına dözməyərək intihar etməsidir. Bu intihara gətirən yol isə bir nəfərin ovcundan keçirdi – Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırovun...

XIX əsrdəki çar istilalarını XX əsrin ortalarında sovet tarixçiliyi Mərkəzi Komitənin sifarişi ilə işğal deyil, könüllü birləşmə adlandırmağa başladı. Bu tabunu ilk dəfə “pozan” isə Heydər Hüseynov olur. Onun “XIX əsr Azərbaycan fəlsəfi və ictimai fikir tarixindən” əsəri alimin ölümünə səbəb olur.

Qalmaqallı əsər ilk olaraq o vaxtkı rəhbər Mircəfər Bağırovun hədəfinə tuş gəlir. 733 səhifəlik kitaba bir qrup ziyalılar – Mirzə İbrahimov, Səməd Vurğun, Sumbatzadə, Məmməd Arif Dadaşzadə, Mehdi Hüseyn, Möhbalı Qasımov çap olunandan sonra çox yüksək qiymət verdilər. Kitab Azərbaycan Elmlər Akademiyasının xətti ilə Stalin mükafatına təqdim olundu. Amma bütün bu işlər Mircəfər Bağırovun başının üstündən görülmüşdü. O da belə şeyləri heç vaxt bağışlamazdı. Özünün rəhbər nüfuzuna təzyiq kimi qəbul edirdi.

Odur ki, Həsən Həsənov adlı şəxsə kitabı aşağılamaq üçün məqalə yazmağı tapşırdı. O, Stalin mükafat komissiyasına isə əsərin zəif olması barədə məktub yazdı. Çox maraqlıdır ki, bu məktuba fikir verilmədi və komissiya Hüseynova ikinci dəfə Stalin mükafatını verdi. Bununla da Heydər Hüseynovun bədbəxtliyi başladı.

Heydər Hüseynova ikinci dəfə yüksək mükafatın verilməsində Səməd Vurğunun da əli olur. O mükafat komissiyasının sədri Fadeyevə kitabın bir nüsxəsini göndərir. Kitab 1950-ci ildə mükafata layiq görüləndən sonra Azərbaycan SSR Mərkəzi Komitəsinin sədri Bağırov əməli fəaliyyətə başlayır. Vəziyyət o yerə çatır ki, əsəri tərifləyənlər, hətta onun mükafat almasına yardımçı olan kəslər də sözlərindən dönməli olurlar. Xüsusilə də, İsmayıl Hüseynov, Cəfər Cəfərov, Feyzulla Qasımzadə və başqaları - vaxtilə tərifləyənlər sonradan onun barəsində mənfi rəylər yazırlar. Mircəfər Bağırovun göstərişindən sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin təbliğat-təşviqat şöbəsi əvvəlcə Moskvaya məktub yazır. Bağırov Moskvaya gedəndə Stalin ilə görüşür və əsərin hədsiz dərəcədə zəif olması, partiyanı gözdən salan ideyalar irəli sürülməsi, xalqların dostluğuna ziyan gətirməsi və s. kimi mənfi fikirləri Stalinə bildirir və inandırır ki, bu əsərə verilən mükafatı geri almaq lazımdır. Mərkəzi Komitədə göstəriş verildikdən sonra Cəfər Cəfərov, Feyzulla Qasımov, Mirzə İbrahimov, Səməd Vurğun bir neçə ay əvvəl dediklərinin tamamilə əksini irəli sürdülər. Cəfər Cəfərov deyirdi ki, əsərdə Azərbaycan tarixi üzdən qələmə alınıb. İddia etdilər ki, “Heydər Hüseynov Şamil və müridizm hərəkatının mahiyyətini ideoloji cəhətdən düz anlamayıb. Düz anlamadığına görə də böyük rus xalqının qardaşlıq köməyini düzgün qiymətləndirə bilməyib”. Bütövlükdə, bu o dövrdə ölüm hökmü demək idi. Bununla bağlı Stalin Komitəsinə bu alimlərin məktublarını göndərdilər. “Stalin” Komitəsi də Heydər Hüseynovun əsərindəki müridizmin hədsiz dərəcədə ziyanlı, irticaçı, mürtəce, burjua millətçiliyinin mövqeyində duran, Türkiyə və onun arxasında dayanan, İngiltərənin mövqeyini müdafiə edən bir əsər kimi tənqid etdi. Komitə də bunu nəzərə aldı və Stalin mükafatını ləğv etdilər.

Bütün bu hadisələrdən sonra, Hüseynov bağ evində intihar edir. O zaman alimin vur-tut 42 yaşı var idi. Amma bir fakt hələ də müəmmalı qalır: görəsən, alim həqiqətənmi intihar etmişdi, yoxsa, onu ustalıqla aradan götürmüşdülər?

Hər halda, kimisə aradan götürmək, silmək o dövr üçün o qədər də problemi məsələ deyildi...

Elmin Nuri, Moderator.az


Müəllif:

Oxşar xəbərlər