26 Avqust 2016 13:07
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Tahir Talıblının şeirlərini təqdim edir:

BİÇİN NƏĞMƏSİ

Biçinçi oyanar səhər o başdan

Yenə oxuyacaq biçənəkləri.

Dəryaz nəğmələri dinər o başdan

Oyadar yuxudan boz kəklikləri.

Otlar can dərmanı, güllər təzə-tər

Hər açılan güldən şirin bal damır.

Günəşin sarımtıl telləri səhər

Sanki qarğıdalı saçaqlarıdı.

Geniş zəmilərtək böyüyər ürək

Polada döndərər zəhmət qolları.

(ilk dəfə biçinə gedirdik o gün)

Kotandan açılan yorğun öküz tək

Büdrəyə-büdrəyə gəldik yolları.

Biçinçi arzusu - istəyi kimi

Qızılgül günəşə boylanar yerdən.

İldə bircə ayı kurortlara yox,

Kərənti çəkməyə gəlin, şəhərdən.

1970

HƏSRƏT NƏĞMƏSİ

Qəlbimdə ola-ola

Mən səni harda gəzim?

Ay itkin göyərçinim,

Hansı yollarda gəzim?

Dağ başı dumanlıdı,

Dərələrdə çən olmaz.

Bir dünya gözəl olsa,

Mənə heç kim sən olmaz.

Yatmaram gecələri

Səbrim, qərarım, hanı?

Məni kim ovundurar

Gəzsəm bütün dünyanı?

Bircə əlçim buludam

Gah boşalan, gah dolan.

Mənəm səni itirib

Sonra peşiman olan...

1970

BALIQÇI VƏ SU PƏRİSİ

Bir oğlan var idi... Balıqçı oğlan

Hərdən peşəsini qınayırdı o.

Həmişə sulara tor atan zaman

Durub öz baxtını sınayırdı o.

Sular qalxa-qalxa, gah enə-enə,

Sular ləpə-ləpə axdı baxtına.

Bir gün tor atmışdı sulara yenə

Bir gün su pərisi çıxdı baxtına.

Bəlkə axtardığı, gəzdiyi həmdəm,

Dəryalarda imiş... yoxsa bu nəydi?

Oğlan gözəlliyə, pərisə bu dəm

Odlu baxışlara əyilməliydi.

Bu gündən görüşdü hər gün ikisi

Sular bu həsrəti hey yuya-yuya.

İnsan məhəbbəti, pəri sevgisi

Beləcə yarandı, gəldi dünyaya.

Atdı qırmaqları, tilovu, toru

Gitara götürdü balıqçı oğlan.

O köhnə sahilə sulardan duru

Bir nəğmə gətirdi balıqçı oğlan:

“Sular axdı baxtıma, Sular çıxdı baxtıma”.

Elə bilirdilər tək ikisiydi

Dünyada yaşayan, dünyada qalan.

Bunun gözlərində su pərisiydi,

Onun gözlərində balıqçı oğlan

Bu ona deyərdi: “ay su pərisi”

O da pıçıldardı: “balıqçı oğlan”.

Bu həsrətin ömrü bircə andımı

Qəlbindən keçərdi yolları qızın.

Gitara sahildə dınqıldadımı –

Suları yarardı qolları qızın!

Görüşə-görüşə həsrət çəkərdi.

Həsrətli-həsrətli görüşərdilər.

Elə unudardı əzabı, dərdi

Suların dilində gülüşərdilər.

Elə həzinləşdi, danışdı, dindi,

Sözlər inciləşdi söz arasından.

Əvvəl tor atdığı sulara indi

Nəğmələr yağırdı gitarasından.

Bu eşq dünyasında yaşamaq üçün

Beləcə səadət bəsiydi, bəlkə.

Bu iki ömrü uzatmaq üçün,

deyirəm tale - Bütün ömürlərdən kəsəydi, bəlkə.

Noyabr, 1971


Müəllif:

Oxşar xəbərlər