Qan xərçəngindən əziyyət çəkən məşhur rejissor Şahin Zəkizadə Teleqraf.com-a müsahibə verib.
- Şahin bəy, xərçəng xəstəsi olduğunuzu biləndə hansı hissləri keçirdiniz?
- Hiss deyəndə ki, müalicə olunmalıyam. Bunun üçün də vəsait lazımdır. Xəstəliyin müalicəsi o qədər də ucuz deyil. Allaha ümidim böyükdür. Mübarizə aparacam. Hazırda Qanköçürmə klinikasındayam.
- Vəsait üçün hara müraciət etməyi düşünürsünüz?
- Dostlarım, mətbuat nümayəndələri mənəvi dəstək verirlər. Sənət yoldaşlarım Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirlər.
- Şahin bəy, bu vaxta qədər səhhətinizdəki hansısa problemə görə xərçəngdən şübhələnmişdiniz?
- Xeyr, bu xəstəlik haqqında heç zaman düşünməmişdim.
- Yaxınlarınızdan, dostlarınızdan halallıq istəmisiniz...
- Bəli, bu normaldır.
- Tanınmışlardan sizə kimlər dəstək olur?
- Bu gün Emin Musəvi zəng vurub, Turan İbrahimov da həyat yoldaşı ilə zəng eləmişdi. Onlar mənim xərçəng olduğuma inanmırlar. Hər insan mətbuatda yayılan xəbərləri ciddi qəbul etmir, zəng edib, xəstəlik haqqında soruşurlar. Həmişə məni sağlam görüblər axı. Qəflətən baş verən problem olduğuna görə hamı şokdadır.
- Həyat yoldaşınız Səbinə Zəkizadə siz xəstəxanada olarkən sosial şəbəkədə hər kəsdən dəstək, dua istədi. Sizə necə dəstək olur?
- Həyat yoldaşım daim yanımdadır. Mənə yalnız həyat yoldaşım yox, ailə dostlarımız, qohumlarımız böyük dəstək olurlar.
- Valideynləriniz xərçəng xəstəsi olduğunuzu bilirlərmi?
- Mənim valideynlərimdən yalnız atam sağdır. O da ağır xəstə olduğuna görə demədik. Yəni xəstəliyimdən xəbərsizdir.
- Analizin nəticəsindən öncə ümidsiz bir status yazmışdınız. Sanki xərçəng xəstəsi olduğunuzu hiss etmişdiniz…
- Xeyr, amma bütün göstəricilər xərçəng xəstəliyinə işarə etdiyinə görə şübhələnirdik.
- Müalicə üçün hansı ölkəyə getməyə qərar vermisiniz?
- İrana getmək istəyirik. Allah Kərimdir, hara məsləhət olarsa, ora da gedəcəyik.
- Tanımış aparıcı Hacı Nuran da xərçəng xəstəliyindən əziyyət çəkir. Onunla əlaqə saxlamısınızmı?
- Bəli, Hacı Nurana mesaj yazmışam. Həcc ziyarətində olduğu üçün bəlkə də mesajı oxumayıb.
Rəqsanə