Oktyabrın 15-də və 26-da İstanbulda Oda teatrında Firuz Mustafanın əsəri əsasında hazırlanmış “Maneken” tamaşasını izlədik. Azərbaycanlı aktrisa Kəmalə Kamalqızının (Nəbibəyova) oynadığı bu tamaşa İstanbulda yaşayan azərbaycanlıların və türklərin marağına səbəb oldu.
“Maneken”də insani münasibətlərin, sevginin yox olduğu, yaşamın robotlaşması, duyğusuz, hissiz insanların manekenə çevrilməsi problemi bizlərə təqdim olundu.
İstanbulda fəaliyyət göstərən aktrisamızla elə bu tamaşa və mövcud planları haqqında söhbət elədik.
Teleqraf.com “Turan” Teleteatrının təsisçisi, aktrisa Kəmalə Kamalqızı (Nəbibəyova) ilə müsahibəni təqdim edir:
- Oktyabrın 15-də Oda teatrında “Maneken” tamaşası səhnəyə qoyuldu. Tamaşa istədiyiniz kimi baş tutdumu?
- Tamaşanın rejissoru Azərbaycandan dəvət edilən, musiqili-komediya teatrının əməkdaşı, “Turan” teleteatrının baş rejissoru Elçin İmanovdur. Firuz Mustafanın “Maneken” adlı monodramını Oda teatrının təklifindən sonra həyata keçirməyə başladıq. Onlar istədilər ki, teatrda Azərbaycan dilində bir tamaşa səhnəyə qoyulsun. Qlobal bir mövzunu götürdük ki, hər iki ölkə tamaşaçısı üçün maraqlı olsun. Tənha qadının həyatı üzərində yazılmış bir əsərdir, amma qadının timsalında bütün cəmiyyətin problemləri əks olunur. Bu qadında maneken olmaq arzusu insan olmaq arzusunu üstələyir. Bu isə faciədir.
- Sizcə bu, cəmiyyətdəki reallıqları əks etdirirmi?
- Etdirir. Tamaşada dillə bağlı kiçik problemlərimiz oldu. Türkiyə gəncləri bəzi sözləri anlamırdılar, ona görə də qərara aldıq ki, həmin sözləri dəyişdirək. Tamaşanı detallı bilmək istəyənlər isə təkrar izləməyə gəlirdilər.
- İstanbulda yaşayan azərbaycanlıların tamaşada iştirakçılığı sizi qane etdimi?
- Düzünü desəm, qane eləmədi. Çünki qeyri-millətlərin toplantısı olanda, hamı bir araya gəlir. Bizdə sanki soyuqqanlılıq, laqeydlik var. Deyə bilərik ki, insanlar bura çörək pulu üçün gəlib, çalışırlar, zamanları yoxdur. Və ya tələbədir, vaxtı yoxdur. Amma bu, düzgün yanaşma deyil. Tamaşa axşam 9-un yarısı idi, iş vaxtı bitmiş olur. İnsanlar yorğun ola bilər, amma teatr həm də istirahət üçündür. Üstəlik bir-birimizə dəstək olmalıyıq.
- “Maneken”in uğurundan sonra Mersinə dəvət də almısınız...
- Bir neçə gün öncə Mersinə, Beynəxalq Teatr festivalına dəvət elədilər. “Maneken” tamaşasını oynayacağıq. İnşallah, noyabrın 19-26-da Mersin şəhərində olacağıq. Tamaşamızı bəyəniblər, təqdimatı olub. Yəni bizim xəbərimiz olmadan, tamaşanın qazandığı uğurdur bu. Festivaldan sonra başqa şəhərlərdə də səhnəyə qoyulmasını təşkil edəcəklər.
- “Turan” teleteatrından danışdınız. Bu teatr bildiyimiz qədər 2014-də yaranıb. O vaxt demişdiniz ki, məqsədiniz gənc istedadları üzə çıxarmaq, türk dünyasında tamaşalar səhnəyə qoymaqdır. Bütün Turan dünyasından dəstək istəmişdiniz. Aradan iki il ötüb, o dəstəyi gördünüzmü?
- Təəssüflər olsun ki, danışanda hər kəs birlikdən bəhs edir, amma işə gələndə bu olmur. Sual verə bilərsiniz ki, “Turan” teleteatrı ola-ola niyə İstanbuldasınız? Gördüyünüz kimi, burada daimi çalışdığımız, maaş aldığımız bir yer yoxdur. Azərbaycanda çətinliklərimiz oldu. Çünki üslubuna görə adından da gördüyünüz kimi fərqli teatrdır. Yəni burda televiziya ilə teatrın sintezi var. Turana ulaşmaq, türklərin ümumi bəlasını dünyaya çatdırmaq üçün düşündüm ki, meqapolis olan yerə getmək lazımdır. Təəssüf ki, Azərbaycanda olduğu kimi burada da maddi dəstək olmadı. İlk bura gələndə İstanbul Azərbaycan Kültür Evi ilə bərabər qərara gəldik ki, televiziya proqramı açaq. Pis-yaxşı bir proqrama başladıq. O proqramın içində poeziyamız, musiqimiz, kültürümüz, tariximizi yaydıq, eyni zamanda illər öncə ata-babaları buraya gəlmiş azərbaycanlıları dəvət elədik. “Barış” TV sağ olsun, bizə şərait yaratmışdı, sponsor dəstəyi də tapmışdıq. 8 proqram yayımlaya bildik. İstədiyimizin 20 faizini orada edə bildik. Türkiyədə yaşayan yazarımız Aygün Həsənoğlunun “Adsız qadın” əsərinin məşqlərinə Azərbaycanda başlamışdıq, burada Türkiyə türkcəsi ilə davam etdirmək istəyirdik. Elçin İmanov da gəldiyi müddətdə “Maneken”i hazırladıq, “Adsız qadın”ın məşqlərinə başladıq. Yəni nə ediriksə, öz gücümüzə edirik. Heç kimdən bizə dəstək yoxdur. İstanbul Azərbaycan Kültür Evinin mənəvi dəstəyi oldu. Bu Kültür Evi də zatən bizim mədəniyyətimizi yayır burada. Tələbələrimizi, ziyalılarımızı ətrafına toplayır, kitablar çap edir.
- Elçin İmanovla işləmək necədir? Rahatdırmı?
- Elçin bəy həmişə mənə deyir ki, “sən mənim müdirimsən”. Yəni məşqdən o tərəfə üstümə səs tonunu qaldıra bilərsən, amma səhnədə təbii ki, o rejissordur, mən susuram. Ona tabe olmağa məcburam. Onunla işləmək çox rahatdır. Mən dövlət teatrında da çalışmışam, bəzən rejissor bildiyi qədər vermək istəmir. Amma Elçin həm oyunçuya daha çox bildiklərini ötürür, həm də ki o, fikrini tam söyləməsə də, mən artıq bilirəm ki, o nə istəyir. Bir-birimizi çox gözəl anlayırıq.
- Hazırda da Elçin bəylə birlikdə Xocalı faciəsi ilə bağlı böyük layihə hazırlayırsınız...
- Biz Bakıda keçirilən bir konfransda Aygün xanımla tanış olduq. Ondan sonra mütəmadi olaraq əlaqə saxladıq. Onun “Adsız qadın” əsərini oxuyandan sonra Elçinlə qəti qərar verdik ki, bunu tamaşa kimi hazırlamalıyıq. Bakıda məşqlərə başladıq, təəssüf ki, orada dəstək tapa bilmədik. Şou mövzu oslaydı, bu dəstək verilərdi. Mən əgər Azərbaycanda tanınmış aktrisa kimi, teatr rəhbəri kimi məşhur olmaq istəsəydim, orada qalıb işləyərdim. Amma mənim məqsədim başqa idi, dərdimizi anlatmaq istəyirdim. Türk dünyasının başındakı bəlaları dünyaya çatdırmaq istəyirdim ki. Dünyanın başqa yerlərində də hazırda uşaqlar həlak olur, ona görə də istədik ki, tamaşamız daha böyük bir çevrəyə ulaşsın. Sağ olsun, Aygün xanımın özü, İstanbul Azərbaycan Kültür Evi bu işdə bizə yaxından kömək etdi. İşə başlamışıq, bir ay içində bütün çəkimlərimiz hazır olacaq. Planımız budur ki, bunu İstanbulun bütün ilçələrində səhnəyə qoyaq, hətta İstanbulun xaricində davam etdirək. Dəvətlər, təkliflər var. İstanbul Böyük Şəhər Bələdiyyəsi ilə danışmışıq... Xocalıda qızlarımızın, qadınlarımızın başına gətirilən hadisələri bağışlamaq olmaz. Qadın qisas istəməz, yaxşı deyil, amma torpaqlarımız azad edilməyincə mən rahat ola bilmərəm.
- Kəmalə xanım, siz həm də məşhur Nəbibəyovlar ailəsindənsiniz. İstərdik bu barədə danışasınız.
- Mən çox balaca olanda, nənəm həmişə deyərdi ki, mənim atam bu işləri gördü, Almaniyada təhsil aldı. Hərbçi idi. O vaxtlar bunları dərk eləmirdim. Bir az böyüyəndə, nənəm deyərdi ki, erməni-müsəlman davası olub, atam o vaxtı bu savaşlarda olub. Yenə də söhbətləri anlamırdım. Bir az da keçəndən sonra nənəm deyirdi ki, mənim atamın elə əlyazmaları qalıb ki, xəttini oxuya bilmirəm. Bir az da böyüdüm, xatırlayıram ki, nənəm deyərdi ki, mən canlı tarixəm, biri yazsaydı, danışardım. Təəssüflər olsun ki, mən tam dərk elədiyim yaşda o qadın həyatdan köçdü. Mənim ulu babam Vahid bəy Nəbibəyovdur. Onlar 4 qardaş olublar, ataları Qasım bəy Nəbibəyov idi. Təhsilə önəm verən ailə olublar, fərqli-fərqli ölkələrdə təhsil alıblar. Özüm qohumlarımdan ailəmiz haqqında məlumat toplamağa başladım. Daha sonra ailəmiz haqqında Bəhram bəyin bir kitabı çıxdı. Şəkidə yaşayan jurnalist qohumumuz Murad Nəbibəyov ara-sıra mənə Şəki üsyanı ilə bağlı videomateriallar göndərirdi. Məlumatlanırdım. Daha sonra başa düşdüm ki, məndəki vətən sevgisi haradan qaynaqlanır. Heç kimə Vətən sevgisini zorakı aşılamaq olmur. Sovet dönəmində oxuduğumuz sinifdə ukraynalılar, beloruslar kimi ermənilər də olurdu. Ermənilərdən ikisi məndən arxada, digəri isə yanımda əyləşirdi. Üçüncə sinifdə idik. Bir dəfə bunlar bir-biriləri ilə danışdılar ki, yayda istirahətə hara gedəcəksiniz? Yanımdakı dedi ki, mən Martuniyə gedəcəyəm. Mən də soruşdum ki, ora haradır ki? Dedi ki, Ermənistandır. Dedim harasındadır ki? Dedi, Qarabağda, orada yerləşir. Dedim ki, anlamadım, Qarabağ sizindir ki? Dedi ki, bilmirsən ki, bizimdir? 1980-ci ildən danışıram... Mən onlara uşaq düşüncəmlə Qarabağın bizim olduğunu söylədim. Hələ o zaman onların türkə qarşı düşmənçiliklərini gözlərindən gördüm. Onları beşikdən bizə qarşı düşmənçiliyi, nifrəti aşılayırlar. Biz isə humanist olmağı öyrədirik.
- Teatrla yanaşı film sahəsində də çalışmısınız. İstanbulda davam etdirmək planınız varmı?
- Mənim sənətdə ilk fəaliyyətim poeziyadan başlayır. İlk dəfə Aşıq Ələsgərin Səhnəbanusunu oynamışam. Rus sektorunu bitirsəm də, bunu bacardım. Mənim ilk rejissorum Ələkbər Kazımovski olub, bunu fəxrlə deyirəm. Mənə dedi ki, sən anlayacaqsan bunları? Dedim, təbii ki. Amma anlamırdım. Evə gətirdim, anama dedim ki, tez mənə ədəbiyyat müəllimi tap, bunları anlayım ki, nədən bəhs edir. Məlum oldu ki, söhbət gözəl məhəbbətdən və acı bir həsrətdən gedir. Çox uğurlu alındı. Ondan sonra davam elədim. Azərbaycan televiziyasından tez-tez bədii qiraətçi kimi çəkilişlərdə iştirak edirdim. Dayım, xalq artisti Tələt Qasımov aktrisa olmağımı istəmirdi. Amma sonra bir dəfə bağda məni görəndə qayıtdı ki, “salam. artiska” (gülür). Dedi ki, qəşəng şeir oxuyursan. Türkiyədə film sektoruna gəldikdə isə bu ayın 28-də çəkimlər başlayacaq, məni filmə bəyəniblər. Sosial, kriminal mövzudadır. “Adsız qadın” tamaşasını bitirdikdən sonra Elçin İmanovla birlikdə başqa layihələrə davam eləmək istəyirik. Uşaq tamaşaları ilə də bağlı düşüncələrimiz var. Türk dövlətlərinin nağıllarını burada səhnələşdirmək istəyirik. İstanbulda yaşayan azərbaycanlılara demək istəyirəm ki, gəlin tamaşalarımıza baxın.
- Azərbaycanda indiyə qədər hansı işləri görübsünüz?
- Mənim 10 il Sumqayıt şəhərində öz mədəniyyət mərkəzim olub. 1500 üzvümüz vardı. Dram dərnəyi, vokal, xor qruplarımız vardı. Uşaqlara səhnə danışığı dərsi keçirdik. Rəssamlıq öyrədirdik, sərgilər təşkil edirdik. O vaxtlar Azərbaycanda bu sahələr çox zəif idi. Uşaq xoru təkcə bizdə var idi. Müəllif kimi adım getməsə də, uşaq şeirləri də yazırdım, onları bəstələdirdik. Uşaq teatrı yaratdıq, bir çox tamaşalar səhnəyə qoyduq. Vahid Əzizin yaradıcılıq gecəsini, Cabir Novruzun yubileyini keçirdik. Televiziyalar daimi bizlə əməkdaşlıq edirdi, bizim istedadlı uşaqlarımız həftədə mütləq proqramlarda iştirak edirdilər. Daha sonra uşaq filmlərinin çəkilişlərinə başladıq. Sovet dönəmindəki “Eralaş” kimi qısametrajlı satirik uşaq filmləri çəkdik. Səidə Quliyeva, Naibə Allahverdiyeva kimi tanınmış adamlar rol aldı. Prezident istedadlı uşaqlarla bağlı dövlət proqramını qəbul etdikdən o vaxtkı təhsil naziri Misir Mərdanovla bir layihə imzaladıq. Bütün regionalrda layihəmizi həyata keçirdik. “Dəcəllər” adlı jurnalımız çap olundu. Regionlarımızda yaşayan uşaqlar haqqında yazılar yazıb hazırlayırdıq. Daha sonra mərkəzi QHT-yə çevirdim. Mən hətta küçə həyatına məruz qalmış uşaqları da layihəmə cəlb elədim, onları tipik uşaqlarla birgə çalışdırdım ki, inteqrasiya olunsunlar. Ailələrindən qaçmış uşaqları evlərinə qaytarırdıq. “Adsız qadın”la bağlı Türkiyəyə gələndən sonra bu işləri dondurdum.
- Bütün bunları görərkən dəstək aldığınız kimsələr var idimi?
- 26 yaşımda iki körpə uşağım vardı. Valideynlərim dəstək oldu, ikinci təhsili aldım. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. İlk təhsilim fortopiano üzrə idi. 8 il fortopiano dərsi vermişəm. Musiqi məktəbində muzikl tamaşalar hazırlayırdım. Anam mənə dedi ki, get oxu, mən sənə dəstək olacam. Anam ingilis dili müəllimısi idi. Uşaqlarımla da məşğul oldu. Artıq uşaqlarım böyüyüb, təhsil alıb, ailə həyatı qurublar. Oğlumun gözəl səsi var. Hazırda çox gözəl kameramandır. Mənimlə bərabər çox filmləri montaj edib, hazırda Belorusiyada yaşayır. Atam, anam heç zaman mənə yox deməyiblər, irəli deyiblər. Hətta burada qalmağımda maddi dəstəyi də ailəm göstərir. Bir də mənəvi olaraq İstanbul Azərbaycan Kültür Evi və Qarapapaq-Tərəkəmə Dərnəyi, yəni Borçalı azərbaycanlıları mənəvi dəstək verir, hər zaman çəkilişimizdədirlər. Bacardıqları qədər bizə dəstək olurlar. Burada çox sahədə Azərbaycan kökənli ailələr var. O ailələrdən biri də Murtuza bəydir. Onun oğlu Zəfər bəy hər zaman tamaşalarımıza dəstək olur. Bu ailə bütün Azərbaycan adət-ənənələrini qoruyub saxlayıb.
Dilqəm ƏHMƏD