16 Yanvar 2017 16:17
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tənqidçi, filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri Tehran Əlişanoğlunun 57 yaşı tamam olur. Doğum gününün qabardılmasını xoşlamadığını deyən Tehran Əlişanoğlu yeni yaşını ailəsi ilə birgə keçirəcəyini söylədi.

Teleqraf.com tənqidçiylə müsahibəni təqdim edir:

- Yaşadığınız ömürdən razısınızmı, narazı olduğunuz məqamlar nələrdir?

- Təbii ki, razıyam. Nəyə can atıramsa, onu da əldə edə bilirəm. Maneələri həmişə zəhmətimlə, öz sahəmə – ədəbiyyata bağlılığımla dəf etməyə çalışıram. Bu sahədə heç vaxt ciddi əngəl hiss eləməmişəm. Özümə inanmışam və istəyimə də nail olmuşam. O insanlardanam ki, maneələri, əngəlləri kənarda görmürəm, nə maneə varsa, insanın öz içində, səhvləri və günahı ucbatından olur. Maneələri daha çox iç maneələr kimi görürəm və onları da zaman-zaman aşıram.

- Kimdir ustadınız, uğurlarınızda kimlərə borclusunuz?

- Ustad dediyim ədəbiyyatın özüdür, ədəbiyyatın genişliyi, zənginliyidir, klassiklərdən günümüzə qədər ədəbiyyatı yaşadanlardır. Kimdənsə, nədənsə öyrənirəm. O yaşda deyiləm ki, deyim, bu mərhələdə filankəsdən nümunə götürdüm. Bütövlükdə ədəbiyyata borcluyam.

- Bir vaxtlar ədəbi mühitdə geniş əks-səda doğurmuş Proza N hekayə müsabiqəsi keçirirdiniz, onun davamı niyə olmadı?

- Bizim Azərbaycan ədəbi internetinin əsasını qoyan “YeniSi” deyilən təşkilatımız vardı. Sözsüz ki, indiki dövrdə maliyyə olmadan hərəkət etmək olmur. 2002-2005-ci illərdə bu təşkilat kifayət qədər uğurlu fəaliyyət göstərdi və ilk yaddaqalan müsabiqələrdən biri olan Proza N müsabiqəsi keçirildi. İlk özəl müsabiqə idi ki, kənardan sponsor tapmaqla keçirmişdik. Bu təşkilatın yaradıcıları Məqsəd Nur və mən idim. Hərəmiz öz fəaliyyət sahəmizdə daha gərgin çalışdığımıza görə bu sahəni kifayət qədər inkişaf etdirmədik, çoxlu yeni alternativ yaradıcı təşkilatlar yarandı və gördük ki, daha gənc nəsildə olanlar bizim gördüyümüz işi görürlər. Görünür, biz də tarixiləşdik, bu gün o sahədə o qədər də aktiv deyilik. İkinci Proza N müsabiqəsini keçirmək üçün o zaman maliyyə imkanımız olmadı. Sonra qeyd etdiyim kimi yeni dövr gəldi, fəaliyyətimiz başqa sahələrdə oldu və “YeniSi” tarixiləşdi.

- Tənqid.net jurnalı çıxarırdınız, amma son vaxtlar jurnalın dərci səngiyib...

- 2006-cı ildən etibarən Tənqid.net jurnalını buraxmağa başladım və bu günə kimi çıxır. Əslində, rəsmən jurnal mövcuddur. Özəl jurnaldır, ildə bir dəfə 456 səhifədən ibarət qalın say çıxarıram. Hər sayı hazır olandan sonra maliyyə tapılmalıdır ki, jurnal çıxsın. O baxımdan son 2 ildə jurnalın təzə sayı görünməyib. Ancaq bu, o demək deyil ki, jurnal bağlanıb.

- Son vaxtlar ədəbiyyata maraq qatmaq üçün müxtəlif kitab aksiyaları, kampaniyalar keçirilir. Oxucuların səviyyəsini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, indi oxucunun ən fəal olduğu dövrlərdən biridir. Yenidən yaradıcılığın zənginləşməsi, çiçəklənməsi dövrünü yaşayırıq. Sadəcə olaraq, oxucu həddən artıq fərqlidir. Hər bir ədəbiyyatın, hər bir mətbuatın, ədəbi orqanın öz oxucusu var. Sadəcə olaraq, oxucu fərqlidir: kütləvi və elit oxucular var. Sözsüz ki, bunlar bir-birindən fərqli olmalıdır. Ümumən səviyyəyə gəlincə, müxtəlif mərtəbələr var, ən yüksək səviyyəli ədəbiyyatın da oxucusu var, hər şeyə maraq göstərən kütləvi oxucu da.

- Bu gün diqqətinizi daha çox hansı gənc yazarlar çəkir?

- Kimin perspektivi olduğu məsələsini demək çətindir. Perspektivi olanlar barədə yazılar yazıb, yazımızda göstəririk. İki daş arasında adlar, imzalar çəkmək fikrində deyiləm, sadəcə, izləyirəm, Ədəbiyyatımızın çiçəkləndiyi dövrlərdən biridir və naümid olmağa yer yoxdur.

- İstər Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki, istərsə də özəl ədəbi dərgi və nəşrlərin səviyyəsindən razısınız?

- Elə bir çoxsəsli, plüralistik dövrə çıxmışıq ki, istər dövlət dəstəyi, istərsə də əlavə maliyyə ilə ən müxtəlif jurnallar çıxır. Sözsüz ki, əlavə maliyyəni tapmaq çətindir, ancaq mənə tanış olan son ədəbiyyat dərgilərinin hamısında zamanın çoxsəsliliyini görürəm. Onları mənfi baxımdan fərqləndirmək olmur. İstər “Ulduz”, istərsə də “Azərbaycan”, özəl çıxan “Yazı”, “Ustad”, “Avanqard” ədəbi dərgiləri, “Ədəbiyyat qəzeti” ən müxtəlif şəkildə ədəbi prosesi əks elətdirirlər. Zamanın tempini hərəsi özünəməxsus şəkildə tutmağa çalışır, bu jurnallarla bağlı elə bir maneələr görmürəm.

- Elmi və pedaqoji fəaliyyətiniz nə yerdədir?

- AMEA-da ədəbiyyat İnstitutunda çalışıram, müstəqillik dövrü ədəbiyyat şöbəsinə rəhbərlik edirəm, əsas iş yerim buradır. Kifayət qədər ali məktəbdə pedaqoji təcrübəm var, tələbələri çox sevirəm, onlardan ayrı düşə bilmirəm deyə əlavə olaraq Bakı Slavyan Universitetində, Bakı Qızlar Universitetində dərs deyirəm.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər