Ötən həftə Musiqili Teatrda qalmaqallı “Arşın mal alan” tamaşası yeni heyətdə təqdim olundu.
Belə ki, tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev “Arşın mal alan”ın yeni redaksiyada hazırlanması barədə ən sonda məlumatı olduğunu və onun taleyindən narahatlıq keçirdiyini Teleqraf.com-a açıqlamasında bildirmişdi.
Məsələ ilə bağlı teatrın mövqeyini öyrənən zaman mətbuat katibi Samir Sədaqətoğlu bildirmişdi ki, Musiqili Teatrın qapıları hər zaman hamı kimi dostumuz Elvin Mirzəyevin də üzünə açıqdır: “O gəlib bərpaçı rejissora kömək etsə, gənclərin nəzərdə tutulan rollara hazırlanmasında iştirak eləsə, daha yaxşı olar”.
Baş verən sonrakı proseslərlə bağlı Teleqraf.com-un suallarını Elvin Mirzəyev cavablandırıb.
-Teatrın mətbuat katibi Samir Sədaqətoğlu bizə açıqlamasında sizi teatrda dəvət etdiyini bildirmişdi. O açıqlamadan sonra teatra gedib, danışıqlar apardınızmı?
-Teatra getdim və çox təəssüf doğurucu mənzərə ilə qarşılaşdım.
-Niyə?
-Direktor Əliqismət Lalayev məni teatrın direktor müavini Elxan Ocaqovun kabinetində, elə Elxan Ocaqovun iştirakı ilə qəbul etdi. Danışıq zamanı məlum oldu ki, mənim quruluşçu rejissoru olduğum tamaşamın bir sıra məqamlarında rejissor yozumunda direktorun təkidi ilə bərpaçı rejissor tərəfindən dəyişikliklər edilir.
Mən öz iradlarımı direktora bildirəndən sonra cənab Əliqismət Lalayev mənə dedi: “Teatrın direktoru mənəm, tamaşanın bədii rəhbəri mənəm – odur ki, hansı dəyişikliyi istəyirəm onu da edə bilərəm. İstəyərəm başqa rejissora müraciət edərəm”.
Əlbəttə, tamaşa hazır olmasaydı, quruluş verilməsəydi, başqa rejissora müraciət edə bilər. Məndən əvvəl də “Arşın mal alan” yüzlərlə quruluşda olub. Amma mənə müraciət ediləndə o tamaşalar artıq mövcud deyildi. Tamaşa Bədii Şura tərəfindən o quruluşda təsdiqlənibsə və direktorun özünün də iştirakı ilə mənim quruluşum, rejissor yozumum qəbul edilibsə, o zaman yeddi il keçəndən sonra hansı şuranın qərarı ilə və nə səbəbdən mən tamaşanın bərpasına buraxılmıram? Hər halda, teatr dövlət müəssisəsidir və şəxsi şirkət deyil ki, direktor Əliqismət Lalayev istədiyi zaman artıq təsdiq olunmuş quruluşa istədiyi müdaxiləni edib, istədiyi rejissoru dəvət edib, onu çıxarıb digəri ilə əvəz etsin.
Tamaşanın yeni redaksiyada təşkili rejissor vəfat edəndən sonra mümkün olur. Mənsə heç də uzaqda, xarici ölkədə deyiləm, teatrın yaxınlığında yaşayıram, dəfələrlə başqa məsələlərdə belə məhz direktorun xahişlərinə təmənnasız əməl etmişəm, o səbəbdən tamaşanın bərpası üçün əlimdən gələni etməyə hazır idim.
Mən belə başa düşdüm Musiqili Teatrın rəhbərliyi yaradıcı heyətin hüquqlarının sərhədlərini tanımır, yaxud özü istədiyi halda tanımaq istəmir.
Bütün dünyada müəllif hüquqları deyilən bir anlayış və rejissor yozumunun toxunulmazlığı hüququ mövcuddur, hansısa dəyişikliklər edildiyi halda, bu məsələ, hər iki tərəfin dəyişiklik təklifi olarsa, rejissorla razılaşdırılır, razılaşdırılmadığı halda teatr yeni quruluşa qərar verir. Bu zaman bağlanan tamaşanın heç bir atributu təkrarlanmamalıdır.
Tamaşa getdiyi müddətdə böyük uğurla nümayiş olunub. Teatr təmirdən sonra daha yaxşı texniki təchiz edilib. O səbəbdən tamaşanın daha da effektli olması üçün bütün zəmin var. Mən bir sıra texniki məsələlərin əməl olunmamasına dair soruşanda qənaətbəxş cavab ala bilmədim. Direktorun son cavabı isə lap acınacaqlı idi: “Mən, ümumiyyətlə, sənin adını tamaşadan çıxardıram, hara da istəyirsən get, şikayət elə! Bax, kimdir indi səni irəli çəkən? Heç kim!”
Direktorun digər hədələrini indi sadalamaq istəməzdim.
Mən adi vətəndaşam, mənim üzərimdə özünü təsdiqləmək nə dərəcədə etika qaydalarına uyğundur? Məmur niyə yaradıcı bir adamı bu qədər sıxmalıdır?
Mən dəfələrlə müxtəlif beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmişəm. Müxtəlif mükafatlar almışam. İndi rejissor olaraq, fantaziyamın, işləmək əzmimin ən parlaq dövrünü yaşayıram.
-Martın 10-da sizin rejissoru olduğunuz “Arşın mal alan” tamaşası yeni redaksiyada nümayiş olundu. Tamaşaya baxa bildinizmi?
-Bəli, tamaşanı izlədim. Hər şey düşündüyüm və gözlədiyim kimi oldu. Başqa cür də mümkün deyil. Mən də kiminsə işinə müdaxilə etsəydim, belə olardı.
-Tamaşa təhrif olunsa məhkəməyə müraciət edəcəyinizi demişdiniz.
-Mədəniyyət və turizm nazirinə məktub yazmışam, cavab olmasa, məhkəməyə müraciət etmək qərarındayam.
Məni narahat edən yalnız tamaşanın aqibəti, onu müdafiə etmək istəyidir. Vicdanım qarşısında, torpağında yaşadığım, suyundan içdiyim vətən qarşısında, böyük ya kiçik, fərq etməz, auditoriya qarşısında dürüst olmaq, məncə, ən düz yoldur.
Nərmin Muradova