Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu münasibətlə mayın 31-də Beynəlxalq Muğam Mərkəzində təntənəli yubiley tədbiri keçiriləcək.
Tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Tədbir çərçivəsində qonaqlara konsert proqramı təqdim olunacaq.
Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi yad olunan Almas İldırım özünəməхsus, poetik tərzi ilə hər zaman diqqəti çəkib. 6 il sürgün və qaçaq həyatı yaşayan Almas İldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb, yaradıb.
Şairin bir çox şeirləri, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən “Əsir Azərbaycanım” şeiri dillər əzbərinə çevrilib.