Teleqraf.com xəbər verir ki, sənət adamları onun ailəsinə baş sağlığı verərək, son ürək sözlərini ifadə etməyə çalışıblar.
Afaq Şıxlı:
Dost itkisi yaman olur. Hələ qərib ellərdə... Yaxşıların sürətlə yox olduğu zamanda daha bir gözəl insanı itirdik. Allah sənə rəhmət eləsin!
Mən rusların ağlamağını, hönkürməyini ilk dəfəydi görürdüm. Öz simanda xalqının incəsənətini, musiqisini, adətlərini bu qədər necə sevdirmişdin, Mərdan müəllim?!
Bizi "Gülüstan"a, "Arşın mal alan"a, "Leyli və Məcnun"a, gözəl səhnə quruluşlarına həsrət qoyub Vətənə xoş getdin, dəyərli insan! Yerin cənnət olsun!
Murad Nəbibəyov:
Ürəyi daim Azərbaycanla döyünən qardaşımız, Allah sənə rəhmət eləsin. Ruhun şad olsun.
Əbülfət Salahov:
“Vaqif” tamaşasını hazırladığı qısa bir müddətdə, əsl rəhbər kimi hamı ilə dostlaşdı, ətrafına topladı. Bu gün isə hamını tərk elədi… Çətin barışaram.
İlqar Orucov:
Şəkinin tarixinə adı qızıl hərflərlə yazılmış insan… Bu hər adama nəsib olmur. Allah Mərdan müəllimə rəhmət eləsin.
Novruz Cəfərov:
Axırıncı dəfə bu ilin may ayında Türkiyənin Merzifon şəhərində teatr festifalında görüşdük... Bir həftə yedik, içdik və dərdləşdik... Mərdan Şəki teatrında həm mənim səhnədə partnyorum, həm də "Sən Qara deyilsən" (Ə.Nesin), "İblis" (H.Cavid), "Dar ağacı" (B.Vahabzadə), "Təhminə ve Zaur" (Anar), "Ustad ve Marqarita" (Bulqakov) və bir çox başqa tamaşalarda rejissorum oldu. "İblis" tamaşasını Moskvaya qədər apardı... Bir dost, bir yoldaş və həm də bir rejissor kimi onu unutmaq mümkün deyil... Allah rəhmət eləsin...
"Mədəniyyət millətləri birləşdirən körpüdür" deyən və özünü sözün əsl mənasında körpü edən böyük rejissorla vida mərasimində hər kəs sadəcə "Bizi bağışla" deyə nalə çəkib.
Qeyd edək ki, rejissorun son paylaşımları ölümündən bir qədər əvvəl “Ayrılıq” və “Yada sal məni” mahnıları olub.
Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev 2017-ci il avqustun 13-də ömrünün 58-ci ilində vəfat edib. Onun nəşi Moskvadan Şəkiyə gətirilib. Mərhum bu gün saat 14:00 radələrində doğma yurdu Kiş kəndində torpağa tapşırılacaq.