Tamaşaçılar zaldan ağlayaraq çıxacaq. Düzdür, mən bunu bir dəfə də “Qayıdış” filminə görə demişdim. Amma o vaxt dram janrına qarşı Azərbaycan tamaşaçılarında inam yox idi.
Mən bu janrda film çəkən ilk rejissor idim. Lakin yenə də filmə baxışdan sonra xadiməçilər yerdən popkorn yox, salfet yığırdılar. Bu dəfə ondan da betər olacaq.
Bu sözləri “Gecə qonağı-2” filmini təqdim etməyə hazırlaşan rejissor Kənan Mahmudov Teleqraf.com-a açıqlamasında deyib.
O, filmə baxmağa gələnlərə dəsmalsız girişi qadağan edib: “Bu, zahirən xoşbəxt görünüb, daxilən bədbəxt olan qadınların filmidir. Səbəbkar da bəzi kişilərdir. Bunu gizlətməyin mənası yoxdur. Ona görə düşünürəm ki, “Gecə qonağı-2” filmini daha çox qadınlar izləyəcək.
Bilirəm ki, komediya filmləri qədər yüksək baxış sayı olmayacaq. Çünki bu, ciddi filmdir, boşlar üçün yox, başlar üçündür.
Pərvin xanımın obrazı digərlərinə nisbətən professional baxımdan çox irəlidədir. Bunu zatən oktyabrın 2-dən etibarən özünüz də hiss edəcəksiniz. Hə, bir də ki, sonra demədi deməsinlər: Dəsmalsız giriş qadağandır”.
Qeyd edək ki, “Gecə qonağı -2" filminin musiqi və görüntü rejissoru Türkiyədən gəlib. İdeya İlqar Fəhmiyə, ssenari və rejissor işi Kənan M.M-ə məxsusdur.
Baş rolda aktrisa Pərvin Abıyeva və rejissorun öz oğlu Hüseyn Mahmudov çəkilib.
Film oktyabrın 2-dən kinoteatrlara çıxacaq.