Teleqraf.com-un “Portret” layihəsində Həmid Herisçi mərhum Heydər Camal haqqında danışır.
– Həmid bəy, Heydər Camal haqda söhbətə necə başlayaq, bilmirəm...
– İki səmanın qartalı idi o. Özü bu ifadəni çox sevər, vaxtı düşərkən daim təkrarlardı. Yəni təkcə fiziki dünyanın deyil, o biri – metafizik aləmin də uçan qartalı bilərdi özünü. Deyərdim müəyyən mənada iki aləmi bir etmiş nadir şəxsiyyətlərdəndi o. Mənim də qayəm budu: iki aləmi bir etmək. Bu vəzifəni Heydərdən təhvil aldım.
– İlk görüşünüzü necə xatırlayırsınız?
– İlk görüşümüz 80-ci illərin əvvəlində Moskvada – “Kaşirskaya” metrosunun dərinliklərində baş tutdu. Dedilər, bəs orda sizi bir nəfər görmək istəyir. Görüşdük. Heydər Camal o vaxt ən barışmaz Moskva, SSRİ nonkomformistlərindən idi. “İstiqamət Şimal” adlı əlyazması təzəcə Moskva dissedentləri arasında əldən-ələ gəzirdi. Əsər SSRİ-də yazılmış ilk metafizik kitabdı. O, burda fizika arxasında gizlənmiş metafizik aləmin dəqiq çərçivələrini cızmış, həm də ən vacibi gender bölgüsü aparmışdı. Deyirdi ki, bütün adi linqvistik dillər qadın mənşəlidi.
– Bunu necə sübut edirdi?
– Sübutu sadə idi: uşaqlara dili məhz anaları, yəni qadınlar öyrədir. Çində, Vyetnamda indi də sırf qadınlara məxsus gizli “qadın dili” var. Bu dildən isə kişilər indiyədək tam məlumatsızdırlar. Heydər Camala görə kişilər danışmırlar.
– Bəs nə edirlər?
– Kişilər ancaq fikirləşirlər. Yəni Heydərə görə kişilər telepatik, laldili danışırlar. Qadınlar isə bunun tam əksinə söz xırdalayırlar həmişə. Heydərin bu fikri ilə indi də razıyam, o vaxt da razıydım. Metro keçidində bu qənaətimi Heydərə deməyim onu çox sevindirdi. Əlavə etdim ki, Çingiz xan ordusu döyüşdən üç gün əvvəl hər cür danışmağı yasaq edirmiş. Əsgərlər ancaq rəmzlər, işarələr vasitəsi ilə bir-biri ilə danışırmışlar. Heydər bu qənaətimi çox bəyəndi. Dedi, bütün bunlar onu bir daha inandırdı ki, linqvistik dil qadınlara məxsusdu, rəmzlər, işarələr isə kişilərə. Telepatiya da həmçinin. Bəs biz gərək mütləq bunun praktikasını yaşayaq. Bəs orduda bunun güclü əhəmiyyəti mövcuddu. Ən vacibi: indi tam unudulmuş telepatik kişi dilinə gərək mütləq yiyələnək.
– Metroda görüşüb nə danışdınız, hara getdiniz?
– Qısası, söhbətimizin şirin vaxtında gözümü açıb gördüm artıq Heydərin “Kaşirskaya” metrosu tərəfdəki ata evindəyəm. Heydərin atası Cahad kişi peşəkar rəssam idi. Marşal Jukovun şəxsi rəssamı kimi o, müharibəni düz göbəyindən - ordu qərargahından izləmişdi. Mənzili saysız hərbi alman qənimətləri ilə doluydu. Prussiya qəsrlərindən gətirilmiş bir qənimət məni anında valeh etdi. Bu, maral buynuzlarından quraşdırılmış nəhəng cəngavər kreslosu idi. Heydər Camal evə girincə gedib oturdu bu heyrətamiz amanatın üzərində. Daha yerini dəyişmədi. Bu qənimət üzərində əyləşmiş Heydərin siması həmişəlik yadddaşıma həkk edilib. Heydərin ilk fotosunu bu cür qəlbimə həkk etmişəm. Sonralar öyrəndim ki, Moskva anderqraund filosoflarından Sergey Qolovin, Aleksandr Duqin, habelə bir çox başqaları məhz bu kreslo qarşısında saysız imtahanlara məruz qalıblar Heydər tərəfindən.
– Necə yəni saysız imtahanlara məruz qalıblar?
– Yəni məhz bu yadigarın qarşısında çox qəliz sualları cavablandırıblar.
– Siz də orada imtahana məruz qalmısınız?
– Elə mən də, gördüyümüz kimi bu SS yadigarı qarşısında dayanıb bəzi suallara o vaxt cavab vermişəm. Bu sual-cavabdan sonra əlaqələrimiz çox gücləndi. Artıq Heydər Moskvada tək-tənha deyildi sanki. Artıq mənim kimi soydaşı da yanındaydı.
Heydərin bir başqa ünvanı “Ostojenka” metrosu tərfdəki ana evindəydi. Tezliklə mən burda da Heydərin qonağı oldum. Əksər Moskva ziyalıları bu ünvandan keçiblər. Aralarında kimlər yox idi o vaxtlar... İndi bu şəxslər Rusiyanın bir saylı nüfüz sahibləridirlər. Hamısı da, bəli, məhz Heydərin şinelindən çıxıblar. Sonralar bu siyahıya Maksim Şevçenko, Yelena Vitexnovskaya kimi yüzlərlə digərləri qoşuldu. Yəni Moskvada Heydərin qapısından keçmədən, çayını içmədən nüfuz sahibi olmaq mümkün deyildi. Aleksandr Duqin - Kremlin bir saylı çağdaş ideoloqu məhz Heydər məktəbinin yetirməsidir. Metafizikanı, irfanı, konspirologiyanı, Rene Genon əsərlərini o, məhz bizim Heydərdən öyrənmişdi o vaxtlar.
Bu gün həmin ideologiya Aleksandr Prokopenkonun televerilişlərində bütün dünyaya yayılır. Dönüb sanki Kremlin ideologiyasına. O vaxtlar isə bu, sadəcə bir anderqraund havası, dünyasıydı, vəssəlam. Sevinirəm ki, vaxtilə bunun canlı şahidi olmuşam Moskvada.
– Bəs onun Azərbaycana münasibəti necə idi?
– Heydərin bizə, Azərbaycana münasibəti çox romantik idi. Elə bu cür də ömrünün axırınıcan romantik olaraq da qaldı. Bakı bağlarını, Xəzəri çox sevirdi o.
– Sizi nə birləşdirirdi?
– Heydər ilə çox güclü mistik praktika keçmişəm. Misal üçün dərviş çiləxanalarını, mənbəyi bilinməyən nur nümunələrini, ecazkar insanları, müxtəlif artefaktları tapınca bu barədə mütləq Heydərə xəbər verərdim. O da təmbəllik etməz, özünü Xəzər sahillərinə çatdırıb dediklərimi saf-çürük edərdi. Bir dəfə mənə dedi ki, əgər biz əsl möcüzə tapmasaq, möcüzəli bir artefakt qeydə almasaq, heç nə, demək, ömrümüzü boşuna yaşamışıq.
Eşitdiyimə xeyli həyəcanlandım. Özümdən ixtiyarsız getdim İsmayıllı dağlarına. Orda qəfildən əsl möcüzə aşkarladım. Bu, meteoritdən tökülmüş dördmərtəbəli səkkizbucaqdı. Ona elmdə “oktaqon” deyirlər. Azərbaycanın səkkiz bucaqlı rəmzi də bu sıradandı. Tapıntımı Heydərə deyincə o Bakıya cumdu. Hə... bu, bəli, əsl möcüzə idi mənim üçün.
– Xaraktercə necə insan idi? Sadə, mehriban... Yoxsa sərt, qaraqabaq?
– Çox zarafatcıldı. Şən, gülərüz. Şəxsi məsələləri, xəstəliyi barədə heç kimə heç nə deməsə də, mənə bu sirri açdı. Dedi, az qalıb. Şükür, tezliklə bu fani aləmdən köç edəcəm. Şükür, Allah məni öz yanına çağırır... Ölümünə, belə deyək, bir özü sevindi bərk. Bir də qatı düşmənləri.
– Haqqında məlumat verilir ki, Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, bir il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. Söhbət hansı siyasi motivlərdən gedir?
– İnstitutda bir ağzıgöyçək tələbə – “atanın gül balası”, necə deyərlər, Heydərin azərbaycanlı mənşəyini söyəndə o, dinc durmur. Yumruqlarını işə salır. Nəticədə Heydər bu elit təhsil ocağında uzaqlaşdırılır...
– Bəs sonra nə olur?
– O, üz tutur Pamir zirvələrinə. SSRİ alpinist komandasının tərkibində saysız qarlı zirvələri fəth edir. Ayda 80-100 rubl maaş alır buna görə. Ancaq xahiş edirəm Heydər Camalı, Aleksandr Duqini elə nonkomformist kimi qəbul etməyəsiz. Onaların həmişə Kreml ilə öz şəxsi, özəl münasibətləri vardı. Yadımdadı, Kreml düyünə düşəndə həmişə bu cütlüyə müraciət edərdi. Müşkülləri həll etməkdə Heydərdən başqası yoxdu. Misal üçün, 1945-ci ildə Stalin Berlini fəth edərkən ordan Moskvaya hərbi qənimət kimi “Ananerbe” adlı mistik bir institutun arxivini gətirmişdi. Fəqət heç kim bu sənədlərdən baş çıxarmırdı. Sergey Qolovin, Aleksandr Duqin, Heydər Camal şeytanın qıçını qıraraq o məxfi arxivlərə girdilər. Bu işdə onlara Duqinin atası - QRU generalı Qeliy Duqin bərk kömək etdi. O vaxt bu dostlar bərk şuluq idilər. Moskva ətrafındakı KQB generallarının bağ evlərini ərkyana dağıdıb qarət edirmişlər. Göz dağı verirmişlər KQB genrallarına. Bir gün dostlar bərk ilişirlər. Duqinin general atası o vaxt Heydərgilə bərk kömək edir. Yumşaq psixi pozuntu qeyd edir bu dəstədə. Deyir, qoy bu ağllı uşaqlar gedib SS arxivlərini öyrənsinlər. Cəza olaraq Heydər bu arxivlərə göndərilir. Nəticədə o, Duqin ilə birgə böyük bilik sahibi olur orda. Almancasını yaxşıca itiləyir. Dönür məxfi, mistik elmlər üzrə bir saylı mütəxəssisə.
– Danışdınız ki, o, Moskvada nonkonformist andeqraund hərəkatının liderlərindən birinə çevrilmişdi. Yəni antisovet idilər?
– Yox, onlar antisovet deyildilər. Sadəcə, fərqli düşünürdülər. Mistik düşünürdülər. Buna görə Duqin ilə Heydərin başı bərk ağrayıb həmişə.
– Ümumiyyətlə, Heydər Camalın apardığı mübarizələrin, fəaliyyətinin əsas qayəsi nədən ibarət idi? Nə istəyirdi?
– O, çox düzgün reseptlər verərdi öz sifarişçilərinə. Misal üçün, bir dəfə çox yuxarılardan kimsə – bəlkə Putin – özünü nişan vermədən Heydərdən xəbər alır: “Bu Gütcüstan nədi belə? Mənası nədi? Hardadı onun Axilles dabanı?”
Heydər, - bir Allah şahiddi buna, bir də mən, - qəşəng cavab verir bu suala. Deyir, bəs “Gürcüstan həmişə yadelli qüvvələri Qafqaza dəvət edib. Əvvəlcə qıpçaqları dəvət edib Gürcüstana. XII əsrdə məhz bu siyasətlə bölgədə öz nüfuzunu artırıb. XIX əsrdə rusları, ikibaşlı çar qartalını gətirib Qafqaza. İndi də bu qədim ənənəsini davam etdirərərk ABŞ-ı gətirib Qafqaza”.
Gördüyümüz kimi, geopolitika elmini bir o yaxşı bilirdi müasir Rusiyada, bir Aleksandr Duqin. Gürcüstanın portretini, siyasi taleyini bu dostlar çox düzgün cızmışdılar öz tədqiqatlarında. Məsələnin əvvəl metafizik məzmununu açmışdılar, sonra fiziki mənasını. Qısası, şah sifarişlərini qəşəng yerinə yetirirdi o.
– Dini dünyagörüşünüz üst-üstə düşürdümü?
– Heydər Camal ağzı dualı idi həmişə. Daim daxilində müxtəlif dualar pıçıldayardı. Dindar deməzdim ona. O, mistik idi. Əsl ciddi mistik. Özü demişkən, “mist bir gün mütləq misterə, masterə çevriləcək”. O təcrübəni indi mən yaşayıram.
– Onun Azərbaycanda yaxın dostları başqa kimlər idi?
– Onun Heydər Əliyev ilə görüşlərini özüm təşkil etmişəm vaxtıyla. Kənarda durub bu hər iki Heydərimizin söhbətlərini dinləmişəm. Qəribə təcrübə, inanılmaz xatirələrdir bütün bunlar. O, Bakıya çox vaxt öz dəyərli adaşının dəvəti ilə gələrdi.
– Maraqlıdır, ilk görüşlərinizdən başqa hansını xatırlayırsınız?
– İlk görüşlərimizin birində Heydərin bağ evinə getdim. Moskva ətrafındakı Valentinovka kəndində məni ağacdan tikilmiş sırf rus koması qarşıladı. Həyətdə qara bir köpək vardı. Heydərin anası “Mosfilm” kinostudiyasında heyvanxana rəhbəriydi. Çəkilişlərə gedəcək heyvanları hazırlayıb kodlayar, rejissorlara təqdim edərmiş. Heydər “Reks” adlı qara itini məhz bu cür kodlaşdırmışdı. Mənə iti göstərib dedi ki, kişilərin telepatik dilini heyvanlar çox yaxşı bilir. Gəl bu dili sənlə mükəmməl öyrənək. Telepatiyanın tam sahibi olaq bu dünyada.
Beləcə, sırf rus komasında saatlarla azərbaycanca danışardıq. Çox qəribə mənzərə idi bu: rus koması və azərbaycan dili.
– Həmid bəy, Heydər Camalın hansı xüsusiyyətlərini özünüzdə görmək istərdiniz?
– Dözüm. Zarafatcıllıq. Saysız fövqəlhislər. O fövqəlinsandı. Hitler Almaniyasının mövzu ətrafındakı müvafiq araşdırmalarını şəxsən özü oxumuşdu. Dönmüşdü fövqəlinsana. Bunu özüm üçün də arzulardım.
– Bəs son görüşləriniz necə oldu?
– Ölümü müəmmalıdır. Son iki-üç ildə az görüşürdük. Hər gün telefonla danışsaq da, Heydər xəstələnəndə buna ara verdik. Hiss edirdim ki, Allah ilə o tək danışmaq istəyir. Dedim, birdən mane olaram ona. Azca kənara çəkildim. Bir gün darıxdım lap. Feysbukda bir status bölüşdüm: “Dostlarsız yaşamaq dövrü başladı”. Arvadı Gülnar mənə dedi ki, Heydər sənin bu ifadəni oxuyub bərk kədərləndi. Dedi, həəəə, elədi... Az sonra gözlərini əbədi yumdu.