28 Mart 2018 09:00
5 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə bir deyim var: Qadınlar depressiyada olanda acıqlarını saçlarından çıxırlar. Məndə də belə bir dönəm oldu. Saçımı dibindən kəsdirmək istədim. Ancaq yaxınlarım müdaxilə etdi.

Bu sözləri Teleqraf.com-a "Xalq ulduzu-3" yarışmasının 3-cüsü olan, sonralar müğənnilikdən uzaqlaşan Mehin Hümbətova deyib. Müsahibəni təqdim edirik.

- Mehin xanım, hər kəs yaşamağa bir yerdən başlayır, siz hardan başlamısız?

- 11 il Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil almışam, Bakı Musiqi Akademiyasını bitirmişəm. Özümü tanıyandan musiqi ilə məşğulam. Yəni bu sahəyə məşhur olmaq, tanınmaq üçün, birdən-birə atılmamışam.

- Ancaq sanki son zamanlar musiqidən də uzaqlaşmısız. Halbuki tamaşaçılar sizi müsabiqələrdən tanımışdı.

- Əslində çalışıram ki, gündəmdə və göz önündə olmayım. Çünki nə qədər gündəmdə, göz önündə olursansa, haqqında o qədər lazımsız söz-söhbətlər olur. Səhnənin önündə yox, arxasında olmağı seçmişəm. Geriyə atdığım addımlara görə o qədər qəti qərarlıyam ki, yenidən musiqiyə qayıtmaq haqda düşünmürəm.

- 11 illik musiqi təhsili üstə gəl ali təhsil. İnandırıcı deyil ki, musiqidən tamamilə uzaqlaşasız. Yəqin ki, gözdən uzaq yerlərdə kimlər üçünsə oxuyursuz.

- Dost-tanışlar da, qohumlar da xasiyyətimi yaxşı bilir. Heç bir məclisdə oxumuram. Amma bəzən içim dolur, oxumaq istəyirəm. O zaman gedirəm karaoke kluba, qapını arxadan bağlayıb doyunca oxuyuram.

- Sosial şəbəkələrdəki passivliyinizin nədən irəli gəlir? Əvvəllər daha aktiv idiz.

- Doğrudur, bir vaxtlar sosial şəbəkələrin aktiv istifadəçisi idim. Ancaq sonra gördüm ki, şortikdə şəkil paylaşıram, izləyicilər bunu birmənalı qarşılamır, onlardan ilhamlanan saytlar da bunu mövzu edib yazırlar ki, müğənni Mehinin geyimini tamaşaçılar bəyənmədi. Yəni reytinq xətrinə bu cür lazımsız yazılar yazırdılar. Ona görə də həm səhnədə olmadığım üçün, həm də adım müğənni kimi hallanmasın deyə, bir kənara çəkilmişəm. Göz önündə olan adamların əskisi tüstülü olur.

- Sizdə depressiya əlamətləri də var...

- Belə bir deyim var: Qadınlar depressiyada olanda acıqlarını saçlarından çıxırlar. Məndə də belə bir dönəm oldu. Saçımı dibindən kəsdirmək istədim. Ancaq yaxınlarım qoymadı. Anamın təkidi ilə fikrimdən daşındım.

- Adətən qadınlar bu addımı sevdiklərindən ayrılanda atırlar.

- Yox, mən sevgilimə görə depressiya yaşamaram. Bir müddət gərgin oluram, işdə stres olur, görürəm ki, sakitləşmək üçün nəsə etməliyəm, köməyimə saçlarım çatır.

- Bacınız Günel Hümbətova aparıcılıqla yanaşı, həm də bloggerliyə başladı. Sizin də həvəsiniz varmı?

- Bloggerlik boş vaxtlarda mümkündür. Mənim isə boş vaxtım olmur. Səhər açılandan gecəyə qədər işdə oluram. Açığı heç həvəsim də yoxdur.

- Sirr deyilsə, harada işləyirsiz?

- Sirdir...

- Bu sual ordan qaynaqlandı ki, bəzi sənət adamlarından fərqli olaraq, siz ölkədə baş verən hadisələrə dərhal reaksiya verirsiz. Bir növ, öz mövqeyinizi nümayiş etdirirsiz. Xüsusən də qadınlarla bağlı mövzularda.

- Mənə elə gəlir ki, həyatda ən təhlükəli insanlar mövqeyi, məqsədi olmayan insanlardır.

Bir məsələyə toxunmaq istəyirəm, ancaq bilirəm ki, oxucular bunu müsbət qarşılamayacaq. Şəhərdə böyüyən insanların tərbiyəsi, əxlaqı tamam başqa cür olur. Sonradan təhsil almaq, işləmək məqsədi ilə Bakıya gələnlər isə şəhər ab-havasına düşəndə eyforiyaya qapılırlar. Belə adamlar daha kobud olurlar. Başlayırlar deyinməyə ki, filankəsin qızı şortik geyindi, deməli, o qız... Filankəsin oğlu dar geyindi və s. Cinayət hadisələri də rayonlarda daha çox olur. Bunların kökündə isə təhsil durur. Təhsilsiz, dünyagörüşü olmayan insanlar ətrafa ancaq və ancaq aqressiya saçırlar. Heç olmasa il ərzində bir dənə kitab oxusunlar. Hər şeyə - çayxanaya getməyə, nərd, domino oynamağa vaxt tapırlar, bircə kitab oxumağa vaxtları olmur.

- Belə başa düşdüm ki, sosial şəbəkələrdən uzaqlaşmağınızın bir səbəbi də bu tip insanlardır. Onların müzakirələri yorub sizi.

- Əlbəttə. Görürlər ki, hansısa müğənni bahalı geyimdə, bahalı məkanlardadır, o həyatı yaşaya bilməyənlər o dəqiqə qəzəblə şərh yazırlar. Heç müğənni deməyək, hər hansı bir milyonçunu deyək, girib yazırlar ki, haram pullarla yaşayırsan. Ay əzizlərim, siz də nəsə edin də. O milyonçunun etdiyinin yarısı qədər nəsə etmisizmi ki, hələ müzakirə edə edirsiz? Bilmirsiz gələcəyiniz necə olacaq. Başqalarını mühakimə etməyin.

- Bəs siz nə işlər görürsüz? Nə planlarınız var?

- Gələcəklə bağlı çox planlarım var. Ancaq xoşbəxt yaşamaq üçün gərək planlarını deməyəsən. Ona görə də planlarımı demək istəmirəm. İşimlə, karyeramla bağlı fikirlərim çoxdur.

İnsanlara da məsləhət görürəm ki, zamanlarını düzgün dəyərləndirsinlər. Yaxşılıq etsinlər. Pis fikirlərdən uzaq olsunlar.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər