Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev Türkiyə baş naziri və yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğana tablolar çəkəcək.
Bir neçə gün əvvəl özünə yaxın “Türkmedia” yayım qrupunun binasını gəzən Ərdoğan, baş direktorun otağında azərbaycanlı rəssam Sənan Eynullayevin çəkdiyi 5 metrlik İstanbul mənzərəsini görərək çox bəyəndiyini deyib və özü üçün o tablonun daha geniş ölçüdə olanını və həmçinin, S. Eynullayevin başqa əsərlərini istəyib. Ədalət və İnkişaf Partiyasının sənət və reklam işləriylə məşğul olan şəxs Sənan Eynullayevlə görüşəcək və Ərdoğanın istədiyi əsərlərin ölçüləri müəyyənləşdirilərək işə başlanacaq.
S. Eynullayevin Ərdoğan üçün 10-a yaxın yağlı boya tablosu çəkməsi gözlənilir.
1956-cı ildə Bakıda anadan olan plastik sənətlər ustası Sənan Eynullayev Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini və Ə. Hüseynzadə adına İncəsənət Universitetini bitirib. Bir müddət N. Tusi adına Pedaqoji Universitetdə çalışan S. Eynullayev 1990-cı illərin əvvəllərindən etibarən yaradıcılıq işlərini Türkiyədə davam etdirir. İndiyə qədər onun Türkiyədə 50-yə yaxın fərdi sərgisi açılıb, sənətkar Hollandiya və Yaponiyadakı sənət qalereyaları ilə daimi əməkdaşlıq edir.
/APA/