18 Sentyabr 2018 10:35
2 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 sentyabr xalqımız üçün böyük bayram, dahi Üzeyir Hacıbəylinin doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir bəyə borcludur. 1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.

Teleqraf.com xəbər verir ki, dahi bəstəkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub.

Kənd mirzəsi ailəsində doğulan Üzeyirin valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Ü.Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olub.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Dünyagörüşünün formalaşmasında seminariya kifayət qədər rol oynayıb.

Ü.Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmaq imkanını qazanır. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənib. Xalq mahnı nümunələrini nota köçürmək bacarığına yiyələnib. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.

Ü.Hacıbəyli 1905-1907-ci illər inqilab ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib.

Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. Onun “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri çap olunub.

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəylinin adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyni adlı poeması əsasında yazılır.

Ü.Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operalarının librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdı. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirdi.

Xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında Ü.Hacıbəyli muğamatla bərabər aşıq musiqisindən də məharətlə yararlandı.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun “Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Ü.Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir Hacıbəyli yaradıcılığında mühüm rol oynayıb. O, “Arşın mal alan” musiqili komediyasını məhz burada yaradıb.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsidir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.

Üzeyir Hacıbəylinin anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilib. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən, Ü.Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdi. O, bəstəkar Zülfüqar Hacıbəylinin qardaşıdır.

SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədovun yaratdığı “Üzeyir Hacıbəyov” heykəli (1960, Bakı) kamil, plastik sənət əsərlərindəndir. Heykəl bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının önündə ucaldılıb.

Üzeyir Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib. Hüznlü günlərin şahidləri öz xatirələrində yazırlar ki, Bakıda o vaxta qədər elə dəfn mərasimi olmamışdı. Bütün Azərbaycan böyükdən-uşağa kimi göz yaşları içərisində millətin böyük oğlunu son mənzilə yola salırdı. Sanki o gün millətin hamısı paytaxta yığışmışdı. Dahi sənətkarın vəfatından illər keçsə də, o, həmişə qəlbimizdə yaşamaqdadır.

Üzeyir Hacıbəyli və Müslim Maqomayevin doğum günləri uzun illərdir ki, Azərbaycanda “Milli Musiqi Günü” kimi qeyd olunur.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər