Bu yaxınlarda mərhum xalq yazıçısı Yusif Səmədoğlunun nəvəsi Yusif Ziyadzadənin Türkiyədə keçirilən Abbas Kiarostami film festivalında ən yaxşı sənədli film nominasiyasının qalibi olduğu barədə məlumat yayıldı.
Teleqraf.com hazırda ABŞ-da təhsil alan gənc rejissor Yusif Ziyadzadə ilə müsahibəni təqdim edir.
- Yusif bəy, haqqınızda çox az məlumatlıyıq...
- 1994-cü ildə Bakıda anadan olmuşam. Orta təhsilimi BOS ingilis təmayüllü məktəbdə almışam. 2012-ci ildə orta məktəbi bitirdikdən sonra ABŞ-ın Corc Vaşinqton Universitetində təhsil almaq üçün Amerikaya gəlmişəm.
- Bildiyimizə görə, Corc Vaşinqton Universitetini bitirmisiz, hazırda Amerika Universitetinin "Film və media prodakşn" ixtisası üzrə magistr təhsili alırsız. Nədən Azərbaycanda ali təhsil almadız?
- Valideynlərim mənə və böyük qardaşım Ziyada öz üzərimizdə işləmək və yüksək məsuliyyətli olmaq hissi aşılayıblar. Bütün səylərimizdə həmişə bizə dəstək olublar. Yüksək bilik əldə etmək üçün hər zaman çalışmışıq. Qardaşım Ziyad ABŞ-da universitetə qəbul edildikdən sonra mən də təhsilimi orada davam etdirməyi qərara aldım.
- Bəs, kinoya marağınız haradan yarandı?
- Filmlərə həmişə maraq göstərmişəm. Ailəmizdə kinematoqrafiyaya olan sevgi məndə də bu sahəyə maraq oyatdı. Hətta yadımdadır, məktəbdə oxuyarkən qardaşımla birlikdə bir yay tətilini bədii film çəkilişlərinə həsr etdik. Ziyadın dostu da bu film çəkilişində bizimlə birlikdə idi. Heç də pis alınmadı.
Ümumiyyətlə, kino aləminə marağım çox böyükdür. Çəkilişlərin incəlikləri, işıqlandırma, səs effektləri, səhnə atmosferi, montaj məni cəlb edir...
- Türkiyədə keçirilən Abbas Kiarostamı film festivalında "Plastik? Bu ki möhtəşəmdir" filminiz ən yaxşı sənədli film nominasiyasının qalibi olub. Festivalda iştirak ideyası necə yarandı?
- Bu festival haqda məlumatlı idim. Sənədli filmim hazır olduqdan sonra özümü sınamaq istədim və filmimi həmin festivala göndərməyi qərara aldım.
- Nədən festivala məhz sənədli filmlə qatılmağı qərara aldız?
- 2016-cı ildə Corc Vaşinqton Universitetini bitirdikdən sonra Vaşinqtonda tanınmış bir cərrahiyyə klinikasında marketinq işləri ilə məşğul oldum, həmin vaxt cərrahiyyə əməliyyatlarının çəkilişlərinə başladım. Orada məşhur plastik cərrah, doktor Pol Raffla tanış oldum. Onun professionallığına, pasiyentlərlə xoş münasibət qurmaq bacarığına valeh oldum və qərara gəldim ki, doktor Ruff haqqında bir kiçik sənədli film çəkim.
Doktor Ruff bu xəbəri çox yaxşı qarşıladı və çəkilişlərə razılıq verdi.
- Bədii film çəkmək arzunuz necə, varmı?
- Bəli, mütləq. Kinematoqrafiyanın bütün janrlarını xoşlayıram. Amma hazırda qorxulu janrlarda olan filmlərə marağım daha böyükdür. Ümid edirəm ki, nə vaxtsa bu janrda da film çəkərəm.
- Sənədli filmlərə davam edəcəksinizmi?
- Özümü sənədli film janrında görməsəm də, bir-iki layihə barədə düşünürəm. Onlardan biri də babam, xalq yazıçısı Yusif Səmədoğlu haqqında filmdir.
- Bakıya dönəcəksiz?
- Bakını çox sevirəm, onun üçün çox darıxıram və səbirsizliklə tətildə doğma şəhərimə qayıtmağımı gözləyirəm.
- Məşhur Səməd Vurğun nəslindənsiz, xalq yazıçısı Yusif Səmədoğlunun nəvəsisiz. Ulu babanızın və babanız Yusif Səmədoğlunun yaradıcılığına münasibətiniz necədir?
- Həm ulu babam Səməd Vurğunun, həm də babam Yusif Səmədoğlunun yaradıcılığını çox sevirəm. Yadımdadır, uşaq ikən anam Mehriban onların əsərlərini həmişə bizə oxuyardı. Qardaşım Ziyad hələ orta məktəbdə “Vaqif” tamaşasında iştirak edərdi.
Babamın məşhur əsəri olan “Qətl günü” romanını bir dəfə oxumağıma baxmayaraq, bir daha bu əsərə qayıtmaq istərdim. Babamın ssenarisi əsasında çəkilmiş filmləri hər zaman maraqla izləmişəm.