İtaliya Film Festivalı çərçivəsində Bakının qonağı olan məşhur italyan aktrisa Anita Kravos ötən gün təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. İlk dəfə ölkəmizə gələn aktrisa səmimi və mehriban münasibəti ilə diqqət çəkib.
Teatr və kino aktrisası olan Kravos Venesiya Universitetində teatr təhsili alıb, iki il Moskvada GİTS-də oxuyub.
Teleqraf.com Anita Kravosla söhbəti təqdim edir:
- Anita xanım, Azərbaycana ilk gəlişinizdir? Ölkəmiz və Bakı haqqında təəssüratlarınızı bilmək istərdik?
- Düzünü desəm, ölkənizə ilk dəfədir ki, səfər edirəm. Ötən gün Bakıya gəldim və hələ ki, şəhəri gəzə, insanlarla yaxından tanış ola bilməmişəm. Amma onu deyim ki, artıq Bakıda saçımı düzəltmək üçün italyan saç ustası tapmışam. İndi gördüyünüz saç düzümünü o edib. Azərbaycan haqda bura gəlməmişdən öncə məlumat əldə etmişdim. Yaşasın, Azərbaycan İtaliya dostluğu. Onu da qeyd edim ki, İtaliyaya “Oskar” mükafatı qazandıran filmin nümayişində iştirak etmək mənim üçün ayrıca fəxrdir. Düşünürəm ki, iki ölkə arasında münasibətləri möhkəmləndirmək, inkişaf etdirmək üçün mütləq birgə filmlər istehsal olunmalıdır. Sizə çox gözəl bir xəbər deyim ki, italyan rejissorlar: Renato De Mariya və Moskolne Azərbaycanda film çəkmək istəyirlər. İki filmin artıq danışıqları aparılır. Bir filmin adı “Mənim sevgilim qatildir” adlanır. Mən filmdə həm sevgilini oynayıram, həm də qatil oluram. Bir sözlə, oynayacağım rol baş roldur. Düşünürük ki, iki azərbaycanlı aktyoru da filmə dəvət edək. O biri film isə Azərbaycana gələn italyanın hekayəsindən bəhs edir.
- İtaliya kinematoqrafı hər zaman dünyada örnək göstərilən kinematoqraflardan biridir. Bu kinematoqrafın çox məşhur nümayəndələri olub. Bəs bu gün yeni İtaliya filmləri barədə, daha doğrusu İtaliya kinematoqrafiyasının indiki durumu barədə nə deyə bilərsiniz? İtaliya kinosu illər əvvəlki məşhurluğunu saxlaya bilirmi?
- Məşhur italyan rejissor Vittorio De Sikanın belə bir sözü var idi: “İtaliya kinosunun ən gözəl nümunələri müharibə dövründə yarandı”. Həqiqətən, o vaxtlar İtaliya filmləri bir triumf dövrünü yaşayırdı. Vittorio De Sika, Fellini, Antonioni və s. Əminəm ki, italiya kinosunun həvəskarları Fellininin eləcə də digər o dövrün rejissorlarının çəkdikləri filmlər üçün darıxırlar. Bu bir növ həm də İtaliya üçün darıxmaq anlamına gəlir. İndi İtaliyada müharibə yoxdur, insanlar sülh şəraitində yaşayır. Amma buna baxmayaraq yenə də maraqlı kino əsərləri yaranır və bununla italyan kino həvəskarlarını sevindirir. Son dövrlər fikir versəniz, İtaliya kinosu yenə yüksələn xətlə irəliləyir. Festivallarda iştirak edir, mükafatlar qazanır. Məsələn biri elə mənim çəkildiyim “Böyük gözəllik” filmidir. Film çox uğurlu alındı və istehsalçı şirkət, yaradıcı heyətə böyük uğur gətirdi. Bu film mən də daxil olmaqla bir çox insanın həyatını dəyişdi. “Böyük gözəllik” filminin ilk premyerası 2013-cü ildə Kann Festivalında baş tutmuşdu. Elə həmin ildə də “Xarici dildə ən yaxşı film” nominasiyaları üzrə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara layiq görüldü. Çoxdandır ki, bizim filmin tematikasını özündə əks etdirən filmlər çəkilmirdi. Yəni onlar sənət, insanların daxili dünyası barədə düşündürmürdü bizləri. Belə bir fikirlər də var ki, “Böyük gözəllik” filmi Fellininin “8 yarım” filminə oxşayır. “Şirin həyat”, “8 yarım” filmlərinin çəkildiyi dövrdən bu yana uzun illər ötüb. Əlbəttə ki, “Böyük gözəllik” filminin rejissoru Paolo Sorrentino mənəvi gücü Fellinidən alıb.
- Bu filmdən sonra sizin həyatınızda nə kimi dəyişiklər baş verdi?
- Mən bundan öncə də çox filmlərə çəkilmişəm. Amma bu film qədər uğurlu alınmayıb. Bu film sanki məni bütün dünyaya tanıtdı. Mən həm də bu festivalın keçirilməsində dəstək olan yeni İtaliya kino mərkəzi N.İ.C.E -nın üzvüyəm. N.İ.C.E sayəsində bir çox ölkələrdə İtaliya Film Həftələri təşkil olunur. Mən özüm altı dil bilirəm: italyan, sloven, rus, ingilis, fransız, alman. Bu dil bilgilərimə görə də N.İ.C.E-nın üzvü kimi aktiv fəaliyyət göstərirəm.
- Aktrisa kimi hansı rollar sizə daha yaxındır?
- Mən çox aktrisaların cəsarət edib oynamadığı rolları oynayıram. Ona görə başqaları təklifi geri çevirəndə mən onu qəbul edirəm. Fikir versəniz, “Böyük gözəllik” filmində rolum elə də böyük deyil. Ümumiyyətlə, filmin baş qəhrəmanı -öz zəngin dostlarıyla keçirilən səs-küylü əyləncə gecələrindən və cəfəngiyatdan yorulmuş keçmiş yazıçı 65 yaşlı jurnalist Cep Qambardelladır. Bu rolu Toni Servillo oynayır. Cep Romada yüksək cəmiyyət insanlarının zahirən parlaq, amma tamamilə mənasız həyatlarını müşahidə edərək Kolizeyin əksi istiqamətində yerləşən mənzilində yaşayır. Mən isə filmdə dəli rəssam rolunu oynayıram. O qəribə hərəkətlər edir, məsələn, qaçaraq özünü divara çırpır. Bəli, kiçik roldur, amma filmin mahiyyətini ifadə edir- gözəllik nədir, incəsənət nəyə lazımdır kimi suallara cavab axtarır.
- Festival çərçivəsində Azərbaycanda hansı fəaliyyətlə məşğul olacaqsınız?
- “Nərgiz” jurnalının üz qabığı üçün fotosessiyam olacaq. Bu Bakıda təqdim etdiyimiz “Böyük gözəllik” filminin piarı üçündür. Eləcə də Azərbaycan Diplomatiya Akademiyasının tələbələri ilə görüşümüz olacaq. Ondan başqa yəqin ki, Bakını gəzmək şansım da olacaq.
Nərmin Muradova