18 Yanvar 2021 12:28
3 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Allahşükür Ağanın yeni şeirlərini təqdim edir.

Xatirəm

“Xatirə” parkında xatirəm qalıb,
Ağaclar içində ağlar bir uşaq.
Orada bir oğlan, bir qız qocalıb,
Gəl gedək onların əlindən tutaq.

“Xatirə” parkında xatirəm qalıb,
Təklikdən darıxıb ağac olubdu.
Xatirəm daşların gözünə dolub,
Binaya hörülüb uca olubdu.

“Xatirə” parkında xatirəm qalıb,
Yeriyir, yüyürür, yıxılır hələ.
Körpə dodağında lalələr solub,
Təzə sevgisindən sıxılır hələ.

"Xatirə” parkında xatirəm qalıb,
Özünə ev tutub, yurd salıb təzə,
Burda ürəyimiz yanaşı durub,
Bu parkı salıblar xatirəmizə.

Saatın min dəfə ”bir” olub

İnandığım qaya, inandığım daş,
İnandığım külək - külək deyilsən.
Ay sevdiyim ağac, sevdiyim torpaq,
Ay sevdiyim ürək - ürək deyilsən.

Çıxmayır yadımdan zarafatların,
Qəlbimdə fikirlər ələk-vələkdi.
Süfrənin üstündə soyuyur çayım,
“Taxta” çömçəniz də çilik-çilikdi.

Pənah gətirmişdim, gülum sən ada,
Sərhədlər yolumu qandallayarmış.
Sən demə, o şirin gülüşün altda,
Dünyanın yüz əsr soyuğu varmış.

Saçından ötəri əlim Kür olub,
Tellərin xiffətdən heç əsməyirmi?
Saatın min dəfə axı “bir” olub,
Ürəyin görüşə tələsməyirmi?

Ölüm

Güllələr nəğmə kimi səslənir bəzən,
Adamlar qaçırlar o nəğməni oxumağa.
Adamları nəğməylə aldadırlar... nahaq.

Məsələn, bilməsə,
Uşaq yerə düşüb
közərən bir mərmiyə tərəf qaçar
Və əlinə götürər ölümü.
Uşaqlar həmişə
oyuncaq gəzdiyindən yenə aldanarlar.
Ən zəhərli göbələk belə
o qədər şirindi ki, adam doymur.
Gör ölümü harda gizlədiblər?

Biz qaçırıq ölümlərdən,
Sən demə, biz ona tərəf qaçırıqmış əslində.
Sürətli maşınların əlindən qaçıb
Bir at arabasının təkəri altında da
Ölmək təsadüfü varmış...

Amma çox nahaq,
Gərək bizi nəğməylə,
Göbələklə,
At arabasının nəğməli təkəri ilə
Aldatmayaydıllar...

Balıqlar, quşlar, uşaqlar

Tilov atıb balıqların yuxusunu qaçıran oğlan,
Sənin də başından tilov sallanır.
Xəbərin varmı,
Göyə baxsana?

Balıqların üzməyi nizamıdır dünyanın,
Bu nizamı sədəf boyda tilovla uçurmağı,
Qurdla balıqları aldatmağı bacardınsa,
Sonra küçədə dilənən uşağa bir parça
çörək versən,
quşa dən səpsən,
zülüm-zülüm ağlayaram mən.

Üç şey məni həmişə ağladar,
Göydə quşlar,
Çayda balıqlar,
Yerdə uşaqlar.
Onlar yeməyə aldanırlar.

Oxu, şairim

Şair, səhər- səhər bir durna köçünə əl eyləsən,
Vaqifin ruhuna vaqif olarsan.
Dizlərini yerə qoyub bir çiçək ləçəyinə əyilsən,
Bir roman oxumuş kimi ayağa durarsan.

Yoxsa sənin oxuduğun xarici romanlar
Kimi şair eylədi deynən?
Səhər- səhər dur bax, gör çay necə tələsir,
Onu kim çağırır,
Bir məna ver, öyrən,
Bir çay romanı oxumuşam deynən, dostlara.

Get bazara bax, adamların üzlərinə, gözlərinə
Gör nə qədər yorğundular.
Elə bil min dəfə oxunmuş romandılar.

Köhnə, cildləri cırılmış bir kitabdılar.
Dünya ilə çəkilmiş haqq-hesabdılar.
Oxu şairim, bu adamlar xaricdən gəlməyiblər,
Sənin qonşularındı.

Oxu, o saat biləcəksən
Birinci hansı intihar edəcək?


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər