26 Aprel 2022 21:28
2 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

“”Yeniçəri” serialının bizə təqdim olunmuş ilkin ssenarisində təhrif olunmuş faktlar var idi. Biz istehsalçı şirkətlə şərt kəsdik. Kastinq direktoru Səbuhi Məmmədovla birgə ssenaridən bəzi nüansların çıxarılmasına nail olduq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Pərviz Məmmədrzayev deyib.

Qeyd edək ki, Rusiyanın Birinci kanalında yayımlanan “Yeniçəri” tarixi serialında azərbaycanlı aktyorlar Pərviz Məmmədrzayev və Kamran Ağabalayev çəkiliblər. Kamran Ağabalayev əsas rollardan birini - Bəyazid ağanı, Pərviz Məmmədrzayev isə Trabzon valisini canlandırır. Tamaşaçılar tərəfindən birmənalı qarşılanmayan serialın prodüserlərindən biri erməni Ruben Dişdişyandır.

Xalq artisti serialın prodüserlərindən birinin erməni olduğunu öncədən bilirmiş: "Bu barədə bizə məlumat verilmişdi. Ümumiyyətlə, Rusiyada kino sektorunda ermənilər üstünlük təşkil edirlər. Ssenarinin ilkin versiyasında Qarabağın erməni ərazisi kimi təqdim olunması faktı əks olunurdu. Biz bu məsələləri müzakirəyə çıxardıq və tələb etdik ki, həmin məqamlar ssenaridən çıxarılsın. Əks təqdirdə biz çəkilməyəcəyik. Biz istədiyimizə nail olduq, onlar ssenarini dəyişdilər. Bununla da ssenaridə ölkəmizin ərazi bütövlüyünə xələl gətirəcək heç bir nüans qalmadı".

O bildirib ki, sözügedən serialdan Mədəniyyət Nazirliyi də məlumatlıdır: “Biz Mədəniyyət Nazirliyinə bu barədə məlumat verib, vəziyyəti onlara izah etmişdik”.


Müəllif: Nərmin Muradova