27 Oktyabr 2022 14:55
3 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı İlhamə Nasir Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- İlhamə xanım, tezliklə “İşıq” adlı romanınız çap olunacaq. Bu haqda daha ətraflı sizin özünüzdən eşitmək istərdik...

- Kitabımın yolunu həsrətlə gözləyirəm. 2017-ci ildən romanı yazmağa başladım, torpaqlarımız işğaldan azad olunandan sonra bir az ara verdim. Nəhayət, indi qərara aldım ki, kitab artıq işıq üzü görməlidir.

Bilirsiniz ki, mən Qubadlı rayonundanam. Kitabda Qubadlının işğalının son günlərini, məcburi köçkün həyatının ağrı-acılarını, həmçinin baş qəhrəman İşığın üç il İran həbsxanasında yaşadığı sarsıntıları əks etdirməyə çalışmışam.

Bu əsərin 90 faizi mənim şəxsi müşahidələrim, öyrəndiklərim, araşdırmalarım əsasında hazırlanıb. Bütün faktları, məlumatları toplayıb öz bədii təhkiyəmlə oxuculara təqdim edirəm.

“İşıq” həqiqi faktlara söykənən əsərdir. Amma konkret bir insanın başına gələnlər deyil, bir neçə talelərin bir obraz üzərində cəmləşməsidir. Qubadlıdan çıxmağa məcbur olan insanların taleyidir, bir itin evinə sadiqliyidir. Məcburi köçkünlük həyatının məşəqqətləridir. Əsərdəki bir epizod, tutalım, mənə, digər epizod tanıdığım başqa bir köçkünə aiddir.

Mənim babam, böyük əmim köçkünlük həyatına dözə bilmədilər. Atam vətən, torpaq, Qubadlı deyərək dünyadan köçdü. Bunu “Qırmızı darvaza” hekayəmdə əhatəli qələmə almışam.

Qubadlıda evimizin darvazasını qırmızı rəngə boyamışdıq. Rəng heç tam qurumamışdı. Atam xəstəydi, bilmirəm haradan belə bir fikrə düşdüm, Binəqədidəki evimizin darvazasını da qırmızı rənglə boyadım, atamı çiynimə götürdüm, pəncərəyə yaxınlaşdım, qırmızı darvazanı görüb çox sevindi, dedi: “Bura mənim evimdir, mənim evimdir”. Artıq heç kəsi, mənim özümü belə tanımayan atam dedi ki, bura mənim evimdir. Son sözü bu oldu və gülümsər vəziyyətdə keçindi.

Allaha şükür etdim, dedim, nə yaxşı atam öz evindəymiş kimi öldü…

O, xəstəliyi səbəbindən Qubadlının işğalda olduğunu unutmuşdu. Öz evini arzulayırdı. Bizim evimizi özümüzünkülər partlatmışdı. Çünki ermənilər evimizi qərargah etmişdilər. Atam o zaman müəllim işləyirdi, komandir ona bu məlumatı verəndə, anam pis oldu. Onda atam anama baxdı və dedi: “Heç bikef olma, evim dağılmayıb, şəhid olub”. Atamın o sözü mənim yadımdan heç vaxt çıxmadı...

“İşıq”da xronoloji tarix mühüm əhəmiyyət kəsb edir. Bu tarix 1988-ci ildə Ermənistandan gələn köçkünlərdən başlayır. Bu, yazıçı olaraq mənim borcum idi. Gənc nəsil tarixi bilməli və onu unutmamalıdırlar.

Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə tanışsınız. Mən o əsəri Azərbaycan xalqına qarşı terror sayıram. O roman bir çox dillərə tərcümə olundu, ermənilərə də bu lazım idi. Tarixi həqiqətləri biz yazıçılar da yaymalı, təbliğ etməli və gənc nəsillərə çatdırmalıyıq.

- İlhamə xanım, əsərdə İran həbsxanası, orada yaşananlar barədə də yazmısınız. Bu faktları necə əldə etmisiniz?

- Bəli. Əsərin qəhrəmanı İşıq adlı qızdır. O, dünyaya gələndə anası ölür. Kişi qızına İşıq adı qoyur. İşıq jurnalist olur, istəyir ki, sərhədi keçib Qubadlıda olan anasının qəbrini ziyarət etsin və oradan torpaq gətirib atasına versin.

Cənubi azərbaycanlı tələbələrin əli ilə o, qaçaqmalçıya rast gəlir. Və onun vasitəsilə Qubadlıya gedir, qayıdanda isə onu İran sərhədində tuturlar. Beləcə üç il İran həbsxanasında yatır və orada başına min oyun gəlir.

Sualınıza gəlincə, mən Təbrizə gedib gəlirdim, orada bizim ailəvi dostlarımız yaşayır. Günlərin bir günü rəhmətlik Yaqub Zurufçu məndən musiqiyə şeir istədi. Yazdım verdim və beləcə Təbrizdə yerləşən bir studiya ilə əməkdaşlığa başladım. Mən onlar üçün musiqi sözləri, klip ssenariləri yazırdım. Sonra hətta mənə Təbriz kanalında veriliş aparmağı da təklif etdilər.

2012-ci ildə orda güclü zəlzələ baş verdi, nəticədə beş Azərbaycan şəhəri batdı, amma farslar bu faktı gizlətdilər. “Zəlzələ” adlı bir şeir yazdım, Cənubi Azərbaycanda çox populyar oldu. Hətta o şeirə görə qonorar da aldım, amma həmin pulu valideynlərini itirmiş bir uşağa bağışladım.

Həddən artıq milliyyətçiyəm. Yadımdadır, universitetdə oxuyanda İranda Azərbaycan dilində məktəb açılmasını istəyən tələbələri öldürmüşdülər. Buna etiraz edənlərdən biri də mən idim, İran səfirliyinin qarşısında aksiya keçirmişdik.

Hər dəfə İrana gedəndə soruşurdum, həbsxanadakı vəziyyətlə, oradakı məhbusların necə öldürülməsi ilə bağlı çoxlu suallar verirdim. Qız uşaqlarının edamından qabaq onlara siğə təklifinin olub-olmaması və digər məsələləri dərindən araşdırmışam.

Başıma gələn bir hadisəni danışım. Bir dəfə Livana getmişdim, orada Beyrutda qaldığım oteldə 80 faiz iranlılar idi. Aralarında cənubi azərbaycanlılar da vardı. Mən onlarla söhbətdə başa düşdüm ki, çoxu Azərbaycan həqiqətlərindən məlumatsızdırlar. Bu da səhv təbliğatın nəticəsidir.

Onlar elə bilirdilər ki, Xocalı faciəsini biz ermənilərə qarşı törətmişik. Mən onlara həqiqəti izah edirdim və bu da ermənilərin xoşuna gəlməmişdi. Bilirsiniz ki, Beyrutda ermənilər çoxluq təşkil edir.

Gecə saat 3-də sürücü məni otelin arxa qapısından çıxartdı, dedi, ermənilər otelə gəlirlər.

Türkiyədə olanda orda yaşayan cənubi azərbaycanlı bir qadın danışırdı ki, oğlumu İran həbsxanasında siyasi dustaq kimi asdılar. Deyir, mənim oğlum könüllü olaraq I Qarabağ müharibəsinə yollanmışdı, bunu İranda biləndə həbs edib asdılar. Amma təbii ki, başqa adla rəsmiləşdirdilər. Bunlar hamısı faktdır.

- İranla indi də əlaqələriniz varmı?

- İndi əlaqəm yoxdur. Çalışdığım müğənnilər də artıq oranı tərk ediblər.

- İlhamə xanım, İranda baş verən son hadisələri necə qiymətləndirirsiniz?

- Artıq iranlılar, ələlxüsus da, oradakı azərbaycanlılar oyanıblar. Bu, məni çox sevindirir. Nə vaxtsa bunun sonu gəlib çıxmalıdır. Həmvətənlərimizin bizə qovuşacağı günü həsrətlə gözləyirəm.

- İran qadınlarının azadlığı naminə bütün dünya qadınları saç kəsmə dalğasına qoşulurlar. Sizin bu dalğaya qoşulmaq niyyətiniz varmı?

- Təəssüf edirəm ki, o aksiyadan qabaq mən saçımı kəsdirmək məcburiyyətində qalmışdım. Çünki saçlarım yanmışdı, oğlan saç formasında kəsdirdim. Ona görə kəsəcək saçım yoxdur. Amma əlbəttə ki, hər mənada o qadınlara, o insanlara dəstəyik.

Elə bu kitab da dəstəyin bir hissəsidir. Çox istəyirdim ki, kitab Qubadlının geri alındığı günə - oktyabrın 25-nə təsadüf etsin. Amma gecikmə olduğuna görə belə alındı.

Bir neçə əlavəm də olacaq. Mən bu romanı bir neçə nəfərə oxumağa vermişdim, qorxa-qorxa oxudular. Rəy yazmağa belə çəkinirdilər. Mənə elə gəlir ki, yazıçıda qorxu varsa, o, qələmini birdəfəlik yerə qoymalıdır. Yaxud nəyinsə naminə sülhü tərənnüm etmək…

Ermənilərlə sülh sazişi ilə bağlı danışıqlar gedir. Ola bilər, sözdə, sazişdə olsun, amma onlara tam etibar etmək olmaz. Bir oğlum var, həmişə ona deyirəm ki, dünya sənin üzünə açıqdır - irqindən, dinindən asılı olmayaraq, kiminlə istəsən ailə qur. Amma nəbadə erməni ilə evlənəsən. O zaman mən sənin anan deyiləm...


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər