Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinoprodüser Əli İsa Cabbarov Teleqraf.com- un suallarını cavablandırıb.
Teleqraf.com müsahibəni təqdim edir.
"Hamı Kino Agentliyinin heyətinin formalaşmasını gözləyir"
- Əli İsa bəy, ötən həftə ölkədə Kino Forumu keçirildi. Forumun əhəmiyyəti, gələcək üçün faydaları nədən ibarətdir? Bir kinematoqrafçı kimi forumdan hansı təəssüratlarla ayrıldınız?
- Kino Forumunu toya bənzətsək, toyun buraxdığı təəssüratlardan asılı olmayaraq gənc ailənin necə həyat yaşaması daha vacib sayılır. Gözəl və təmtəraqlı bir toy dava-dalaşlı ailənin də, yaxud əksinə, xoşbəxt bir ailə icmasının da başlanğıcı ola bilər. Bütün hallarda forum qənaətbəxş, lazımlı layihə kimi yadda qaldı. Cənab nazirin sona qədər oturub bütün çıxışları, açıq söhbətləri dinləməyi xoş təsir bağışladı və məndə böyük ümidlər yaratdı. Hər bir insanın yazılı müraciətlərini qəbul etmək üçün yer də ayrılmışdı.
Forumdan sonra bizə - Azərbaycan Kinematoqrafçılar İttifaqına təcili təkliflərimizi göndərməklə bağlı müraciət olundu. Hazırda bunun üzərində işləyirik.
Forum həm də Azərbaycan Kinematoqrafçılar İttifaqının peşəkarlar arasında reytinqi və peşəkarların İttifaqa etibar səviyyəsini də göstərdi. Həm sədrimizin, həm də İttifaqın iki katibinin çıxışları ümumi, milli və mədəni maraqlarımızın tərəfindən idi və iştirakçıların çox böyük razılığı ilə qarşılandı. Hamı Azərbaycan Kinematoqrafçılar İttifaqının pozisiyasını, sənət maraqlarının yanında olduğunu gördü.
Aydın məsələdir ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi bu sahəni canlandırmaq və ona təzə nəfəs vermək üçün durumdan xəbərdar olmaq, diaqnoz qoymaq, perspektivləri görmək istəyir və bu yöndə forum ilk addım idi. İndi daha məhdud çərçivədə, işgüzar mühitdə, ekspert cameəsində təklifləri hazırlamaq və təşəbbüslər irəli sürmək, əməli işə keçmək lazımdır. Bu işlərin hamısını icra edən Azərbaycan Kino Agentliyi olacaq.
Kino ictimaiyyəti səbirsizliklə Kino Agentliyinin heyətinin formalaşmasını gözləyir. Azərbaycan xalqının mentaliteti elədir ki, onlar sistemə, struktura yox, şəxsiyyətə önəm verirlər. Sistem, struktur ideal olsa da, şəxsiyyət onları qane eləməsə, narazılıqları olur. Ona görə hamının bir sözü var: Agentlikdə kim rəhbər və hansı heyət olacaq? Hamı bunu gözləyir.
Amma mənə elə gəlir ki, sədrin kimliyindən və heyətin tərkibindən asılı olmayaq bütün kino ictimaiyyəti səfərbər olmalı və işgüzar ruha köklənməlidir. Tənqidlərimizin formulası korrekt, bir-birimizə hörmət kontekstində olmaqla yanaşı ilk növbədə təkliflərimizi verməliyik. Bu təklifləri vermək üçün mübarizə aparmalı və işləməliyik. Yəni sabah Kino Agentliyinin sədri və heyəti bəlli olandan sonra nə deyinmək, nə xəyal qırıqlığına uğramaq lazımdı. Layihələri hazırlamaq, təklifləri vermək, layihələrini müdafiə etmək, onların maliyyələşməsi üçün mübarizə aparmaq və işləmək gərəkdir.
Artıq həqiqətən danışmaqla kifayətlənmək geridə qaldı, indi film layihələrini həyata keçirmək, Azərbaycan kinosunu yerli tamaşaçı qarşısına və dünyaya çıxarmaq vacibdir.
"Festivalların təşkili ilə bağlı heç bir söz deyilmədi"
- Sizcə, forumda bütün problemlərə toxunuldumu?
- İki günlük forumda bütün problemlərə toxunmaq mümkün deyil. Bu cəhətdən festivalların təşkili ilə bağlı heç bir söz deyilmədi, bu yaxşı hal deyildi. Festival bazarının formalaşması kino istehsalı bazarının formalaşması kimi çox vacibdir. Heç bir kino industriyası festivalsız mümkün deyil.
Azərbaycan Kinematoqrafçılar İttifaqının təkliflər paketində mütləq şəkildə festivallara dəstək məsələsi öz əksini tapır. Onlar çox rahat, bir sözlə, düşünülmədən dəstəklənməlidirlər. Çünki Azərbaycanda fəaliyyət göstərən DokuBaku, Animafilm (Beynəlxalq Animasiya Festivalı), BakuShort (Bakı Beynəlxalq Qısa Filmlər Festivalı) festivalları özünü birmənalı şəkildə doğruldub, onlar Azərbaycan xalqına və kinomuza çox vacib və xeyirlidirlər.
Bundan başqa, aktyorlar onların problemlərinin səsləndirilməməsi ilə bağlı şikayət edirlər. Mənə elə gəlir ki, forumda “kino və ideologiya” mövzusuna çox vaxt ayrıldı. Bu mövzunun belə bir forum formatında müzakirəsi çətin və müşkül məsələdir. Bununla bağlı daha çox elmi nəzəri- seminarlar keçirmək lazımdır. Ona görə gələcəkdə daha əməli müzakirələr nəzərdə tutulmalıdır. Necə ki mənim iştirak etdiyim panel - "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" daha praktik və diqqətçəkən idi.
Ümumiyyətlə, bir forumla bütün məqsədlərə çatmaq mümkün deyil. Ona görə növbəti forumlar, yaxud daha dar çərçivədə müzakirələr, iclaslar, panellər olmalıdır.
"Narazı olduğum çıxışlara..."
- Kimin çıxışı diqqətinizi çəkdi və yaxud əksinə, məyus etdi?
- Forumun əsas dramaturji komponentlərindən biri “Azərbaycanfilm”in taleyi məsələsi idi. Bu cəhətdən kinostudiyanın direktoru çox parlaq çıxış etdi. Və “Azərbaycanfilm”lə bağlı kino ictimaiyyətinin narazılığını dilə gətirib, bir çox məsələləri aydınlaşdırdı.
Deyə bilmərəm ki, hansısa çıxış mənə xoş gəlmədi. Çünki mənim narazı olduğum çıxışlara da sevindim ki, nə yaxşı bu mövqe səsləndi və biz bildik ki, bu adam hansı səhv və təhlükəli mövqeyin sahibidir. Forum formatının gözəlliyi ondadır ki, hamının mövqeyi işıqlandırılır, hamının fikri, rəyi ifadəsini tapır.
Hətta belə bir məqam baş verdi: forumun birinci günü öz həmkarlarına qarşı bir az aqressiv tonda müraciət edən bir çıxışa rast gəldim və daha sonra çıxışın müəllif ilə söhbət edib, narahatlığımı bildirdim. O mənə durumu izah etdi və gördüm ki, narahatlığa əsas yoxdur. Yəni insan tribunadan düşəndə və kənarda ayrıca söhbət edəndə görürsən ki, onunla işləmək, əlini sıxmaq olar. Aqressivlik təəssüratdır, mahiyyətində gerçək narahatlıq dayanır.
Bu cəhətdən forum ona görə unikaldır ki, üz üzü görsün, görüşsün, ümu-küsülər bitsin, neqativ atmosfer aradan qalxsın. Yəni əvvəlki illərə baxanda kinematoqrafçıların bir-birini düşməncəsinə ittiham etməsi, hətta düşmən elan etməsi, bunlar hamısı geridə qalmalıdır. Bizim bir düşmənimiz var - qərb sərhədimizin o tərəfində. Vəssalam. Başqa düşmənimiz yoxdur, üstəlik də Azərbaycan kinosunda...
Amma yenə deyirəm, forumun əhəmiyyəti ondan sonra atılacaq addımlardan asılıdır. Əgər düzgün, effektli addımlar olacaqsa, bu, foruma reytinq gətirəcək. Olmayacaqsa, əksinə, forum kölgədə qalacaq.
“Azərbaycanfilm” brendi qalmalıdır, səlahiyyətləri artırılmalıdır"
- “Azərbaycanfilm”in taleyi məsələsini vurğuladınız. Sizin bu barədə düşüncələriniz maraqlıdır...
- “Azərbaycanfilm”in taleyi məsələsi gündəmdədir deyəndə bu da yalnış anlaşıla bilər. Dövlətin “Azərbaycanfilm” kinostudiyasının yaşamaq məsələsində heç bir şübhəsi yoxdur. Kinostudiya böyük bir qurum kimi qalmalıdır və inkişaf etməlidir. Söhbət odur ki, “Azərbaycanfilm” Mədəniyyət Nazirliyindən birbaşa sifarişlər almalıdır, yoxsa dolayı yolla...
Mənə elə gəlir ki, “Azərbaycanfilm”in ən böyük kapitalı onun filmləridir. Və onun 100 illik fəaliyyəti dönəmində bütün zamanlar üçün dəyər olacaq 20 əsəri var. Heç bir prodakşnda belə bir şey yoxdur və yaxın 50 ildə də olmayacaq. Yəni hansısa bir prodakşn qabağa çıxıb deməyəcək ki, mənim 20 filmim bütün zamanlar üçün dəyərlidir. Onlar “Babək”, “Nəsimi”, “Bizim Cəbiş müəllim”, yaxud “Arşın mal alan”, “O olmasın, bu olsun” çəkə, yaxud xalqın qəlbinə o qədər girə bilməyəcəklər. Sonradan çəkiləcək, amma hələlik elə bir studiya yoxdur, hələ uzun müddət də olmayacaq.
“Azərbaycanfilm”in gücü onun böyük məkanında deyil, onun filmlərində, brendində, markasındadır. Ona görə bu marka yaşamalıdır.
Biz istəyirik ki, filmlərimizə çox tamaşaçı baxsın, bəs tanınmamış bir şirkətin brendi ilə prokata çıxmaq yaxşıdır, yoxsa “Azərbaycanfilm”in brendi ilə? Əlbəttə, “Azərbaycanfilm”lə. Keçmiş sovet respublikalarının önünə hansısa yeni yaranmış şirkətlə, yoxsa “Azərbaycanfilm”in brendi çıxmaq yaxşıdır? Ona görə “Azərbaycanfilm” brendi qalmalıdır, fabrik kimi işləməlidir, səlahiyyətləri artırılmalıdır, 100 illik ömrü 250-300 illiyə çevirməlidir.
Amma bu o demək deyil ki, özəl şirkətlər işləməsin, əksinə onların da işləməsi üçün lazimi şərait yaradılmalıdır.
- Bəs hansı formada yaşamalıdır, Əli İsa bəy? Rasim Balayev çıxışı zamanı dedi ki, “Azərbaycanfilm” bir neçə il dövlət dotasiyası hesabına yaşamalıdır, Hüseyn Mehdiyev təklif etdi ki, ora Milli Kino Mərkəzi olmalıdır..
- Hansı formada sözü iqtisadi və hüququ anlayışdır. Onlarla variant var. Kino Mərkəzinə də, publik şəxsə də, açıq səhmdar, qapalı səhmdar cəmiyyətə də çevrilə bilər. Bu məni yaradıcı adam kimi düşündürmür. Məni ancaq bu brendin yaşaması düşündürür. Mən istəyirəm o binaya gedəndə işləyən adamları görüm, çəkilişi görüm, “Azərbaycanfilm”in ən güclü studiyaya çevrilməsinin şahidi olum.
Mən sabah özüm müstəqil işləyəndə onlarla rəqabətdə olum, onlarla baş-başa gəlim, onlardan da yaxşı film çəkim. Söhbət bundadır.
- İndiki vəziyyətini necə qiymətləndirirsiniz?
- Forumda Nazim müəllimin təqdimatını gördünüz, artıq “Azərbaycanfilm” öz gücünə maliyyələşir. Bu, yaxşı nəticədir. “Azərbaycanfilm” Yutub kanalından, pavilyonların icarəsindən gəlir götürür. Sabah dövlət ona dotasiya ayırsa, yeni pavilyon tikilsə, onun pulunu da çıxacaq, gəlir də gətirəcək.
Orda çox böyük işlər görülə bilər. Azərbaycanda rəng korreksiyası üçün nümunəvi ekranı olan zal, səs üçün nümunəvi texniki standartlara cavab verən, dolbi resenziyalı səsyazma studiyası yoxdur. Bunlar hamısı orda tikilə bilər, üstəlik, özəl studiyalar, prodakşnlar bu kimi xidmətləri orda edəcəklər.
"Heç kim Hilal Baydarovu ittiham etmir"
- Forumda diqqət çəkən bir məqam da var idi: yaşlı nəslin nümayəndələri gəncləri daha çox ittiham etdilər. Festivallar üçün film çəkən rejissorlar hədəf göstərildi, bu, həqiqətənmi belə ciddi narahatlıq doğuran məsələdir?
- Orda narazılıq doğuran məqam, onların dili ilə deyirəm, festival üçün filmlərin dövlət hesabına çəkilməsidir. Yəni festival konyukturasına xidmət edən filmlər... Dövlət hesabına çəkilməsəydi, onlar heç danışmazdılar. Heç kim Hilal Baydarovu ittiham etmir. Çünki o, filmləri öz vəsaiti hesabına çəkir.
Hesab etmirəm ki, burda narahat olmağa çox böyük əsas var. Bu məsələdə daha konkret olmaq lazımdır: tutaq ki, filan film ittiham olunur, onun rejissoru ilə orda söhbət etmək, filmə bir də baxmaq, bir də müzakirə etmək olar. Hələlik qorxulu bir şey yoxdur.
Digər tərəfdən yanaşanda, ən qədim əlyazmalarda, hətta daş əlyazmalarda da yaşlı nəslin gənc nəsil haqqında neqativ fikirlərinə rast gəlmək olar. 2000 il bundan əvvəl yazılmış mətnlərdir, amma orda da gənclərin mənəviyyatının pozulması, ağsaqqallara hörmət edilməməsi haqqında yazılar var.
Bu, əbədi yanaşmadır. Mən özüm də 70 yaşımda olanda 25 yaşlıları bəyənməyəcəm. Ona görə bu, bizim narahat olacağımız məsələ deyil.
"Kino Agentliyinin rəhbəri şəxsiyyət olaraq xoşlarına gəlməsə..."
- Kino Agentliyinin rəhbərinin və heyətinin açıqlanması Forumun ən gözlənilən məqamlarından idi. Amma bu baş vermədi...
- Qeyri-rəsmi informasiyaya görə, Maliyyə Nazirliyi ilə Kino Agentliyinin struktur məsələləri razılaşdırılmayıb. Digər tərəfdən düşünürəm ki, bu, yeni nazirin səbrli, bütün rəylərə qulaq asması, forumdan sonra yenidən düşünmək, kadrları gözdən keçirmək istəyindən, heyətin formalaşması barədə son qərar verməyə tələsməməsindən doğur. Bu, yaxşıdır və məni ümidləndirir.
Yenə deyirəm, ola bilər bu təyinat peşəkarları xəyal qırıqlığına uğratsın, yaxud hamını sevindirsin. Bu iki hissə bağlanmaq yox, tez zamanda məktublar, layihələr, proyektləri təqdim etmək lazımdır.
- Bütün hallarda iş görülməlidir...
- Bəli, tutaq ki, mənim filmim kiminsə xoşuna gəlmir, deməsin ki, Əli İsa pisdir, mənim layihəmi müzakirə etsinlər. Kino Agentliyinin rəhbərinin xoşuna gəlməsə belə, analiz etsinlər. Şəxsiyyətlərə yox, addımlara və konseptlərə fokuslanmaq lazımdır.
- İttifaqın hazırladığı təkliflər paketində xüsusi önəm daşıyan daha hansı məsələlər var?
- Biz Mədəniyyət Nazirliyi ilə ictimai təşkilatlar arasında çox isti əlaqələrin olmasını təklif edirik. Çünki kino ictimai təşkilatları dövlət vəsaitinin xərclənməsinin effektivliyi üçün güclü nəzarət mexanizmidir, ictimai təşkilatlar - beyin mərkəzidir. Həm də dövlətin, dövlət strukturlarının, Kino Agentliyinin əli çatmadığı, vaxtı olmadığı işləri görə biləcək qurumlardır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik, o biri ittifaqın 10 ildən artıq təcrübəsi var. Bu təşkilatların gücü kollektiv birlik olmasındadır. Orda səslənən fikir bir nəfərin, beş nəfərin yox, onlarla, yüzlərlə peşəkarın rəyidir. Ona görə sıx konsultasiya olmalı, ən azı ildə üç, dörd dəfə ictimai təşkilatlarla müzakirələr aparılmalıdır.
"Nəticə olandan sonra heç kim pulu soruşmayacaq"
- Bir də maliyyə hesabatları açıq olmalıdır. Siz çıxışınızda da buna toxundunuz.
- Hesabatlar Maliyyə və Vergilər nazirliklərinə verilməlidir və veriləcək. İctimaiyyəti narahat edən layihələrin ümumi büdcəsidir. İnsanlar çəkilən filmlərin büdcəsini bilmək istəyir. Və bu, çox normaldır, dünya təcrübəsində biz bunun şahidiyik, məsələn, film.ru, kinopoisk.ru və eləcə də digər saytalara girib filmlərin büdcəsi ilə bağlı ətraflı məlumat əldə edə bilirik.
Kimə nə pul verilib, yaxud verilməyib bunu aidiyyəti orqanlar yoxlayır. Əsas məsələ və ictimaiyyətə də lazım olanı layihələrin büdcəsini bilməkdir.
Amma ən əsası tamaşaçılar, peşəkarlar görsələr ki, istehsalat artıb, hamı işləyir, heç kimi incitmirlər, ortada yaxşı nəticə var, heç kim pulu soruşmayacaq. Mən sizi arxayın edirəm, Azərbaycan xalqını “kimin cibinə nə qədər getdi” narahat etmir.
O görəndə ki, kimsə varlanır, kimsə acdır, onda narahat olur. Görəndə ki, filmə çoxlu pul xərclənir, amma ortada nəticə yoxdur, onda narazı qalır.
Məsələ belədir...