""Sovremennik" teatrının rəhbəri Oleq Yefromov "MXAT" a baş rejissor təyin ediləndə, "Sovremennik" teatrının aktyorları "MXAT"ın aktyorlarına yazmışdılar ki, biz sizə bizim üçün ən dəyərli şəxsi verdik. Mehriban xanımın Akademik Milli Dram teatrına getməsi də mənim üçün eyni anlama gəlir".
Teleqraf.com xəbər verir ki, bunu Gənc Tamaşaçılar Teatrının rejissoru, aktyoru, əməkdar artist Nofəl Vəliyev Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunmasına münasibət bildirərkən sosial şəbəkədə yazıb.
O daha sonra əlavə edib:
"Əziz və sevimli Dram teatrının truppası biz sizə çox dəyərli bir insanımızı verdik. Mehriban xanım yolunuz açıq olsun. Mədəniyyətimiz üçün xeyirli olsun. Ürəkdən təbrik edirəm".
Qeyd edək ki, mədəniyyət nazirinin müvafiq əmri ilə Akademik Milli Dram Teatrının rəhbərliyinə gətirilən Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.