17 Fevral 09:27
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dublyaj çox çətin sahədir. “Azərbaycanfilm” kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. “Hələ bu sahəyə yeni ayaq döyürdük” demək daha doğru olar. Amma “Uşaqlığın son gecəsi”ndə Ənvər Həsənovun oynadığı Murad obrazı kinoda səsləndirdiyim ilk böyük rolum oldu, ondan sonra digər rejissorlar da mənə etibar etməyə başladılar”.

Bunu Teleqraf.com-a açıqlamasında Xalq artisti Rafiq Əzimov yaradıcılığında çox az bilinən faktla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, aktyorlar belə nüansları açıqlamağı sevmirlər.

“Təzə-təzə kinostudiyaya ayaqaçdı edəndə rejissor Arif Babayev mənə “Uşaqlığın son gecəsi” filmində fəhlə obrazını həvalə etmişdi. Amma hiss edirdim ki, mənə göz qoyur, hərəkətimə, danışığıma fikir verir. Günlərin bir günü dedi “Ay Əzimov, istəyirəm Muradı sən səsləndirəsən”. Bunu heç gözləmirdim. Sonra Muradı oynayan Ənvər Həsənovun bütün hərəkətlərinə, danışıq tərzinə, münasibətlərinə diqqət etməyə başladım. Ona görə də canla-başla çalışırdım ki, Ənvərin oynadığından bir az artıq Muradın danışığına, jestlərinə, sözsüz yerlərdəki münasibətlərinə daha dolğun öz yanaşmamı göstərim.

Çox vaxt aktyorlar belə nüansları açıqlamağı sevmirlər. Başqa aktyorların onları səsləndirməsi bəzi aktyorların xoşuna gəlmir. Mənim obrazımı başqa aktyor səsləndirəndə içimdə hər zaman narahatlıq olur. Axı bu rolu mən ifa etmişəm, dəqiqliyini də özüm bilirəm. Ona görə həmin rollarımdan nigaran qalıram: başqasının danışığı ilə mənim danışığım, münasibətlərim üst-üstə düşəcəkmi? Amma Muradı səsləndirməyim Ənvərin də, rəhmətlik Arifin də çox xoşuna gəlmişdi. Görün neçə il keçib, çoxları inanmır və çoxları da bilmir ki, Muradı mən səsləndirmişəm. Əsas odur ki, obraz yaxşı təqdim olunsun. Film bu gün də sevilir, tamaşaçılar tərəfindən qəbul olunur, bunda mənim də balaca əməyim olduğuna görə sevinirəm”.


Müəllif: Nərmin Muradova