Bu gün Bakıda “British Film Spring” (Bahar Mövsümünün Britaniya Filmləri) adı altında İkinci Britaniya Film Festivalına start veriləcək. “British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt qəzetimizə açıqlamasında bildirib ki, festivalın məqsədi Azərbaycan tamaşaçısına Britaniya kinematoqrafiyasının ən yaxşı filmlərini nümayiş etdirməkdir.
O bildirib ki, sözügedən festival sağlamlıq imkanları məhdud olan uşaqlarla işə həsr edilib. Bir ay ərzində xarici məşqçilər tərəfindən uşaqlarla böyük işlər görülüb və festivalda uşaqların bacarıqlarını, uğurlarını nümayiş etdirən qısa videoçarx göstəriləcək.
Festivala “Mr Turner” filmi ilə start veriləcək. Film unikal Britaniya rəssamı Uilyam Ternerin həyat tarixçəsindən və yaradıcılığından bəhs edir.
Aprel ayının 12-dək davam edəcək festivalda tamaşaçılara “Yamsılama oyunu” (The İmmitation Game), “Paddinqtonun macəraları” (Paddington), “Qoyuncığaz Şon” (Shaun The Sheep), “Rinq” (The Ring), “Qürur” (Pride) filmləri nümayiş etdiriləcək.
Filmlər “28 Cinema” kinoteatrında, ingilis dilində nümayiş olunacaq. Biletlərin qiyməti isə fərqlidir. Belə ki, 2D filmləri izləmək üçün tamaşaçılar 2 AZN, 3D filmlərə 3 AZN ödəyəcəklər.
Nərmin