17 Aprel 2015 18:44
3 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramil Qasımov: “Nina xanım onsuz çox yaşıya bilmədi”

Bu gün Azərbaycanın böyük sənətkarı Lütfiyar İmanovun doğum günüdür. O 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. İlk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində “5 manatlıq gəlin” tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb.

1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1959-cu ildə Moskvada tamaşaya qoyulan Koroğlu operasında baş rolu - Koroğlu rolunu oynayıb. 1968-ci ildə İncəsənət Universitetini bitirib və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olub. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışıb. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olub. İki övlad atası olan böyük sənətkar 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib. Sənətkarla bağlı xatirələrini bizimlə bölüşən vokalçı, musiqişünas Ramil Qasımov Teleqraf.com-a söhbətində onu gördüyü ilk günü belə xatırlayır: “1995-ci il sentyabr ayının 16-sı idi. Mərhum müəllimim Mobil Əhmədovla (konservatoriyada) indiki Bakı Musiqi Akedemiyasında dahi Üzeyir bəyin sinifində dövrünün böyük musiqiçiləri Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Rəşid Şəfəq və xor-dirijor müəllimi Namiq Nəbiyev otaqda idilər. Ümumi sənət müzakirəsi zamanı birdən qapı açıldı. İçəri səlis geyimli, itibaxışlı bir insan daxil oldu. Onu görən kimi tanıdım!

O, mənim uşaqlıq illərindən sevdiyim muğənni Lütfiyar İmanov idi. Qeyd etməliyəm ki, onu görən kimi həyacanlandım. Ona görə ki, böyük sənətkarla yaxından tanışlıq mənə həm şərəf verdi, həm də daha da məsuliyyətli olmağı aşıladı. Mənim ifamı dinlədikdən sonra ertəsi gün bizi müəllimimlə evinə dəvət etdi. Mobil müəllimlə onlara gəldik. Ev həqiqətən canlı klassikin mənzili idi. Divarda asılmış müxtəlif illərin foto şəkilləri həmçinin sənətkarın öz əl işi ilə çəkdiyi rəsimlər məndə bir uşaq kimi o günü həyat vərəqlərimin ən unudulmaz anına həkk edib yazdı. Müxtəlif illərdə Lütfiyar müəllim mənim konsertlərimə gələr və dəyərli fikirlərini bildirərdi. Kopelhouse Alman mədəniyyət mərkəzində ilk solo konsertimdə Lütfiyar müəllim səhnəyə çıxaraq mənə bu sözləri dedi: “Əzizim Ramil! Sənətinin gərək dəlisi olasan. Vaxtı ilə hərçənd ki, mənə dəli deyirdilər, mən o vaxt deyirdim, bəli! Mən Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisindən biriyəm. Çünki, sənətini sevməsən, heç bir zaman səndən əsl tarixdə yadda qalan sənətkar ola bilməz!”

Həqiqətən də bu sözlər mənə hər zaman örnək oldu. Daha sonra mən Musiqili teatrda solist kimi çalışanda, Süleyman Ələsgərov və Şıxalı Qurbanovun “Milyonçunun dilənçi oğlu opettası”nda Yetim obrazını ifa edən zaman səhnəyə çıxan Lütfiyar müəllim “Ramil, bu operettanın dostum Mobil Əhmədovdan sonra ən gözəl tenor solistidir”- deyəndə sevincimdən qanad alıb uçmaq istədim. Çünki vaxtı ilə Lütfiyar İmanov özü sənətə başlayanda məhz Musiqili teatrdan başlamışdı. Ramiz Mustafayev və Vasif Adıgözəlovun birgə yazdıqları operettada Heydər bəy obrazını ifa etmişdi. Zaman ötür, illər illəri ötürdükcə bəzən tarixi yazanlar elə şəxsiyyətlər özləri olur. Lütfiyar İmanov Azərbaycan musiqi tarixində öz adını qızıl həriflərlə tarixə həkk etdirən bir sənətkar oldu. 1958-ci ildə Opera və Balet teatrına dəvət olunan böyük dirijor Niyazinin tapıntısı olan Lütfiyar İmanov 1959-cu ildə Moskvada keçırılən Azərbaycan ongünlüyündə, Lütfiyar müəllim dahi Üzeyir bəyin “Koroğlu operası”nda Koroğlu rolunu uğurla ifa etdi. 1961-ci ildə bəstəkar Ramiz Mustafayev “Vaqif operası”nı (libretto müəllifi Firudin Mehdiyevdir) yazır. Azərbaycanın böyük musiqiçiləri bu operanın musiqi tarixində, opera sənətində yeni bir səhifə, qəliz - dramatik sujet xəttini özündə bağlayan bir opera olduğunu vurğulayırlar. Baş rolun ifaçısı Lütfiyar İmanovun isə Vaqif obrazını tamaşaçıya səlis açmasını, vokalçı kimi texniki baxımdan mükəmməl partiya əzəmətli səsləndiyini qeyd etdilər. Lakin Lütfiyar müəllimin müsahibələrində qeyd olunub ki, o təhsilini artırmaq üçün Moskvada, İtaliyada dərslər almış və avropa əsərlərinin bilavasitə təblixatçısı olmuşdur. Lütfiyar müəllimin yaradıcılıq palitrası zəngin və çox şaxəlidir. Belə ki, o, istər klassik, istər xalq, istərsə də,estrada janırında öz töhfələrini vermişdir. Elə bu da müğənninin zənginliyindən xəbər verir. Biz musiqi tarixində opera səhnə ifaçılarına nəzər yetirsək görərik ki, dahi Bülbüldən sonra Lütfiyar İmanov qədər uzunömürlü ifaçı olmayıb. 40 il müddətində opera teatrında altmışdan çox obrazı canlandıran, obraza yeni həyat verən Xalq artistinin 74 yaşında Koroğlu obrazını ifa etməsi musiqi tarixində nadir hal idi. Mən özüm də bu tamaşada tamaşaçı qismində iştirak edirdim.

Lütfiyar müəllim həm də nümunəvi həyat yoldaş idi. Belə ki, o, ömür gün yoldaşı Nina xanıma həqiqətən həyat dostu oldu. Nina xanım Lütfiyar müəllimin ölümündən sonra onsuz çox yaşıya bilmədi.

Lütfiyar müəllim hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı görüb. Böyük düha, ümummilli lider Heydər Əliyev hər zaman Lütviyar İmanovun sənətinə xüsusi qayğı ilə yanaşırdı. Cənab prezidentimiz İlham Əliyev Lütfiyar müəllimin sənətinə daim dəyər verirdi. Onun I Fəxri xiyabanda dəfni, mənzilinin önündə onun baralefinin əbədiləşdirilməsi dövlətin bir daha onun sənətinə qayğısından xəbər verir.

Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə “İstiqlal ordeni” ilə təltif olunub. Əminliklə deyə bilərəm ki, nə qədər Azərbaycan mədəniyyəti var Lütfiyar müəllimin sənəti əbədidir”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər