Fransada keçirilən 68-ci Kann festivalı rəsmi proqramını saytında dərc edib. Festivalın açılış filmi fransız aktrisası və rejissoru Emmanuel Berkonun “Başı uca” (La Tête Haute) ekran əsəri olacaq.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu ilin əsas proqramına dünyanın 10 ölkəsindən rejissorların 17 filmi daxil edilib. “Qızıl palma budağı” uğrunda, həmçinin Qas Van Sentın Mettyu MakKonahi və Naomi Uottsla “Ağaclar dənizi”, Todd Heynsin Keyt Blanşettlə “Kerol”, Castin Kurzelin Maykl Fassbender və Marion Kotiyyarla “Makbet” və Mayuenn Le Beskonun Vensan Kassel və Lui Qarrellə “Mənim kralım” filmləri mübarizə aparacaq.
Nüfuzuna görə ikinci olan “Xüsusi baxış” mükafatı uğrunda mübarizədə isə 14 film iştirak edəcək. Qısametrajlı filmlərin proqramına 9 ekran əsəri daxil edilib. Bu ilin seçim mərhələsində 100 ölkədən 4500 film təhlil olunub.
Qeyd edək ki, Kann festivalı mayın 13-də başlayacaq və mayın 24-də “Qızıl palma budağı” mükafatının təltifetmə mərasimi ilə başa çatacaq.