“Mülahizələri o qədər yanlışdır ki...”
Xalq artisti Rasim Balayev Teleqraf.com-a müsahibəsində Babək haqqında müzakirələrə münasibət bildirib. O, Babəki tənqid edənlərə sərt reaksiya verib:
“Vallah, biz olanımızı da özümüzdən o tərəfə qovuruq. Eşitdiyimə görə, Fazil Mustafa deyib ki, Babək, Nəsimi bizimki deyil. Bəs bizimki sənsən? Bu adam axı camaatın qəlbinə hopub. O vaxt Azərbaycan bir olub axı, necə yəni Babək bizim deyil. Bu, tarixdir. Əgər arqumentlə deyirsənsə, bu, başqa məsələdir. Məndə instinkt var, çıxış edən adamın savadını duyuram. Özüm dərin savadlı adam deyiləm, hər şeydən bir az bilirəm. Kimsə bir mövzudan danışırsa, o dəqiqə hiss edirəm ki, mövzu həmin şəxsi maraqlandırır, yoxsa özünü, bilik dünyasını təqdim etmək niyyətindədir. Əgər sən konkret elmi əsaslarla sübut edirsənsə, səninlə razı olaram, axı sən sübut edə bilmirsən”.
Teleqraf.com-un əməkdaşı məsələ ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini soruşub. O, deyib ki, Rasim Balayev Azərbaycanda sayılıb-seçilən sənət adamlarından biridir: “Ancaq mülahizələri o qədər yanlışdır ki, izahedici şərh vermək də çətinlik yaradır. “Eşitdiyimə görə, Fazil Mustafa deyib ki, Babək və Nəsimi bizdən deyil” deyir-dəqiq və mübahisəyə açıq bir başlanğıcdır. Ya bildiyimə görə olur, ya gördüyümə görə, ya da, özüm şəxsən eşitdiyimə görə olur. Kimdənsə eşitdiyim artıq bəri başdan iradın ciddilik effektini azaldır.
“Babək və Nəsimi bizdən deyil” mənə məxsus ifadə deyil. Fikrin hansı konteksdə işlədilməsi çox əhəmiyyətlidir. Babəkin türklərlə əlaqələndirilməsinin yanlış olduğu, bu gün bizim çoxluğumuzun qəbul etdiyimiz İslam dünyagörüşünə qarşı vuruşduğu, özünün bizim müasir əxlaq sistemimizə zidd olan dəyərləri daşıdığı və nəhayət onu xilafət ordusundakı türklərin məğlub etdiyini arqumentlərlə yazmışam və demişəm. Hürufiliyin ən əsas təmsilçilərindən olan Nəsimi Babəkdən fərqli olaraq böyük bir türk şairidir, dilimizin inkişafında mühüm rolu olmuş, fəqət dünyagörüşcə xürrəmiliyin davamçısı olan Hürufiliyi təbliğ etmişdir. Hürufilik də Xürrəmilik kimi hülul, ricət kimi İslamda şirk sayılan görüşləri özündə daşıdığına görə, onun dünyagörüşünün İslama zidd olduğunu yazmışam və demişəm. Əlbəttə, bunların hamısını elmi arqumentlərə dayanaraq söyləmişəm.
Hörmətli sənət adamımız deyir ki, özüm dərin savadlı deyiləm, hər şeydən bir az bilirəm və bu fikirləri də instinktlə söyləyirəm. İndi bu etirafdan sonra mən hansı metodla izah edim ki, özü də yanaşmasının yanlış olduğunu qəbul etsin? Bu mövzu "Azərbaycan türkünün iman davası" və "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt" adlı tədqiqatlarimda mənbələrlə isnad edilərək əhatəli şəkildə araşdırılıb. Məncə, eşitməkdənsə, oxuyaraq münasibət bildirmək daha məqsədəuyğun olardı”.
Kəramət Böyükçol