Nazir: “Bu film kimlər üçünsə gözlənilməz olacaq”
Bu gün Nizami Kino Mərkəzində dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Yarımçıq xatirələr” bədii filminin təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış kinematoqrafçılar, eləcə də əsgər və zabitlər iştirak edib.
“Onlarsız bu film heç vaxt çəkilə bilməzdi”
Mərasimdə çıxış edən Əbülfəs Qarayev 9 May Qələbə günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib: “Bu gün xüsusi bir gündür. Bütün dünya dövlətləri alman faşistləri üzərində qələbənin 70 illiyini qeyd edir. Azərbaycan mədəniyyət cəbhəsində çalışan insanlar da bu bayrama əliboş gəlməyiblər. Onların görüşünə zabitlərin, əsgərlərin şücaətinə həsr olunmuş bir film -“Yarımçıq xatirələr”lə gəlmişik. Tarixboyu insanlar mübarihəbələri apararaq, o müharibələrdən ibrət dərsi çıxardırdılar. Ki, gələcək nəsillər sülhdə, əmin-amanlıqla, dostluqda yaşasınlar. Amma çox təəssüf ki, Azərbaycan torpaqları hazırda Böyük Vətən müharibəsində onunla bərabər vuruşan millət tərəfindən işğal altındadır və müharibə indi iki xalqın arasında davam edir. Bu yalnız və yalnız erməni millətçilərinin bədnam siyasətinin nəticəsidir. Azərbaycan xalqı çətinlikləri dəf edən xalqdır və çətinliklərin öhdəsindən gəlmək siz zabitlərin, əsgərlərin, generalların öhdəsinə düşür. Bu gün təqdim olunan “Yarımçıq xatirələr” kimin üçünsə gözlənilməz film olacaq, kimin üçünsə bilmədiyi səhifələri açmış olacaq. Filmin ərsəyə gəlməsində böyük yaradıcı kollektiv iştirak edib. Və bu filmin çəkilişi vaxtilə müharibədə çiyin-çiyinə vuruşan xalqların yenə də qurmaq, yaratmaq istəyini, əzmini göstərir. Təqdimatda Belorusiya, Gürcüstan nümayəndə heyəti də iştirak edir. Onlarsız bu film heç vaxt çəkilə bilməzdi”.
“Buna görə məni qınayırlar”
Filmin rejissoru Elxan Cəfərov ekran əsərinin ərsəyə gəlməsində Mədəniyyət və Turizm Nazirliyi ilə bərabər Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinə minnətdarlığını bildirib: “Biz fəxr edirik ki, bu yaradıcı qrupla yenidən Qarabağ mövzusuna toxunmuşuq. Çox istərdik ki, bu filmin auditoriyası daha geniş olsun. Bu gün siz filmin Azərbaycan versiyasını görəcəksiniz, amma qeyd edim ki, filmin rus dilli verisiyası da var. Arzumuz budur ki, film ölkədən kənarda da geniş auditoriyaya nümayiş etdirilsin”.
Rejissor bildirib ki, filmdə 5/1 səs formatından istifadə edilib: “İlk filmimdir ki, bu formatda təqdim olunur”.
E.Cəfərov filmdə qadın obrazlarının azlığına işarə vurub, çox zaman buna qınaq obyektinə çevrildiyini də deyib: “Digər filmlərimdə olduğu kimi bu filmdə də qadın obrazları azlıq təşkil edir. Buna görə məni qınayırlar. Amma söz verirəm növbəti dəfə romantik bir film çəkib, ora çoxlu qadın aktrisalar dəvət edəcəyəm”.
Çıxışlardan sonra “Yarımçıq xatirələr” filmi nümayiş olunub.
Məlumat üçün bildirək ki, “Əsgərin şücaəti” adı ilə istehsalata buraxılan filmin əsas çəkilişlərinin Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində, eyni zamanda Azərbaycanda aparılıb.
Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim Şafranskiy, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur.
Qeyd edək ki, filmdə Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoliy Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.
Nərmin
Foto: Rəşad Abbasov