Gənc Tamaşaçılar Teatrının xalq artisti Tariyel Qasımov Akademik Milli Dram Teatrında baş verən hadisələrə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, xalq artisti bu cür prosesləri Gənc Tamaşaçılar Teatrında da baş verdiyini qeyd edib: “Akademik Milli Dram Teatrının daxili işlərinə qarışmaq ixtiyarım yoxdur. Həmkarlarımın ən böyük istəyi o idi ki, teatra baş rejissor təyin edilsin. Mədəniyyət və Turizm Nazirliyi də Azərpaşa Neməti teatra bədii rəhbər və baş rejissor təyin etdi. Bundan sonra aktyorlar problemlərini baş rejissor ilə məsləhətləşəcəklər. Yaradıcılıq işlərinə əsasən, baş rejissor baxmalıdır və aktyorlar da istəklərinə nail oldular.
Ümumiyyətlə, aktyorların qəlbi çox kövrək olur. Yəqin “Azdrama”nın direktoru kiminləsə kobud rəftar etdiyinə görə, bu problemlər yaranıb. Bizim teatrın direktoru Mübariz Həmidovun fəaliyyəti çox yaxşıdır. Onu da deyim ki, teatrımızda Cənnət Səlimovaya görə belə bir münaqişə yaşanmışdı. O, baş rejissor idi və tamaşalarında ancaq öz aktyorlarına üstünlük verirdi. Hansı ki, teatrımızda böyük sənətkarlar var idi. Cənab nazir Əbülfəz Qarayev problemi həll etdi və Cənnət Səlimovanın baş rejissor kimi fəaliyyətinə son qoydu. Hazırda teatrımızda çox mehribanıq və problemimiz yoxdur. Düzdür, baş rejissorumuzun rəğbət bəslədiyi, tamaşalarında daim rol verdiyi aktyorlar var. O bizə çox pis təsir etmir. Özü bilər...Hər halda fikirləşir ki, tamaşanın yaxşı olması üçün yaxşı aktyora rol versin. Onu da deyim ki, arada bizə də rol verir. Başqa teatrlara baxanda bizim teatra tamaşaçı axını böyükdür və yüksək səviyyəli tamaşalar hazırlanır”.
Rəqsanə Həsənova