Musiqili Teatrda SSRİ xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olub.
Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, bu, Musiqili Teatrda 106-cı mövsümün ilk premyerasıdır: “Premyera böyük anşlaqla keçib. Rauf Hacıyevin möhtəşəm musiqisi hamını heyran edib. Peşəkar aktyor oyunu, rejissor yozumu tamaşaçıların böyük marağına səbəb olub. Tamaşadan sonra böyük bəstəkar Rauf Hacıyevin oğlu, hazırda Türkiyədə yaşayan rejissor, əməkdar incəsənət xadimi Fuad Hacıyev telefon açaraq Musiqili Teatrın kollektivinə öz minnətdarlığını bildirib, “Qafqazlı qardaşqızı” operettasına yeni səhnə həyatının verilməsində əməyi olan hər kəsə təşəkkür edib. Premyeranı izləyən ailə üzvləri, yaxınları telefon vasitəsilə Fuad Hacıyevə tamaşadan şəkillər, video-görüntülər yollayıblar. Bu şəkillərdən, video-görüntülərdən onda xoş təəssüratların yarandığını bildirən böyük bəstəkarın oğlu, tanınımış rejissor yaradıcı heyyətə şəxsən öz adından, Rauf Hacıyevin ailəsi adından minnətdarlıq edib”.
Teatrın rus bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrın tarixinə yazılan tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd Novruzov ifa edirlər.
Nərmin