Teleqraf.com sənətçilər arasında sorğu keçirib: “Sonuncu dəfə hansı kitabı oxumusunuz?”
Nəticələri təqdim edirik.
Xalq artisti Nazpəri Dostəliyeva sonuncu dəfə yazıçı Çingiz Abdullayevin əsərlərini oxuduğunu deyir: “Çingiz Abdullayevin əsərlərini çox sevirəm və sevə-sevə oxuyuram. Ümumiyyətlə, detektiv janrında olan əsərləri çox sevirəm. Klassik əsərləri də oxuyuram. Hər bir insan mütləq kitab oxumağa vaxt ayırmalıdır və mütaliəsindən qalmamalıdır”.
Faiq Ağayev isə hazırda Piter Ceymsin “Alatoranlığın astanasında” kitabını oxuyur: “Kitabın qəhrəmanı hüquq-mühafizə orqanlarında çalışır. Silsilə kitablardır və qəhrəmanın başına gələn hadisələrdən bəhs olunur. Ümumiyyətlə, vaxt tapan kimi oxuyuram. Günün bütün saatlarında mütaliə edə bilərəm. Daha çox tarixi, detektiv fantastika janrlarında olan kitabları oxuyuram. Məhəbbət mövzusunda olan əsərləri oxumuram.
Bir şey də deyim: Kitab insanın dünyagörüşünə təsir edə bilər, lakin insanı hansısa hərəkətə zövq edirsə, o insanın şəxsiyyət olaraq tamamlığı sual altındadır. Düşünürəm ki, insanın formalaşması kitabla bağlı olmamalıdır”.
Müğənni Nura Suri yaxın günlərdə “Sojjennıy zajiva” kitabını oxuyub: “Sonuncu dəfə Suadın yazdığı “Sojjennıy zajiva” kitabını oxumuşam. Deməzdim ki, güclüdür, amma baş verən hadisələr təsirlidir. Əsər Fələstində yaşayan xanımların başına gələnlərdən bəhs edir. Burada bir xalqın qadına olan münasibəti əks olunur.
Əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin kitablarını da çox sevirəm. O, Əfqanıstanın problemini kitablarında çox açıq göstərir. Əsərlərinin təsirindən bir-iki ay çıxmaq olmur.
Məhəbbət mövzusunda olan əsərləri gənc yaşlarda oxumuşam. Ümumiyyətlə, mən 10 yaşımdan bədii ədəbiyyat oxuyuram. Məktəbdə dərs bitən kimi kitabxanaya gedirdim.
Aleksandr Dümanın bütün əsərlərini çox sevirəm. On bir yaşımdan onun əsərlərini oxumağa başlamışam. Ümumiyyətlə, fransız yazıçılarının əsərlərini çox oxuyurdum və özümü uşaq vaxtı Fransada doğulmuş kimi hiss edirdim. Amma Fransanı gördükdən sonra fikrimdən daşındım. Parisi sevmədim və qurduğum xəyallar boşa getdi. Hazırda daha çox real həyatdan bəhs edən kitabları oxuyuram. Eləcə də, həyatda baş verməyən hadisələrdən bəhs edən və ideyası böyük əsərləri oxumaq çox xoşuma gəlir”.
Rəqqasə Oksana Rəsulova deyib ki, üç həftə əvvəl Qurban Səidin “Əli və Nino” romanını oxumuşam: “Mütaliə etməyi çox sevirəm. Daha çox tarixi əsərləri oxumağa çalışıram. Romantik əsərləri sevmirəm. Vaxtım olanda detektiv də oxuyuram.
Onu deyim ki, məhəbbət mövzusunda romanlar oxumuram. Çünki son zamanlar çox məntiqsiz yazırlar. Dünya ədəbiyyatını sevirəm. Sevdiyim ik-üç yazıçı var. Oksana Robskinin poemaların çox sevirəm. Hətta sevdiyim kitabları üç-dörd dəfə təkrar oxuyuram. Qadın və kişi psixologiyasından bəhs edən kitabları da çox sevirəm”.
Xatirə İslam da mütaliəni sevənlər sırasında olduğunu dedi: “Kitab oxumağı çox sevirəm. Atam-anam müəllimdirlər. Qardaşım 700 bal ilə universitetə qəbul olub. Yoldaşım Amerikada və Azərbaycanda iki universitet bitirib. Mən də İncəsənət Universitetini bitirmişəm. Mütaliəyə münasibətim çox gözəldir, amma hazırda mütaliə etməyə vaxtım yoxdur. Çünki həm evdar, həm də “çöldar” xanımam. Oğluma da özüm baxıram, dayəsi yoxdur. Müğənni kimi işlərim çoxdur. Konsertlər, dövlət tədbirləri, el şənliklərində iştirak edirəm. Yəni ki, bütün işlərimi özüm görürəm. Buna görə də kitab oxumağa vaxtım yoxdur. Bütün işlərini özü görən adamın kitab oxumağa vaxtı olar?”.
Abbas Bağırov da sənəti ilə bağlı kitaba oxumağa vaxtı olmayan müğənnilər sırasındadır: “Son vaxtlar kitab oxumamışam. Şəxsi və sənətlə bağlı işlərimin çox olmasına görə kitab oxumağa vaxt ayıra bilmirəm. Təbii ki, kitab oxumağı çox sevirəm və oxumuşam”.
Könül Kərimova bildirdi ki, axırıncı dəfə Əlif Şəfəqin “Eşq” romanını oxuyub: “Əslində, son günlər oxumağa bir o qədər də vaxtım olmur . Kaş ki, kitab oxumağa vaxtım olardı. Sonuncu dəfə 3-4 ay əvvəl Əlif Şəfəqin “Eşq” romanını oxumuşam”.
Gülyanaq Məmmədova da mütaliə edən məşhurlardandır: “Mütaliə etmək vaxta baxmır. Adam var deyir ki, mütaliə etməyə vaxtım yoxdur. Oxuyan adam harada olsa kitab oxumağa vaxt tapır. Metroda, hətta təyyarədə də kitab oxuyur. Belə ki, hər zaman mütaliə etməliyik. Son zamanlar daha çox poeziya, qəzəllərimizi oxuyuram. Yaradıcılığımla yanaşı İncəsənət Universitetində dərs deyirəm. Amma yenə də mütaliə etməyə vaxt ayırıram. Mütaliə həmişə və hər birimizə lazımdır. Belə bir söz var: “Pul xərcləndikcə azalır, elm isə xərclədikcə çoxalır”. Baxmayaraq ki, telefonlar başımız qatıb, amma birinci yerdə mütaliə durur”.
Xuraman Şuşalı üç ildir kitab oxumurmuş: “Anam dünyasını dəyişdi və eləcə də, övladlarım dünyaya gəldikdən sonra kitab oxumağa vaxtım olmadı. Vaxtımı daha çox uşaqlarıma ayırıram. Düzdür, kitab oxumasam da bacım qızına oxuması üçün sevdiyi kitabları hədiyyə edirəm. Hazırkı həyatım uşaqlarım, xınayaxdı mərasimləri və “İnstagram”dır”.
Aparıcı-bəstəkar Murad Arifin sözlərinə görə, hər zaman kitab oxuyur: “Hər zaman kitab oxuyuram. Dünən Qreqori Devid Robertsin “Şantaram” kitabını almışam. Amma hazırda Corc Ourelin “1984” romanını oxuyuram. Əsər antiutopik romandır. Həyatda olmayan hadisədən bəhs olunur və müəllifin təxəyyülünün nəticəsində yazılıb. Dünyanın ən məşhur kitablarından biridir. Qarşıdakı günlərdə Dostoyevskinin əsərlərini oxuyacam. Məhərrəm ayına görə bir müddət toy olmayacaq və kitab oxumağa vaxtım daha çox olacaq”.
Rəqsanə