22 Dekabr 2015 15:06
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com müğənni İlhamə Qasımova ilə müsahibəni təqdim edir:

- “Şər qarışanda” filminə çəkilmisiniz. İlk dəfədir ki, filmə çəkildiniz. Təəssüratlarınızı eşitmək istərdik…

- Bəli, ilk dəfədir ki, filmə çəkildim. Ən önəmlisi odur ki, rəfiqəm Oksananın çəkdiyi və çox sevdiyim rejissorun filminə çəkildim. Filmdə çəkilmək mənim üçün maraqlı təcrübə idi.

- Bundan sonra filmlərdən və seriallardan təklif gəlsə dəyərləndirərsinizmi?

- Serialda çəkiləcəyimi bilmirəm. Çünki seriallara baxmıram. Filmlərdə əgər maraqlı və xoşuma gələn obraz üçün təklif olsa dəyərləndirərəm. Məni işin keyfiyyəti maraqlandırır. Ona görə də filmin çəkilişi bir ay nəzərdə tutulur, amma üç-dörd ay uzanır. Mən onu başa düşürəm. Amma bizim başqa işlərimiz də var axı. Əgər hər şey vaxtında olacaqsa filmlərdə çəkilərəm.

- Son günlər müğənnilər vergiyə görə gündəmdədir. Hətta vergi borcu olanlar təyin edilib. Siz necə verginizi vaxtında ödəmisiniz?

- Vergini ödəmək hər insanın borcudur. Başa düşməliyik ki, dövlət vergisi vaxtında ödənməlidir. Mən heç bir həmkarımı da qınamıram və deyə bilmərəm ki, niyə vergini ödəmirsən? Amma vergini ödəmək borcumuzdur. Kim pul qazanırsa qazandığı pulun da vergisini ödəməlidir. Mənim hələ ki, biznes fəaliyyətim yoxdur. Olanda müqaviləmə əsasən ödəyəcəm. Mənim “VÖEN”im var və vergimi ödəyirəm. Özüm üçün şou-proqramlar və tədbirlər üçün cədvəl tərtib etmişəm. Hər bir xırdalığına qədər yazmışam. Hətta vergi ödəməyə gedəndə cədvəlimə baxıb gülürdülər. Düşünürəm ki, vergi üçün müğənnilərə çox ədalətli faiz qoyulub. Ona görə də vergidən qaçmağa dəyməz. Eşitdiyimə görə gələcəkdə toylardan, tədbirlərdən vergi köçürmə ilə olacaq. Bu, mənim üçün çox sevindiricidir.

Toylarda çox çıxış etmirəm. Bizi şou-proqramlara və tədbirlərə dəvət edən zaman da qanuni qayda ilə vergisini ödəyəcəyik. Mən hər şeyin qanun çərçivəsində düzgün olmasını istəyirəm. Vergini ödəmək hər kəsin borcudur. Mən dövlət işində işləyirəm. Vergimi də ödəyirəm. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistiyəm. Dövlət maaşım var və ondan vergi ödəyirəm. Düşünürəm ki, vergi ödəməklə dövlət büdcəsinə kömək edirik.

- Bu günlərdə hər kəsi narahat edən problemlərdən biri də dolların məzənnəsinin qalxması oldu. Hətta məşhurlar sosial şəbəkədə şikayətləndilər. Sizə necə dolların dəyərinin qalxması təsir etdimi?

- Hələ ki, təsir etməyib. Maaşım onsuz da azdır. Ancaq məni narahat edən odur ki, süni şəkildə mağazalarda ərzaqların qiyməti qalxmasın. Hamı vəlvələyə düşür. Əvvəlcədən qiyməti qaldırırlar. Bu da insanlara təsir edir. Manatla yığdığım pul yoxdur ki, pullarımın batdığını düşünüm. Normal maaş alıram. Gündəlik normal xərclərim var. Ona görə də mənim üçün elə də fərqi yoxdur.

- Bir az əvvəl biznesdən danışdınız. Biznesiniz varmı yaxud da gələcəkdə bu sahə ilə məşğul olacaqsınızmı?

- Biznesim yoxdur. Müğənni kimi tədbirlər təşkil etmək istəyərəm. Digər sahələrdə bizneslə məşğul olmağı bacarmaram. Məsuliyyəti sevən insanam. Həmişə özüm üçün riyazi hesablamalar edirəm. Biznesdə 20 faiz deyil, 2 faiz belə çatışmazlıq olsa işə addım atmaram. Çünki qorxuram. Həyatdır, hər şey ola bilər. Mən hətta kredit belə heç vaxt götürmürəm. Eləcə də, kreditlə heç nə almıram. Bu gün pul qazana bilsəm də sabah qazana biləcəyəmmi deyə düşünürəm. Əgər bir manatım varsa ona uyğun nəyisə alıram. Əks təqdirdə almıram. Ona görə mənim kimi insan bizneslə məşğul ola bilməz. Bizneslə məşğul olan insan riski sevməlidir. Mən isə riski başqa şeydə sevirəm.

- Müğənni Lalə Məmmədova maşını kteditlə aldığını deyib. Siz necə, maşınınızı kreditlə almısınız?

- Xeyr, maşınımı kreditlə götürməmişəm. Mənə ətrafımdakı insanlar kömək ediblər. Özüm avtomobil almamışam. 6 il əvvəl yoldaşım alıb. Eləcə də qardaşım, ailəm maşını mənə hədiyyə ediblər. İlk dəfə maşın alanda pulun üçdə bir hissəsini özüm ödədim. Çox bahalı maşın deyildi. Amma ikinci maşın mənə hədiyyə edildi. Çünki maşın almağa da gücüm çatmazdı. Evdəkilər mənə kömək etməsəydilər maşınım olmayacaqdı. Mən kreditlə maşın alan Lalə xanımı və digər həmkarlarımı qınamıram. Hətta alqışlayıram. Əslində, onlar çox güclü insandır. Mən o cəhətdən zəifəm. Kiməsə arxalanıb, o işləri görürəm. Onlar isə öz güclərinə arxalanırlar.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər