Ötən həftə qocaman ziyalı Adil Kərimovla görüşdük. Yurdundan didərgin düşən A.Kərimov ailəsinin repressiya illərində çəkdiyi əziyyətlərdən, eləcə də, yeni çap olunan üçüncü şeir kitabından bəhs etdi. Sonuncu kitabında doğulduğu yurdun tarixindən, ailə şəcərəsindən də söz açan Adil müəllim bir sıra maraqlı məqamlara toxundu.
“Atam repressiya olundu…”
Adil Kərimov Azərbaycan tarixinə ağır faciə kimi daxil olmuş 1937-ci ilin hadisələrindən danışdı: “1933-cü ildə Qərbi Azərbaycanın Türkiyə ilə həmsərhəd olan Zəngibasar rayonunun Reyhanlı kəndində eldə-obada məşhur Rza Kərim oğlunun ailəsində dünyaya göz açmışam. Mən 4 yaşında olarkən Stalin repressiyasının milyonlarla günahsız qurbanlarından biri kimi atam da 1937-ci ilin 17 noyabrında həbs edildi və bir daha geri qayıtmayıb. Qürbətdə məhv olmuş və məzarı da bilinməyən atam yalnız 1967-ci ildə günahsız repressiya qurbanı kimi bəraət qazandı.
1937-ci ilin dəhşətli, tutatut, repressiya dövründən sonra insanlar yavaş-yavaş dinc həyata başlasalar da, həmin illərin vurduğu yaralar tam sağalmamışdı. Bizim ailə də xüsusi olaraq təhqir olunurdu. Anam kolxozda kişilərlə bərabər işləsə də, “Qulaq ”- “hökumətin düşmənisən” deyə əməyinə qiymət verən yox idi. Yadıma gəlir, mən Komsomola keçmək istəyərkən “sən Qulaq-xalq düşməninin oğlusan” deyə mane olurdular. 1938-ci ildə bizim Reyhanlı kəndində cəmisi 30-40 ev olardı ki, həmin kəndin qaymaqlarını-sözü keçən ən yaxşı adamlarından yeddi nəfər kişini erməni cəlladlarının əli ilə tutub Sibirin soyuq çöllərində məhv etdilər. Mənim atamla dayısı Məşədi Mustafa oğlu Əlini də tutmuşdular. Atamdan sonra üç bacı və iki qardaş anamızın himayəsində böyüyüb, ali təhsil almışıq. Mən 1940-cı ildə kəndimizdə orta məktəbə qəbul olmuşam. İkinci Dünya müharibəsi illəri çox acınacaqlı idi. Müharibə illərində hamının vəziyyəti ağır idi. Yaz olanda kəndin qoca qadınları uşaqlarla çöllərdən yenicə çıxan pencərlər-qaz ayağı, acıqıcı mərəköyüd, göbələk yığıb gətirər, onu qaynadıb qatığa töküb yeyərdilər. İşləyənlərin hər birinə gündə 400 qr. qara çörək verər, bəzən də çöldə işləyənlərə aş bişirib verərdilər. 1945-ci il may ayının 9-da müharibə qurtardı. Müharibədə ölənlər öldü, sağ qalanlar və yaralılar geri döndülər. Lakin bizim kənddən və bizim qohumlardan bir nəfər də olsun nə yaralı, nə salamat qayıdan olmadı. Beləliklə, mənim uşaqlıq dövrüm başa çatdı. 1946-1947-ci illərdə mən 13-14 yaşında ailəmizin içində yeganə kişi kimi böyüklərə məxsus işlər görməyə başladım”.
Jdanova sürgün
Repressiyadan sonra bu ailənin başına daha bir faciə gəlir: Deportasiya. Adil Kərimov o illəri belə xatırlayır:
“Müharibənin qurtarmasına baxmayaraq nə anam sevindi, nə də nənəm. Çünki bizimkilərin heç biri müharibədən gəlmədi. Nənəmin günləri ağlamaqla keçirdi. İki igid oğlu müharibəyə gedib, fəqət gəlməyib. Biri ali təhsilli subay oğlan, digərinin üç qız körpəsi qalmışdı. Mən artıq 13-14 yaşında idim. Gündüzlər məktəbə gah gedir, gah da getmirdim. Gecələr kolxozun yemiş bostanında gözətçi işləyirdim ki, ailəyə bir xeyir dəysin. Məktəb bağlananda kolxozun kiçik danalarına baxırdım. Aparıb çöldə otarırdım. Kəndin quzularını da otarıb çörək pulu qazanırdım. Artıq çöldə mal-qara üçün ot becərməyə başladım. 1948-ci ildə Reyhanlı kənd yeddi illik məktəbi bitirib, Zəngibasardakı orta məktəbin 8-ci sinfinə daxil olub oxumağa başladım. Zəngibasar rayon orta məktəbində iki il yarım oxudum, 8 və 9-cu sinfi bitirdim. Bir ay da 10-cu sinifdə oxuduqdan sonra 1948-1950-ci illərin deportasiyası nəticəsində bizim rayonu zorla Ermənistandan-Qərbi Azərbaycandan 1950-ci il sentyabrın 20-də Azərbaycan Respublikasının “ilan mələyən” pambıqçılıq rayonu olan Jdanov - Beyləqan rayonunun 1-ci pambıqçılıq sovxozuna bir növü sürgün etdilər. Stalin və Mikoyanın əmri ilə bizi məcburi olaraq bura köçürdülər. Mən atam olmadığına görə evi dolandırmalı oldum və məktəbi davam edə bilmədim. Yalnız 1952-1953-cü dərs ilində Ağstafa rayonundakı qohumlarımın himayəsi nəticəsində orada orta təhsili başa vura bildim”.
“Mircəfər Bağırova nənəmin dilindən ərizə yazdım”
A.Kərimov Jdanovda başına gələn hadisədən, Mircəfər Bağırova yazdıqları məktubdan danışdı: “Mən həmin sovxozda işləyərkən bizdən, yəni Ermənistandan köçüb gələnlərdən zəhləsi gedən sovxozun İsmi adlı şöbə müdiri (qardaşı rayonun hərbi komissarlıqda işləyirdi) məni 1933-cü ildə doğulmağıma baxmayaraq qardaşının köməyi ilə üç il qabaqdan (o vaxt əsgərliyə 20 yaşında aparırdılar) zorla əsgərliyə göndərmək istəyirdi. Mən həmin çağırışdan qaçdım. Xalam qızının həyat yoldaşı Yaqubun köməkliyi ilə yük vaqonunda Bakıya özümü çatdırdım. Mircəfər Bağırova nənəmin dilindən ərizə yazdım. Mənim ərizəmin cavabı bir həftəyə gəldi, müsbət həll olundu. Məni əsgər aparmadılar. Bizə sovxozda yaxşı bir ev verdilər. Sonra 1951-ci ilin sentyabrı gəlib çatdı. Anam dedi ki, mütləq oxumalısan. Özü də daha həmin sovxozda qala bilməzdim. Çünki Bağırov həmin adamlara layiqli cəza vermişdi. Odur ki, mən Ağstafada yaşayan Yəhya adlı kirvəmgilə gəlib, Ağstafada Yeni Gün kənd orta məktəbinin 10-cu sinfində oxudum. Yeni gün kəndi məşhur bir kənddir. Böyük şairimiz Hüseyn Arif özü, atası və nakam ölən oğlu Arif də həmin kənd qəbristanlığında dəfn edilib. Hüseyn Arifin yazmasına görə onun ana nənəsi Aişə xanım da Göyçə mahalından imiş.
1953-cü ildə Bakı şəhərinə gəlib Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis və Azərbaycan dili fakultəsinə daxil oldum. 1959-cu ildə həmin ali məktəbi bitirib, yenidən dədə-baba yurduna qayıtdım və doğma Reyhanlı kənd orta məktəbinə müəllim təyin olundum. Onu da qeyd edim ki, Ağstafada Qətibə xanımla tanış oldum, 1957-ci ildə onunla evləndim.
“Mircəfər dedi ki, mane olmayın…”
“Beyləqanda həmin dövrdə çoxlu pambıq əkilirdi. Biz isə pambıq əkib, görməmişdik. İrəvanın dağ havası, sərin suyu ilə yaşayan insanlar, həmyerlilərimiz orada vaxtsız qırıldı, məhv oldu. Oranın suyu Araz çayından kanallar vasitəsi ilə gəlirdi, isti və bulanıq idi. Bir sözlə, dolanışıq yox idi. Maddi cəhətdən imkanı yaxşı olanlar Azərbaycanın yaxşı yerlərinə köçdülər. Bağırov əmr verdi ki, onlara mane olmayın. Harada istəyirlər yaşasınlar. Lakin bizim qohumların imkanı yox idi. Bakı-İrəvan qatarının ümumi vaqonlarında açıq, çılpaq cüzi ev əşyaları, əyin paltarları ilə İrəvana qayıtmağa, yük aparmağa icazə vermirdilər. 1950-ci ilin sentyabrında Azərbaycana mal-qaralı, çoxlu ev əşyaları ilə gedən bizim kimi insanlar 1954-cü ildə geri qayıtdılar. Ermənilər yerimizə qayıtmağa qoymurdular. 1953-cü ildə ölkə bir az nəfəs almağa başlamışdı. Moskva işə qarışandan sonra camaatımızın qayıdan hissəsi özlərinə yurd, yuva tikməyə başladılar. Hökümət də kiçik evlər tikib Sovxozlarda camaatı məskunlaşdırdı”.
Deportasiya qərarının ləğvindən sonra öz yurduna dönən Adil Kərimov burada pedaqoji fəaliyyətlə məşğul olur:
“Mən əmək fəaliyyətimə müəllimliklə başlasam da, müxtəlif illərdə bir çox vəzifələrdə: orta məktəbdə dərs hissə müdiri, tərbiyəvi işlər üzrə direktor müavini, bir neçə il Reyhanlı kənd orta məktəbində direktor, Masis (Zəngibasar) rayon xalq nəzarəti komitəsində şöbə müdiri, rayon həmkarlar komitəsində plenumun üzvü və bir çox işlərdə işləmişəm. Əmək fəaliyyətimdəki uğurlarıma görə 1970-ci ildə “Lenin yubiley medalı”, 1984-cü ildə uzun illər səmərəli və qüsursuz işlədiyim üçün “Əmək veteranı” medalına layiq görülmüşəm. İşlədiyim illərdə dəfələrlə Təhsil Nazirliyinin fərmanları ilə təltif olunmuş, “Maarif əlaçısı” adına layiq görülmüşəm”.
İkinci deportasiya
Tale elə gətirir ki, digər minlərlə ailə kimi Adil Kərimovun ailəsi ikinci dəfə deportasiyaya məruz qalır:
“1988-ci ildə mənfur erməni millətçilərinin fitnəkarlığı nəticəsində 250 mindən çox həmvətənimlə birlikdə doğma torpağımdan qovularaq gəlib Bakı şəhərində məskunlaşmışam. Bakı şəhərində çox hörmətlər görmüşəm. Kiçik qızımı 108№- li uşaq baxçasına müəllimə, məni isə 16№-li şəhər məktəbinə müəllim təyin etdilər. İşlədiyim 15 ildə məktəb şagirdlərinin, valideynlərin, eləcə də, məktəbin müəllim kollektivinin və məktəb rəhbərlərinin hörmətini qazanmışam. 1998-ci ildə həmin məktəbin müəllim kollektivi mənim anadan olmağımın 65 illik yubileyini yüksək səviyyədə keçirdilər, fəxri fərman və qiymətli hədiyyələr ilə mükafatlandırdılar. Mən 2002-cü ildə səhhətimlə əlaqədar özüm ərizə yazıb işdən azad olunub, öz təqaüdümlə kifayatlənməli oldum. Həmin vaxt məni çox hörmətlə yola saldılar. İndi yenə də məni tez-tez həmin məktəbdə keçirilən tədbirlərə dəvət edirlər. Mən hal-hazırda təqaüddə olsam da, şeir yaradıcılığımı davam etdirirəm. Ürəyimdən keçən vətən, övlad, nəvələr və müxtəlif mövzularda şeirlər yazıram. 1997-ci ildə gənclik illərindən bəri müxtəlif illərdə yazılmış şeirlərimdən ibarət ilk kitabım “Axtarın məni”, 2007-ci ildə son illərdə qələmə aldığım şeir və poemalardan ibarət “Ömür dastanı” adlı kitabım çıxıb. Hal hazırda 82 yaşında Bakı şəhərində yaşayıram”.
Müəllif yeni kitabında çap olunan şeirlərdən də təqdim etdi:
Qoyma ağarmağa qara saçları
Qara saçlarınla sevmişdim səni
Qoyma ağarmağa qara saçları.
Hüsnünə baxanda qəmlətmə məni,
Qoyma ağarmağa qara saçları!
Bəxtim kimi saçların da qaradı
Məhəbbətdən qəlbim başı yaradı.
Heç bilmirəm son mənzilim haradı?
Qoyma ağarmağa qara saçları!
Dərdin çoxdu, mən bilirəm ay xanım,
Uçub gedib indi cavanlıq çağın.
Hələ həyatdadır sevgili yarın,
Qoyma ağarmağa qara saçları!
Yetmişə çatsa da, əzizim yaşın,
Dünyadan köçsə də bacın, qardaşın
Hələ yanındadır ömür yoldaşın
Qoyma ağarmağa qara saçları.
Məcnun Leylisinə bağlanan kimi
O saçlara bağlamışam eşqimi.
Ömür boyu mən sevmədim heç kimi
Qoyma ağarmağa qara saçları!
Sənsən ilk sevgisi, son məhəbbəti,
Namusu, qeyrəti, arı, isməti.
O saçlarındı mən Adilin qisməti
Qoyma ağarmağa qara saçları.
Qoyma ağarmağa qara saçları.
***
Yaşamağa nə var ki
O böyük yaradan arxanda dursa,
Bu dünyada yaşamağa nə var ki.
Fələyin zülmündən səni qorusa
Bu dünyada yaşamağa nə var ki.
Qohum, qardaş dəyməsələr xətrinə,
El yığılıb ləzzət duysa ətrinə,
Şəkər qatsan hər sözünün sətrinə,
Bu dünyada yaşamağa nə var ki.
Yerli-yersiz kəsməsələr səbrini,
Verməsələr cəhənnəmin ətrini,
Diri-diri qazmasalar qəbrini,
Bu dünyada yaşamağa nə var ki.
Namərdlər mərdlərin haqqın yeməsə,
Nadanlar alimə “qanmaz” deməsə,
Oğlun, qızın xatirinə dəyməsə,
Bu dünyada yaşamağa nə var ki.
Elinə, obana sən hörmət etsən,
Böyüklər dediyi yol ilə getsən,
Sən öz millətinə, xeyirlər versən,
Bu dünyada yaşamağa nə var ki.
Oğul, uşaq qulluğunda dursalar
Halal süd əmmişlə ailə qursalar
Hər kəs üçün bir nümunə olsalar
Bu dünyada yaşamağa nə var ki.
Hərə bir cür seçir həyat yolunu,
Boş yerinə atmasalar dolunu,
Namərdliklə qırmasalar qolunu,
Bu dünyada yaşamağa nə var ki.
Ömür-gün yoldaşın vəfalı olsa,
Əgər dediyinlə oturub dursa,
Bir ahu ceyran tək boynunu bursa,
Bu dünyada yaşamağa nə var ki.
Ömür keçməsə həm şirin- acı,
Dövrəndə dolansa həm ana-bacı.
Ata-qardaş olsa başının tacı,
Bu dünyada yaşamağa nə var ki.
Havalar xoş olur bahar fəslində,
Naxələf olmasa əgər nəslində,
Yaxşılıq hiss etsən hər nəfəsində,
Bu dünyada yaşamağa nə var ki.
Bu dünyada hər kəs alır qismətin,
Namusun, qeyrətin, arın, ismətin.
Əgər olsa sənin bir az qeyrətin
Bu dünyada yaşamağa nə var ki.
Dünya işlərinə qarışdı başım,
Yox oldu yanımdan bacım, qardaşım.
Çatmasaydı əgər səksənə yaşım,
Bu dünyada yaşamağa nə var ki.
Adilin ahına baş əyir dağlar,
Onun dünya boyda məhəbbəti var,
Yazdıqları əgər, qalsa yadigar,
Bu dünyada yaşamağa nə var ki.
***
Qayıt , ömür,qayıt bir də yaşayaq
Yaxşı duymaq üçün qoca dünyanı
Qayıt ömür, qayıt bir də yaşayaq.
Gəl axtaraq keçən gözəl günləri
Qayıt ömür, qayıt bir də yaşayaq.
İtirmişəm mən atamı, anamı
İtirmişəm göldə üzən sonamı.
Beləcə tez vuraq ömrü başamı?
Qayıt ömür, qayıt bir də yaşayaq.
Daha tükənibdi ömrüm və səbrim
Çox çəkməz qazılar vətəndə qəbrim
Hər ürəkdə qalmaq üçün xatirim,
Qayıt ömür, qayıt bir də yaşayaq.
Bu ömrü də yaşamadı çoxları
Dəldi ürəyimi namərd oxları.
Tanımaq üçün qohumları, dostları
Qayıt ömür, qayıt bir də yaşayaq.
Əlimizdə imkan oldu etmədik,
Dost qapısına bir doyunca getmədik.
Ürək dostlarını yaxşı seçmədik
Qayıt ömür, qayıt bir də yaşayaq.
Bacarırdıq, eləmədik çox işi
Dərddi, qəmdi bu dünyanın hər işi.
Görmək üçün ötüb keçən gərdişi,
Qayıt ömür, qayıt bir də yaşayaq.
Adil hələ doymayıbdı dünyadan
Şad yaşayıb heç gülmədi bircə an.
Xahiş edək bəlkə qayıda zaman
Qayıt ömür, qayıt bir də yaşayaq.
***
Doğma Reyhanlıma aparın məni
Bir arzum var oğul, yerinə yetir,
Doğma Reyhanlıma aparın məni.
Bitirə bilmədiyim dastanı bitir,
Doğma Reyhanlıma aparın məni.
Orada sevmişəm çölü, çəməni,
O qarlı dağlarım çağırır məni.
Necə verim yada doğma vətəni?
Doğma Reyhanlıma aparın məni.
Qalıb orda ömrün ən gözəl çağı,
Dostlarla yığışıb hər axşam çağı,
Söz-söhbət gəzərdi aranı, dağı
Doğma Reyhanlıma aparın məni.
Yaratmayın heykəlimi, büstümü,
Sehr eyləyin göyə çıxan tüstümü,
Torpaq ilə örtsənizdə üstümü,
Doğma Reyhanlıma aparın məni.
“Ağa Dədə” son mənzilim olaydı,
Sümüklərim torpağında qalaydı,
Yerimi son kərə anam salaydı,
Doğma Reyhanlıma aparın məni.
Bircə gün də kaş görəydim oranı
Öz əlimlə bağlayaydım yaramı.
Kaş gəzəydim dağlarını, aranı
Doğma Reyhanlıma aparın məni.
Adiləm sinəmdə nələr var, nələr,
Yadımdan çıxmayır, o ötən günlər.
Bir gün Allahımdan mərhəmət gələr,
Doğma vətənimə aparın məni.
***
Sən demə bu dünya bir röya imiş
Yaman bağlanmışdım bu dünyaya mən,
Sən demə bu dünya bir röya imiş.
Bir zaman düşmürdüm mən yerə göydən
Sən demə bu dünya bir röya imiş.
Cavanlıq başımı qatdı bir zaman
Yaman zövq alırdım qoca dünyadan
Elə ki, dağlardan çəkildi duman
Sən demə bu dünya bir röya imiş.
Nə veribsə sənə əlindən alır,
Nəyin varsa sənin dünyada qalır.
İnsan qəmgin olur, xəyala dalır
Sən demə bu dünya bir röya imiş.
Bir zaman var idi bacım, qardaşım
Mən də cavan idim, az idi yaşım.
Bu yalan dünyaya qarışdı başım
Sən demə bu dünya bir röya imiş.
Adil, bu dünyadan sən də bir az qan
Amandı dörd əlli yapışma ondan.
Əli boş gedəssən sən gedən zaman
Sən demə bu dünya bir röya imiş.
****
A dostlar, vətənə getməyim gəlir
Yenə yaman düşüb yadıma vətən
A dostlar, vətənə getməyim gəlir.
Bir quş olub səhər durub yerindən
A dostlar, vətənə getməyim gəlir.
Müqəddəs məzarlar düşüb yadıma
Kaş ki, qovuşaydım əcdadlarıma.
Ay Allah, sən yetiş mənim dadıma
A dostlar, vətənə getməyim gəlir.
Baxmaq üçün torpağına, daşına
Gedəyfim dostlarla bulaq başına.
Zalım fələk zəhər qatdı aşıma
A dostlar, vətənə getməyim gəlir.
Yaralar qövr edib incidir məni,
Həmişə yadımda çölü, çəməni
Gedəm doğma yurda, görəm vətəni
A dostlar, vətənə getməyim gəlir.
“Kərməlinin” bulağından içərdim
“Ağa Dədədə” özümə yer seçəydim.
Lazım olsa canımdan da keçərdim
A dostlar, vətənə getməyim gəlir.
Orda babalarım məskən salıbdı
Doğmaların məzarları qalıbdı.
Ruhlarımız xəyallara dalıbdı
A dostlar, vətənə getməyim gəlir.
Adil, yaman düşdün sən eldən-elə
Özünə Allahdan bir imdad dilə.
Ömrünün sonunu sən bilə-bilə
Deyirsən vətənə getməyim gəlir.
***
Soruş
Yolçu qardaş, bizim eldən keçendə
Anamı xəbər al, atamı soruş.
Arayıb özünə bir dost seçəndə
Bizim gözəllərin özündən soruş.
90 ildi həsrətik o yerlərə
Sonalar da düşə bilmir göllərə.
Yaman düşdük dumanlara, sellərə
Bizim halımızı dumandan soruş.
Ayaq izlərimiz dağlarda qalır,
Bülbül nəğmə deyir, güllər əl çalır.
Ceyran yaralanıb xəyala dalır
Bizi maraqlansan ceyrandan soruş.
Qarlı, qasırğalı dağların başı
Qarışıb torpağa hər məzar daşı.
Axıb çaya dönüb gözümün yaşı
Nə dərdə düşmüşük sulardan soruş.
Doğma ellər o yellərə yad oldu
Bağrım başı alovlandı, köz oldu.
Qazancımız əzab oldu, dərd oldu
Nə çəkmişik dərdi-bəladan soruş.
O yerdə keçirdim cavan çağımı
Sevdim aranını, sevdim dağını.
Aldım məzarlardan el sorağını
Bizim halımızı dağlardan soruş.
Götür hər məzardan bir ovuc torpaq
Adil, özün ona diqqət ilə bax.
Tərk edib dünyadan getməzdən qabaq
Özün öz halını onlardan soruş.
Dilqəm Əhməd