31 Mart 2016 15:18
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keramika, dulusçuluq ən qədim sənət növlərindən sayılır. Əvvəl-əvvəl yalnız qadınların məşğul olduğu bu sənətə sonralar kişilər də əl bulayıb.

Azərbaycanda tarixən məişət və bəzək keramikası daha çox yayılıb. Keçmişimizdən bu günümüzə qayıtsaq, gərək onu da qeyd edək ki, son illər bu sahə xeyli gözdən-könüldən uzağa qoyulub.

Ancaq şöhrətli sənətə doğru qayıdış da var. Abşeron rayonunda “Nargis Porcelain” şirkətinə məxsus çini və saxsıdan keramik hədiyyə istehsal edən fabrik istifadəyə verilib.

Brend məhsullar istehsal etməyə iddialı fabrikə baş çəkməyi qərara aldıq. Fabrikin direktoru ilə söhbətə müəssisənin girişinə vurulmuş “Keramika millətin pasportudur” şüarı ilə başladıq.

Fabrikin direktoru Yasin Xəlilov deyir ki, arxeoloqlar, tarixçilər hər bir millətin tarixini yer altından tapılan keramika qalıqlarına, nümunələrinə görə müəyyən edirlər: “Tapıntılara əsasən həmin xalqın tarixi, məişəti, inkişaf səviyyəsi barədə fikir yürüdürlər. Biz bu işi davam etdiririk. Fəaliyyətimiz təsadüfi deyil”.

30 illik arzu

Direktor deyir ki, keramikadan hədiyyə istehsalına başlaması onun 30 illik arzusudur: “Hazırlıq işlərini gördükdən sonra həvəslə girişdiyimiz bir işi reallaşdırdıq. Azərbaycanın tarixində ilk dəfə biz bu işi yaratdıq. Bu il fevral ayının 9-da fabrikin açılışı oldu.

Keramika mənim və həyat yoldaşımın ixtisasıdır. Biz Rusiyada eyni universitetdə oxumuşuq. Mən şüşənin, yoldaşım keramikanın kimyəvi texnologiyasını öyrənirdik. O dövrdə həkim olmaq istəyirdim, amma şüşənin, keramikanın zənginliyini gördükdən sonra fikirləşdim ki, oxuduğum sənət mənə daha yaxındır.

1981-82-ci illərdə Azərbaycana mərhum Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə məni və həyat yoldaşımı Rusiyada oxumağa göndərdilər. Çünki bu sahə üzrə mütəxəssis az idi.

Bizdə də belə həvəs yarandı, Azərbaycanda keramikanın vəziyyətini öyrəndik. Məlum oldu ki, səksəninci illərdə Gəncədə Çini Qablar, Bakıda Saxsı Qablar zavodu fəaliyyət göstərib. Sovet hökuməti dağılandan sonra həmin zavodlar da bağlanıb. Bizdə belə ideya yarandı ki, bu sahə üzrə ölkəmizdə iş quraq.

Keramikanı o qədər sevirdik ki, ad günlərimizdə bir-birimizə məhz saxsıdan hədiyyə bağışlayırdıq. 30 ildir mən evdə keramik fiqurlardan kolleksiya yığıram. Çox gözəl mənzərə yaranıb. Evdə dünyanın müxtəlif ölkələrindən keramik məmulatlar var. Dostlarımız bunu bildiklərindən bizə keramik fiqurlar, qablar hədiyyə edirlər.

Hansı xarici ölkəyə gedirdiksə, müxtəlif keramik hədiyyəliklər alırdıq. Xaricə - lap elə Gürcüstana və ya Türkiyəyə gedəndə baxırdım ki, hamıda keramik məhsul var, Azərbaycandan başqa. Həyat yoldaşımla qərara aldıq ki, bu ideyanı mütləq reallaşdırmalıyıq”.

“İşçilərimizə kirayə ev də tutduq”

Yasin Xəlilov deyir ki, fabrik işçilərinin hər birini müxtəlif yerlərdən dəvət ediblər: “Bu sahəylə məşğul olanlar azıdır. Emalatxanalarda bir-iki nəfər məşğul olur. Bölgələrdə dulusçularımız var, amma bizim istədiyimiz şəkildə və səviyyədə keramika istehsalından danışmağa dəyməz.

Fabrikdə 10-15 işçimiz var. Bəziləri bizi qane etmir, bəziləri dözmür, çıxıb gedirlər. Düşünürük ki, yaxın gələcəkdə işçilərin sayını 50-yə qaldıraq. Bizdə kadr çatışmır. Mən özüm texnoloqam. Keramikanın nədən düzəldilir, neçə dərəcədə bişməlidir və sair, hamısını bilirəm. Amma bədii tərəf rəssam işidir.

Model hazırlanır, onun əsasında qəliblər düzəldilir. Bura vaxtilə Gəncə Çini Qablar Zavodunda işləmiş mütəxəssisləri də cəlb etdik. Hətta dəvət elədiyimiz işçilərimiz üçün burada kirayə ev də tutduq. Bizə həvəslə kömək etdilər. Fikrimcə, çətin mərhələni keçdik.

Son bir ili gecə-gündüz işləməli olduq. Paralel kadrlar yığdıq. Bu, əl işidir, dövlət qayğı göstərsə də, göstərməsə də fəaliyyətimizi davam etdirməliyik”.

Bazara yavaş-yavaş daxil olmağı düşünən həmsöhbətim deyir ki, qüvvələrinin bir hissəsini bazarla işləməyə sərf edirlər:

“Digər yandan, dövlət qurumları ilə müqavilə bağlayacağımıza ümidliyik. Çünki əvvəllər Azərbaycana gələn əcnəbi qonaqlara xaricdə istehsal olunmuş suvenir hədiyyələr təqdim olunurdu. İndi dövlət qurumlarına Azərbaycan istehsallı keramik məhsul təqdim edə bilərik.

Bizim naxışlar təkrarolunmazdır və o naxışlarla istənilən Avropa ölkəsinin bazarını rahat şəkildə tutmaq olar. Avropa ölkələrində kütlə tərəfindən incəsənətə daha ciddi yanaşma var. Türkiyədən, İsveçrədən, Rusiyadan keramikaya maraq göstərirlər. Müəyyən sərgilər vasitəsi ilə bazara daxil olmalıyıq.

Hesab edirəm ki, milli keramikamızı bu cür tanıdacağıq. Digər tərəfdən tərəfdaşlar aramalıyıq. Bizə İrandan nümayəndələr gəlmişdi, müəyyən razılaşma əldə elədik”.

Yasin Xəlilov deyir ki, Azərbaycanda şüşə üzərində əl işləri yoxdur: “Bu sahəni də inkişaf etdirməyi planlaşdırırıq. Diqqəti məhsulun həcminə yönəltsək, keyfiyyətdən uzaqlaşacağıq. Rəssama deyə bilmərəm ki, hər gün 50 çarığın üzərinə naxış vur. Elə şərait yaratmışıq ki, işçilər istədikləri vaxt istirahət etsinlər”.

Yasin Xəlilovun şeir yazmasından da xəbərdar olduğumuzu deyəndə gülümsədi. Bildirdi ki, gözünü açıb sevməyə başlayandan yazır: “Rusiya gedəndən sonra hərdən-birdən yazırdım. Bakıya qayıtdıqdan sonra qəzəlxan Həkim Qəni ilə tanış olduq. Mən də onun qəzəlxan dəstəsinə qoşuldum. O vaxtdan şeir yazıram.

Bir də görürsən yuxuda ağlıma şeir gəlir, ayılıb tez telefona yazıram. Şeir, poeziya gözəl sənətdi, adamı saflaşdırır. Düşünürəm ki, həyatda birtərəfli olmaqla iş aşmaz. Mən o insanları bədbəxt sayıram ki, daim maddiyyatı fikirləşirlər”.

Millimetr qədər səhv...

Daha sonra keramik məhsulların hazırlandığı otaqlara baş çəkdik.

Rəssam Gülnarə Zəkiyeva deyir ki, 25 ildir bu işlə məşğuldur: “Biz ailəlikcə bu sənətə vurğunuq. Qızım da mənim kimi bu sənəti seçib. Keramika üzərində işləmək çətin olsa da, mən bunu bacarıram. Uşaqlıqdan bu sənəti öyrənməyi istəmişəm və arzuma çatmışam. Düşünürəm ki, keramika üzərinə naxış vurmaq miniatürdən daha çətindir”.

Modelçi Səfər Ağayevin sözlərinə görə, keramika modelini hazırlayanda millimetr qədər səhv etmək olmaz: “31 ildir keramika modeli hazırlamaqla məşğulam. Burada millimetrin onda biri qədər səhv edə bilmərəm”.

Baş rəssam Sadiq Turan deyir ki, özünü tanıyandan bu işlə məşğuldur: “İnsan çətinlikdən qorxmamalıdır. Həmişə özümü çətinliyə salıram və o çətinlikdən üzüağ çıxıram. İşçilər də yaxşıdır, bəzən narazı da oluram. Amma cavandırlar, inşallah öyrənəcəklər. Keramika elə məmulatdır ki, bütün sahələrdə istifadə edilir. Tarixdə keramika qalır”.

Şəbnəm Hüseynova keramika üzərində rəsm çəkir: “Düşünürəm ki, hər adamın əli keramikada tutmur. Bu işi bacarmalısan. Hesablamalısan ki, keramika üzərində çəkdiyin naxış sobada bişəndən sonra necə olacaq”.

Bu incə işin Azərbaycan adından dünyaya yayılacağı düşüncəsilə sağollaşıb çıxırıq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər