1990-cı illər mətbuatının ən unudulmaz nəşrlərindən biri Əlisa Nicatın naşiri olduğu “Turan” jurnalıdır. Cəmi 4 sayı çap olunan bu jurnal tarix, fəlsəfə, ədəbiyyat kimi sahələri əhatə etdiyinə görə olduqca ciddi çəkiyə malik idi, təsadüfi deyil ki, ilk sayı 30 min tirajla buraxılmışdı.
Bu jurnal çap olunanda Azərbaycan rəsmi olaraq müstəqil olmasa da, artıq azadlıq hərəkatı başlamış, meydanlarda üç rəngli bayraq dalğalandırılmışdı. Bir sözlə, artıq imperiya can verdiyinə görə azad mətbuat hər gün inkişaf etməkdə idi. Elə bunların nəticəsidir ki, Əlisa Nicat jurnalın adına “Turan”, üz səhifəyə isə bozqurd təsvirli bayrağı verə bilmişdi.
Jurnalın məramını naşir ilk sayda belə izah edirdi:
“Biz uzun illər ölkəmizdə azadlıq və demokratiya uğrunda mübarizə aparan və bu yolda A.Marçenko kimi canını qurban verən qəhrəman dissidentlərin xatirəsi və mübarizəsi önündə baş əyirik. Amma təəssüflə də olsa, etiraf etməliyik ki, SSRİ-də azadlıq və demokratiyanın qalib gəlməsi kimi dünya əhəmiyyətli bir hadisədə Azərbaycan ziyalıları və xüsusilə onların ən qabaqcıl dəstəsi sayılan şair, yazıçı və tənqidçilərimiz heç bir rol oynamadılar. Əksinə, ölkə ağalarına xoş gəlmək üçün bəlkə də həmin şəxsiyyətlərə ləkə vurmağa hazır olublar. Amma indi vəziyyətdən o dəqiqə istifadə edib “cəsarətli” əsərlər yazıb lənətləməyə hazır olduqları adamların əməllərinin nəticələrindən qazanc götürürlər.
Jurnalımızın adını eşidən kimi sözsüz ki, bədxah və pullu-pulsuz ideoloji donosçuların qulaqları şəklənəcək. Amma onlara xatırladaq ki, bu əfsanəvi adda heç bir ölkə və xalq üçün, heç bir ölü və diri ideologiya üçün təhlükəli heç nə yoxdur. Bu adı götürməkdə məqsəd odur ki, təkcə öz tariximizdən deyil, öz siyasi mədəni problemlərimizdən deyil, qonşularımızdan və qeyri-qonşulardan da bəhs edəcəyik. Jurnalımız satirik jurnal deyil, amma ümumilikdə böyük Sabirin məşhur və dahiyanə “Fəxriyyəsi” ruhunda olacaq. Çünki istər keçmişimiz, istərsə də bu günümüz xarakterimizdən doğan siyasətsizlik, büdrəmələr və hətta xəyanətlərlə doludur.
Qəhrəmanlarımızdan və qəhrəmanlığımızdan çox danışmışıq. Qoy bir az da büdrəmələrimizdən və xarakterimizdəki nöqsanlı cəhətlərdən danışaq. Amma bu polemik mübahisələr şəklində, tariximizin bəzəyi olan böyük şəxsiyyətlərimizin bir-birləriylə və ya öz antipodlarıyla mübahisə şəklində olacaq. Axı biz vətənpərvər olmaqla bərabər torpaqlarımızı özgələrinə bağışlayanların əməllərinə qarşı həmişə susmuş və müti olmuşuq. Cəmi 70 il əvvəl 114 min kv. km olan ərazimizi 86-ya endirdik, təsəvvür edək ki, belə bir hadisə qonşularımızda baş verəydi, onda gör nə qiyamət qopardı! Yaxud, yadımdadır, cavanlıqda Radio və televiziya komitəsində işləyəndə, Cənubi Azərbaycanda ağır zəlzələ olmuşdu, eyni zamanda hansı bir kosmonavtsa da ölmüşdü. (Sonradan məlum oldu ki, kosmonavt heç ölməyib xaricə qaçıbmış). Amma bütün komitə işçiləri kosmonavt üçün ağlayırdı, mən onlara cənubda ölənlərimizi xatırladanda hələ indi də sağ qalan əməkdaşlar mənə elə hücum etdilər ki, heç bilmədim neyləyim.
Bəli, biz beləyik. Ətrafımızdakıların böyük vəzifəsi yoxsa, uğurlarını alqışlamaqdan daha çox büdrəmələrinə sevinirik. Lakin jurnalımız yalnız belə fərəhsiz mövzularla məşğul olmayacaq. Biz mümkün olduqca, imkan daxilində İttifaqın, Respublikamızın hər ay, hər həftə dəyişən siyasi-ictimai hadisələrinə qiymət verməyə çalışacağıq.
Eyni zamanda dünya fikrinin indiyə qədər xəbərdar olmadığımız çoxlu böyük və sərt həqiqətlərini xalqımıza çatdırmağa çalışacağıq. Bu həqiqətləri bilmədən özümüzü və başqalarını tanımaq, yolumuzu və istiqamətimizi təyin etmək çətin olardı. Çünki bu dünyada elə bir yol yoxdur ki, həmin yolla haçansa gedilməmiş olsun. Bunun üçün ən vacib məsələlərdən biri bizim öz qonşularımız haqqında əsrlər boyu yadelli səyyah və alimlərinin dediklərini bilməkdir. Məsələn, əgər Veliçkonun ermənilər haqqında, onların əvvəlcə yalvarıb özgə torpaqlarında yaşamağa icazə almaları, sonra, fürsət düşəndə isə nəyin hesabına olursa olsun, həmin torpaqları özlərininki eləmələri haqqında yazdıqlarını, ermənilərin bu düşünülmüş qədim taktikaları haqqında yazılanları vaxtında oxusaydıq, bəlkə də başımıza bir çarə qılardıq.
Jurnalımızda bizi talan edən, mənəviyyatımızı və mədəniyyətimizi zəhərləyən (S.Rüstəm Oktyabr inqilabına 150-yə qədər şeir həsr edib) yalançı ideologiyanı ifşa edən rus yazıçı və mütəfəkkirlərinin əsərlərinə də geniş yer verəcəyik. Və əlbəttə, jurnalımız respublikamızın qabil qələmli, dərin zəkalı və təmiz ürəkli oğul və qızlarının üzünə açıqdır. Tariximiz uzun illər sifarişlə, göstərişlə yazılıb. Onu demək olar ki, elə bir səhifəsi yoxdur ki, təhrif olunmasın. Birinci nömrədən başlayaraq qədim türk xalqlarının tarixindən bəhs edən silsilə oçerklər çap edirik. Bu, doğma dilimizdə bu səpkidə yazılan ilk əsərdir.
Azərbaycan ziyalılarının konyukturaçı olmayan və ya ola bilməyən qismi bəlkə də bütün dünyada ən hüquqsuz və zavallı bir zümrədir. Onların sosializmin parlaq dövründə acınacaqlı həyatından bəhs edən əsərlər də jurnalımızın bir çox nömrələrində çap olunacaq, Yeri gəlmişkən qeyd edək ki, bizdə hər şey üçün pul yığılır, amma mənəvi sərvətlərimizin “qara fəhlələri” olan bu “kandidat” və kiçik elmi işçilərin qayğısına qətiyyən qalan yoxdur.
Ümid edirik ki, xalqımızın təzəcə cücərməyə başlayan cəsarətli və milli zəkalı övladları mövqeyimizi başa düşəcək! Sizi deyib gəlmişik, ey işıqlı başlar!”
Jurnalın ilk sayında Əlisa Nicatın “Gərəksiz” povestindən və Qobinonun “Şamaxı rəqqasəsi” əsərindən bir hissə, Monteskenin türklər haqqında fikirləri, Nitşenin şeirləri, Şeyx Şamilin azadlıq mübarizəsi haqqında yazı, eləcə də, dünya tarixçiləri haqqında məlumat, fəlsəfi söhbətlər təqdim edilib.
“Müstəqil, tarixi, ədəbi, publisistik jurnal” başlığı ilə çap olunan jurnalın ikinci sayında Qustav Lebonun “Xalqların və kütlələrin psixologiyası” əsərindən fəsillər, Curci Zeydanın “Həzrət Əli – xilafətin dayağıdır” romanından hissə və ötən sayda gedən yazıların davamı verilib.
Müstəqillik illərində çap olunan jurnalın üçüncü sayının üz qabığının arxasında “Ənvər paşa şərqisi” adlı şeir və Ənvər paşanın təsviri verilib. Bu sayda Əlisa Nicatın “Əsarət bayramı” povesti, şeirləri, Məhəmməd Tahirin “Üç imam” əsəri, “Ruhların söhbəti” silsilə dialoqların davamı nəşr edilib.
Jurnalın 1993-cü ildə çap olunan dördüncü – sonuncu sayının üz səhifəsinin arxasında da Ənvər paşanın şəkli və Əlisa Nicatın Ənvər paşaya yazdığı şeir yayımlanıb. Bu sayda Adolf Hitlerin “Mayn kampf” əsərindən bir hissə, mühacirlərdən Məhəmməd Altunbəyin “Gəncə qırğını” yazısı, Senkovskinin “Şirvanşahların süqutu” romanından hissə və digər yazılar nəşr olunub.
Bu il “Turan” jurnalının nəşrə başlamasının 25 yaşı tamam oldu. Cəmi 4 say çıxsa da, hələ də bukinistlərdə axtarılan, evlərdə saxlanılan bir jurnal olaraq mətbuat tariximizə daxil olub.
Dilqəm ƏHMƏD