26 May 2016 23:04
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış tədqiqatçı, professor Ədalət Tahirzadənin Oğuztoğrul Tahirli ilə birgə yazdığı “Azərbaycan Cümhuriyyəti tələbələri. (Tarixi arayış, bəlgələr, yaşamlar)” adlı yeni kitabı işıq üzü görüb.

Teleqraf.com-un məlumatına görə, Ə.Tahirzadə bu kitab üzərində 15 il çalışdığını bildirib: “Üzərində bizim 15 il, "TEAS Press" nəşriyyatının isə il yarım çalışdığı 1222 səhifəlik bu monoqrafiya Azərbaycan Cümhuriyyəti (1918-1920) hökumətinin 1920-nin yanvarında əcnəbi dövlətlərə oxumağa göndərdiyi 102 tələbəyə həsr olunub. Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quluyev olan kitaba tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov "Azərbaycan dövlətçiliyi tarixində təhsil məsələləri" adlı dəyərli ön söz yazıb (IX-XXI səhifələr).

1000-dən artıq ən nadir fotonun toplandığı kitab 3 bölümdür. 7-196-cı səhifələri əhatə edən 1-Cİ BÖLÜMdə geniş tarixi arayış verilib. Burada azərbaycanlıların ali təhsil tarixinə ümumi baxış çərçivəsində 1920-ci ilədək ali məktəblərdə oxumuş 774 soydaşımızın siyahısı, "100 tələbə"nin xaricə göndərilməsi tarixçəsi, onların hansı xarici dövlətlərdə oxuması, talelərində rol oynamış şəxslər, sovet hakimiyyəti dönəmində onların taleyi və b. haqqında bilgilər ayrıca paraqraflar şəklində təqdim edilib.

2-Cİ BÖLÜM (197-312-ci səhifələr) ən müxtəlif arxivlərdən götürülmüş, ərəb qrafikasından latına, rus dilindən Azərbaycan türkcəsinə çevrilmiş 93 bəlgənin tam mətnindən ibarətdir.

3-CÜ BÖLÜMdə (313-1153-cü səhifələr) 102 tələbənin hər birinin ayrıca tərcümeyi-halı verilib.
Kitabın sonunda qısaltmalar və qaynaqlar siyahısı, adlar göstəricisi gəlir.

Əsərə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, UNESCO-nun keçmiş şöbə müdiri Ramiz Abutalıbov və AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli yüksək qiymət veriblər.

Kitab Avropa-Azərbaycan Cəmiyyətinin xüsusi layihəsi olaraq hazırlanıb və nəşr edilib.

Mən bu kitabı həyatım boyunca aldığım ən dəyərli, ən qiymətli hədiyyə sayıram. Bu sevinci bizə yaşatdıqlarına görə şəxsən Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərova, Cəmiyyətin Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Bağıyevə, Cəmiyyətin Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri prof. Kərim Şükürova, eləcə də "TEAS Press" nəşriyyatında kitabın ərsəyə gəlməsində xeyli zəhmət çəkmiş koordinator Ülkər Hüseynovaya, redaktor Kərim Kərimliyə, dizaynerlər Mahir Allahverdiyev və Sevinc Ələkbərovaya, korrektor Gülgəz Abbasovaya, vəzifəsini dəqiq bilmədiyim Miraslan bəyə və başqalarına hər ikimizin adından ən dərin minnətdarlığımızı bildirirəm!”

Bəkir


Müəllif:

Oxşar xəbərlər