6 May 2015 16:37
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunlarında 18 min könüllü gənc iştirak edəcək

İyunun 12-də “Bakı-2015" Birinci Avropa Oyunlarına start veriləcək. Beynəlxalq tədbirə Avropa Olimpiya Komitəsinə üzv ölkələrin idmançılarının, eləcə də, dünyanın müxtəlif şəhərlərindən gələn seyrçilərin qatılacağı gözlənilir.

Yarışlarda 5000 nəfərədək idmançının iştirakı nəzərdə tutulub.

28 olimpiya idman növünə güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suya tullanma növləri daxildir.

Tədbiri işıqlandırmaq üçün Bakıya 2000 nəfərədək jurnalistin gəlişi gözlənilir.

Avropa Oyunlarının ilk olaraq Azərbaycanda keçirilməsi, bu ərəfədə dünya ictimaiyyətinin nəzərlərinin ölkəmizə yönəlməsi tarixi hadisə hesab olunur.

Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, olimpiya oyunlarına dəstək məqsədi ilə ölkəmizdən 12 min əsas heyətdə, 6 min isə ehtiyat heyətdə olan könüllülərin iştirakı nəzərdə tutulub. Könüllərin əsas tərkibi gənclərdən ibarət olacaq.

Ali təhsil müəssisələrinin tələbələrinin bu tədbirə hazırlığı ilə maraqlandıq.

Üç istiqamətdə fəaliyyət

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) prorektoru Eldar Aslanovun bildirdiyinə görə, Avropa Oyunlarının təşkili üçün təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ali məktəb öz dəstəyini 3 istiqamətdə göstərir: “Hələ Əməliyyat Komitəsi hazırlıqla bağlı fəaliyyətə başladığı dövrdən etibarən bizim universitetimiz bu tədbirlərdə aktiv olaraq iştirak etmələri üçün müxtəlif tədbirlər həyata keçirib. Əməliyyat Komitəsindən bizə verilən məlumata görə, 383 tələbəmiz artıq rəsmi olaraq bütün proseduralardan keçərək ilk Avropa Oyunlarında inzibati işçi, qonaqların qarşılanması, müşayiət olunmasında bələdçi, tərcüməçi və könüllü kimi iştirak edəcəklər. Hətta bəzi idman növlərində hakim köməkçisi vəzifəsinə də cəlb olunublar.

Bu tələbələrin dil bilgisi yüksək səviyyədədir. 50 nəfərlik bir heyət də sonradan seçilib. Onların hansı statusda fəaliyyət göstərməsi dəqiqləşdirilib. Bundan başqa, bizim müəllimlərimizdən tərcüməçi və bələdçi kimi işə cəlb olunanlar var".

Məzunlar da prosesə cəlb olunub

Eldar Aslanov dedi ki, ATMU-nun ümumilikdə 500-dən çox tələbəsi Avropa Oyunlarında xüsusilə könüllü proqramlarda iştirak edəcək: “Seçilmiş volontyorlar müxtəlif vəzifələr tutacaqlar. Məlumdur ki, volontyorların 12 mini əsas, 6 mini ehtiyat heyətdir. 12 minlik əsas heyətin içərisində 500 nəfər iştirakçı tələbəmiz var. Məzunların da böyük bir hissəsi prosesə cəlb olunub. Onlara daha məsul vəzifələr tapşırılıb. Avropa Oyunlarının keçirildiyi əsas idman növləri üzrə, gördükləri işin spesifikliyinə görə onlara Əməliyyat Komitəsi təlimat verib. Artıq onlar işlərinin nədən ibarət olduğunu dəqiq bilirlər”.

Prorektor dedi ki, ATMU-nun ikinci istiqamətdə göstərdiyi fəaliyyət turizm üzrə ali təhsil müəssisəsi olaraq Avropa Oyunlarının turizm sektoruna təsirini tədqiq etməkdir: “Biz oyunlar gedən ərəfədə Azərbaycanın ölkədaxili və ölkəxarici imicini araşdıracağıq. Avropa ölkələrində və Azərbaycanda oyunların keçirildiyi ərazilər üzrə həm pozitiv, həm neqativ tərəflər analiz olunacaq”.

Eldar Aslanovun sözlərinə görə, fəaliyyətin üçüncü istiqaməti digər təhsil müəssisələri kimi may ayının sonunadək tədris prosesini başa çatdırmaqdır: “Üçüncü əsas işimiz may ayının 31-dək tədris prosesini tamamlamaq vəzifəsidir. Bu gün intensiv proqramlar əsasında artıq dərslər yekunlaşıb, imtahanlar başlayıb. İmtahanlar mayın 31-dək bitəcək. Beynəlxalq proqram üzrə dərslərimiz Avropa oyunlarından sonraya saxlanacaq. Universitet məzunlarının məzun törəni də yəqin ki, iyul ayında keçiriləcək”.

Prorektor dedi ki, universitetin müəllim-tələbə kollektivi ümumilikdə idman həvəskarı kimi də bu proseslərdə aktiv iştirak etməyi planlaşdırıb: “Universitetimizin spesifikası elədir ki, tələbələrimiz daha çox turizm, menecment sahəsində inkişafa diqqət yetirir”.

Oyunlarla bağlı qurum yaradılıb

Qafqaz Universiteti isə Avropa Oyunları ilə bağlı Tələbələrin Maraq Klubunu yaradıb. Klubun 300-ə yaxın üzvü var.

Universitetin Mədəniyyət və İdman Mərkəzinin rəisi Nəcəf Ələsgərov bildirdi ki, klubun üzvləri mütəmadi olaraq tələbələrlə, gənclərlə sıx əlaqə yaradır, beynəlxalq tədbirlə maarifləndirici tədbirlər həyata keçirirlər: “Klub üzvləri Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərovla 3-4 dəfə universitetimizdə görüş təşkil ediblər”.

Nəcəf Ələsgərov dedi ki, mindən çox tələbə olimpiya oyunlarında könüllü kimi iştiraka qoşulacaq: “3 aydan çoxdur onlara treninqlər keçilir. Bu tələbələr mütəmadi olaraq həftədə 3 dəfə kurslar keçir, müvafiq istiqamətlər üzrə təlimatlandırılırlar”.

Rəisin sözlərinə görə, bu təlimlər tələbələrin dərs prosesinə mane olmur: “Sosial fəaliyyətlərdə iştirak edən tələblər nə qədər fəallıq göstərirlərsə, bu, onların dərsi mənimsəmələrinə bir o qədər müsbət təsir edir”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər