Ötən gün italyan atıcı və Olimpiya çempionu Nikola Kamprianinin bu yay baş tutacaq Birinci Avropa Oyunlarının İdman Elçisi olacağı açıqlandı.
Teleqraf.com xəbər verir ki, o, London 2012 Yay Olimpiya Oyunları zamanı tüfənglə atma üzrə ilk yarışda 2 Olimpiya rekorduna imza aıb. İkinci yarışda Olimpiya rekordunu təkrarlayan Kampriani bir qızıl və bir gümüş medal qazanıb. O, 2012-ci ildə BAF tərəfindən “İlin atıcısı” elan olunub və 2013-cü ildə elm, idman mühəndisliyi sahəsi üzrə magistr pilləsini bitirib.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bu barədə dedi:
“Bakı 2015 Birinci Avropa Oyunlarının başlanmasına 36 gün qaldığı bir vaxtda Nikola Kamprianinin İdman Elçiləri arasına daxil olması coşğunu daha da artırır. Nikola mübarizə apardığı idman növü üzrə gücünü sübut etmiş Olimpiya çempionudur və biz, tamaşaçı kütləsini ruhlandırmağa qadir beynəlxalq idman elçilərimizin sırasına dünyanın daha bir aparıcı idmançısını əlavə etməkdən məmnunluğumuzu bildiririk”.
Bakı 2015-in İdman Elçiləri mübarizə apardıqları idman növünü təmsil edəcək və Avropa Oyunlarını təbliğ etmək məqsədilə, Avropada və sosial mediada aparılan marketinq kampaniyalarında iştirak edəcəklər.
Nikola Kampriani isə öz hisslərini bu cür bölüşdü: “Birinci Avropa Oyunlarının İdman Elçisi olduğum üçün çox həyəcanlıyam və qitənin aparıcı idmançıları ilə bir sırada yer almaq mənə qürur hissi verir. Dünyanın müxtəlif yerlərində Birinci Avropa Oyunlarının nüfuzunu artırmaq məqsədilə, mənim üçün yaradılacaq imkanı səbirsizliklə gözləyirəm”.
İtaliya Olimpiya Komitəsinin prezidenti cənab Covanni Malaqo: “Nikola Kampriani, Bakı 2015-in Elçi proqramı üçün mükəmməl seçimdir. Bakı 2015-ə gedən yolda onun Oyunları təbliğ etmək, bütün idmançılarımız üçün coşğu və dəstəyin yaradılması məqsədilə, əlindən gələni edəcəyinə şübhəm yoxdur”.
Nikolo Kampriani alman stolüstü tennis oyunçusu Dimitriy Ovtçarov, yunan qılıncoynadan Vasiliki Vuguka, irland boksçu Keti Teylor, Böyük Britaniyanın taekvondo komandasının üzvü Ceyd Cons, fransız bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və Serbiyanın Duşan Domoviç Bulut, Marko Savic, Marko Zdero və Dejan Majstoroviçdən ibarət 3x3 basketbol komandası və polşalı dağ velosipedçisi Maya Vloşçovskadan sonra, Bakı 2015-in növbəti beynəlxalq İdman Elçisi olub. Yaxın gələcəkdə növbəti elçilərin adları da açıqlanacaq.
Bakı 2015-in atıcılıq üzrə yarışları çərşənbə axşamı iyunun 16-da yeni tikilmiş Bakı Atıcılıq Mərkəzində başlayacaq. 330 idmançı, 3 yarış üzrə, 19 medal uğrunda mübarizə aparacaq.
Rüstəm