9 May 2015 19:28
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aidiyyəti tibb müəssisələri hazırlıq vəziyyətinə gətirilib

“Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar paytaxtın aidiyyəti səhiyyə obyektləri hazırlıq vəziyyətinə gətirilib. Bakı şəhərinin tibb müəssisələrindən yarış obyektlərində tibbi xidmət göstərilməsi üçün 300 səhiyyə işçisi ayrılıb.

İdmançı və qonaqlara müvafiq tibbi xidmət göstərmək üçün Bakıda Kliniki Tibbi Mərkəzi və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Şəhər Mərkəzi Xəstəxanası seçilib.

Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, təyin olunan xəstəxanaların mütəxəssislərinə “Fövqəladə vəziyyətlərə hazırlıq” və “İlkin tibbi yardımın beynəlxalq standartları” üzrə, oyunlar zamanı könüllü ilkin tibbi yardım göstərəcək Azərbaycan Tibb Universitetinin 400 tələbəsinə isə “İlkin tibb yardım” üzrə təlimlər keçirilib.

I Avropa Oyunları zamanı meydana çıxa bilən problemlərin operativ həllini təmin etmək üçün nazirlikdə qərargah fəaliyyətə başlayacaq. Müvafiq xəstəxanalarla əlaqə saxlayıb oyunlara hazırlıqla bağlı vəziyyət barədə məlumat aldıq.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyir ki, tibbi yardım heyəti hələ ötən ilin ilk aylarından hazırlıqlara başlayıb. Həkimlər 2014-cü ilin mart ayından ilkin tibbi yardım üzrə xüsusi təlimlərə cəlb olunub, onlar üçün ingilis dili kursları təşkil edilib, eyni zamanda, 100 ədəd müasir təcili tibbi yardım maşını alınıb.

I Avropa Oyunları zamanı təcili yardım briqadalarının 25 obyektdə xidmət göstərəcəyi, 1 gündə maksimum 34 briqadanın növbətçi işə cəlb olunacağı nəzərdə tutulub.

Baş həkimin sözlərinə görə, hazırda xəstəxanada hər gün tibbi personalın hazırlıq səviyyəsi yoxlanılır. Ekstremal vəziyyətlərdə işlərinin öhdəsindən necə gəlmələri sınanılır.

Baki Sağlamlıq Mərkəzinin baş həkimin müalicə işləri üzrə müavini Qüdrət Allahverdiyev də mərkəzin oyunlara tam hazır olduğunu dedi: “Bir şöbədə 20 çarpayıdan ibarət yerlər hazırlamışıq. Həmin yerlərdə qəbul olunan xəstələri terapevtik, nevroloji və lor xəstəlikləri ilə bağlı müayinə və müalicə edəcəyik. Mərkəz tam şəkildə maddi-texniki baza ilə təchiz olunub. Tibbi personal da tam hazırdır. Avropa Oyunları ilə bağlı 20 nəfərlik həkim heyəti xarici ölkələrdə kurslar keçib. O cümlədən mərkəzdəki lazımi avadanlıqlarla peşəkar səviyyədə məşğul olmaq üçün işçilər məlumatlandırılıb”.

Müsahibimiz deyir ki, mərkəzə proses boyunca daha çox travmalı xəstələrin müraciət edəcəyi gözləniləndir: “Yəni sınıq, əzik və daha ciddi travmalarla bağlı müraciət ola bilər. Cərrahi əməliyyatlar isə təyinatı üzrə aparılacaq. Bakı Sağlamlıq Mərkəzində qarın, döş boşluğunda əməliyyatlar mümkündür. Ola bilər ki, kəllə-beyin xəsarətləri olsun, o, təbii ki, bizə deyil, digər ixtisaslaşmış və olimpiya oyunları üçün nəzərdə tutulmuş tibb müəssisəsinə yönləndiriləcək”.

Qeyd edək ki, mərkəzdə olimpiya iştirakçılarının sağlamlığının keşiyində duranlar ancaq yerli həkim briqadası olacaq. Bununla belə, idmançılardan özlərinin də şəxsi həkimləri ilə gəlmək hüququ da var. Qürbət Allahverdiyev bu zaman onların yalnız şəxsi istəyi olarsa, bizim həkimlərin müdaxilə edə biləcəyini deyir.

Xatırladaq ki, genişmiqyaslı idman oyunlarına ev sahibliyi edən əksər ölkələrdə əsas diqqət səhiyyənin fəaliyyətinə yönəlir. Bu sahədə çalışan tibbi personalın nə dərəcədə peşəkar olması da oyunun yekun protokolunda qeyd olunur.

Biz isə ümid edirik ki, oyunlar zamanı nə idmançıların, nə də şəhərimizə təşrif buyurmuş qonaqların ciddi həkim müdaxiləsinə ehtiyacı olmayacaq.


Müəllif:

Oxşar xəbərlər