Beynəlxalq Sambo Federasiyasının (BSF) rəsmi saytına istinadla xəbər verir ki, Xorvatiyanın Zaqreb şəhərində Avropa Sambo Federasiyasının (ASF) konqresi keçirilib. Konqresdə Avropanın 29 milli sambo federasiyasının nümayəndələri iştirak edib.
Birinci Avropa Oyunları konqresdə əsas müzakirə mövzularından biri olub. ASF-nin prezidenti Sergey Yeliseyev qarşıdan gələn irimiqyaslı idman hadisəsindən söz açıb.
O deyib: “Bakıda Avropa Oyunları çərçivəsində sambo turnirində Avropanın 20 ölkəsindən 72 samboçu iştirak edəcək. Ola bilsin, ölkələrin sayında dəyişiklik olacaq. İndi Bakıda gözəl infrastruktur yaradılıb, rahat idman kəndi inşa edilib, bütün samboçular, eləcə də hakimlər məxsusi hazırlanmış gözəl idman forması ilə təchiz ediləcəklər”.
O bildirib ki, idmanın bu növünün Oyunların proqramına daxil edilməsi dünya və Avropa sambosu üçün böyük uğurdur. Bu Oyunlar avropalı samboçular üçün mühüm start, ASF üçün yeni inkişaf imkanıdır.