Pərviz Heydərov: "Ölkəmizin iqtisadi potensialını tanıtmaq üçün bundan gözəl fürsət ola bilməz"
I Avropa Oyunlarının Azərbaycana divident qazandıracağı fikrini yerli ekspertlərlə bərabər xarici analitiklər də təsdiqləyir. Bildirilir ki, oyunların uğurlu nəticələri konkret bir sahəni, daha dəqiq desək, yalnız idman sahəsini əhatə etməyəcək, siyasi, iqtisadi, mədəni baxımdan da ölkəmizə uğur gətirəcək.
Olimpiya Oyunları ilə bağlı ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, bir sıra vacib layihələr reallaşdırılıb. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil edib.
Dövlət investisiyaları hesabına Şəmkirçay dəryaçası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və digər obyektlər istifadəyə verilib, bir sıra magistral və 1 milyon nəfərə yaxın əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr kənd yolları çəkilib.
Hazırda təhsil və səhiyyə müəssisələrinin, birinci Avropa Oyunları üçün idman obyektlərinin tikintisi, 43 şəhər və rayon mərkəzlərində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələrinin bir qismi başa çatıb, digərləri isə davam etdirilir.
Böyükşor gölünün üzərindən keçəcək 6 xətli magistral yol üçün bəndin kənar xətləri inşa olunub. Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şosesini birləşdirəcək yolun 1570 metrlik torpaq bəndinin inşası qrafik üzrə icra olunur. Bənd 2015-ci il yanvarın sonunda tam hazır olacaq.
Böyükşor gölünün kompleks bərpası 2 mərhələdə həyata keçirilir. Birinci mərhələ Avropa Oyunlarınadək görüləcək işləri əhatə edir. Bu mərhələdə Olimpiya stadionu inşa edilən ərazinin yaxınlığında, yəni gölün şərq hissəsində yerləşən 300 hektara yaxın sahənin bərpası yekunlaşdırılacaq.
İkinci mərhələ isə Avropa Oyunlarından sonra başlayacaq və bütün gölü və ətrafını əhatə edəcək.
2014-cü ilin ilk aylarından başlayan işlərin sürətli getməsi üçün birinci mərhələdə işlənəcək layihə ərazisi müvəqqəti bənd çəkilərək digər hissədən təcrid olunub. Avropa Oyunları üçün nəzərdə tutularaq reallaşdırılan layihələr, inşa olunan tikililər təkcə bu dönəm üçün deyil, gələcəkdə də faydalı olduğundan ekspertlər bunun Azərbaycanın gələcəyi üçün çox böyük dividentlər vəd edən tədbir olduğunu vurğulayırlar.
"Bakı-2015"ə nə qədər vəsait xərclənməsi də neçə vaxtdır ən çox müzakirə olunan məsələdir. Çoxlarını düşündürən Avropa Oyunlarının Azərbaycana gəlir gətirəcəyi məsələsidir. Ümumiyyətlə, bu tədbirin ölkəmizə xeyri nədən ibarət olacaq?
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, məsələnin ilk gündən indiyə qədər məhz iqtisadi tərəfləri və bu sahədə mövcud, o cümlədən gözlənilən arqumentlər daha böyük vəchlə araşdırılır: "Belə ki, bəziləri ölkəmizdə keçiriləcək bu tədbirə nəzərdə tutulandan artıq vəsait xərcləndiyini və ümumiyyətlə, istənilən halda xərclərin ödənilməyəcəyini, digərləri isə bütün görülən işlərin rentabelli olacağını söyləyirlər. Bəs, əslində, vəziyyət necədir?
Qitə səviyyəli bu cür kütləvi tədbirlərin və yarışların bütün istiqamətlərdə əhəmiyyəti olduqca böyükdür. İqtisadi yüksəlişə və siyasi sabitliyə sahib olan hər bir ölkənin belə tədbir və yarışlara ev sahibliyi etməyə çalışması da məhz bundan irəli gəlir. Əhəmiyyətli faktorlar arasında, sözsüz ki, iqtisadi amillər də var və bu, bəlkə də, ən mühümüdür.
Belə ki, qeyd olunan tədbirlərin keçirilməsi böyük məbləğdə maliyyə vəsaitləri tələb etsə də sonda iqtisadi yüksəlişin daha da sürətlənməsi və ümumi daxili məhsul (ÜDM) istehsalı həcminin artmasına gətirib çıxarır. Bu mənada, təəssüf ki, bəziləri məsələyə çox bəsit yanaşırlar və Avropa Oyunları keçirilib başa çatan kimi dərhal "möcüzə" baş verəcəyini gözləyirlər. Halbuki söhbət, dərhal müvafiq nəticə əldə olunacağından getmir və gedə də bilməz".
Xatırladaq ki, bu tədbir özü ilk dəfə həyata keçirilir. 2012-ci ilin dekabrın 8-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi və bunun da məhz Bakı şəhərində təşkil olunması haqda qərar qəbulunu ekspertlər böyük etimad sayır.
O ki qaldı "Bakı-2015"-ə xərclənən vəsaitə Pərviz Heydərov bu məsələnin də şəffaf olduğunu vurğulayır: "Təkcə bu ilin dövlət büdcəsindən sözügedən tədbirlə əlaqədar keçən ildəkindən 400 milyon manat çox - 1 milyard 336 milyon manat vəsait ayrılıb ki, bu haqda 2015-ci ilin dövlət büdcəsi haqda qanununun tətbiq olunması barədə ölkə başçısının Fərmanında aydın göstərilib.
Keçən ilin eyniadlı sənədində isə bu rəqəm düz 1 milyard manat təşkil edirdi. 2013-cü ilin dövlət büdcəsində isə bu haqda məlumat yox idi. Çünki Avropa Olimpiya Komitəsi 41-ci Baş Assambleyasında Avropa Oyunlarını Bakıda keçirmək haqda qərar qəbul edən zaman növbəti ilin dövlət büdcəsi artıq qəbul olunmuşdu. Lakin hazırlıq işlərinə 2013-cü ildən etibarən başlanıb ki, o zaman təqribən 40-50 milyon vəsait xərclənmişdi.
Deməli, təkcə son 2 ili nəzərə alsaq, təxminən 2,5 milyard manat dövlət vəsaiti xərclənib. Məsələ bundadır ki, bütün bu xərclərin həyata keçirilməsi nəticəsində görülən işlər göz qabağındadır. Məsələn, təkcə Bakıda tikilmiş 65 min tamaşaçı tutumu olan futbol stadionunu götürsək, bu, Avropada ən müasir idman infrastrukturlarından sayılır. Bu mənada, sözügedən tikilinin verəcəyi səmərəni konkret olaraq məhz Avropa Oyunlarına bağlamaq və bundan fayda gözləmək, şübhəsiz ki, sadəlövhlük olardı. Bu kimi infrastruktur obyektlər Azərbaycanda bütövlükdə xidmət sektoruna möhtəşəm bir töhfə sayılır və onun verəcəyi səmərə təkcə qarşıdakı tədbirə hesablanmayıb".
Ekspert deyir ki, hazırda Avropa İttifaqı ölkələrinin iqtisadiyyatında durğunluq hökm sürür və istehsalı artırmaq - ixracı artırmaq üçün yollar axtarılır. Bizim ölkə isə bu mənada çox əlverişli bazar sayıla bilər: "Bu baxımdan, çalışmalıyıq ki, Avropa Oyunları zamanı ölkəmizin cəlbediciliyinə nail olduğumuz zaman hazır məhsul idxalına deyil, məhz investisiya axınlarına nail olaq. Bunun üçün isə olduqca əlverişli imkanlar yaranacaq".
Naibə