Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin fikirləri belə cəhdləri darmadağın edir
İyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyası davam edir. Bu dəfə növbə "Foreign Policy" dərgisinə çatıb. Dərgi Pen Amerika Mərkəzinin icraçı direktoru Suzanne Nosselin "Daha sürətli, daha yüksək, daha oppressiv" başlıqlı məqaləsini dərc edib. Nossel vaxtilə ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçinin müavini işləyib. Müəllif olimpiya oyunları kimi meqa-idman tədbirlərinin oyuncağa çevrilməsindən yazıb. "İnsan haqları pozuntularına işıq salmaq üçün çoxmu gecdir?", - deyə sual edib.
S.Nossel ilk Avropa Oyunlarının əhəmiyyətini kiçiltmək məqsədilə yazıb: "Bu ilin aprelində Bəhreyndə "Formula-1" yarışı bitən kimi təşkilatçılar elan etdilər ki, 2016-cı ildə yarışma Bakıda keçiriləcək.
Təsadüfi deyil ki, 2016-cı il Yay Olimpiya Oyunlarına bir növ yaz təlimi olan birinci Avropa Oyunları da Bakıda olacaq. 2022-ci il Qış Olimpiadasına ev sahibliyinə iddialılar içində Almatı və Pekin var. 2018-ci il Dünya futbol çempionatı Rusiyada keçiriləcək, 2022-ci ildə isə Qətərdə".
Halbuki ilk Avropa Oyunlarının kifayət qədər mötəbər tədbir olduğunu "Foreign Policy" dərgisinin rəhbərliyində də yaxşı bilirlər. Gəlin, oyunların mötəbərliyinə dair elə avropalı rəsmilərin özlərinin verdikləri bir neçə açıqlamaya nəzər salaq.
Patrik Hikki: "Avropa Oyunları ənənəvi oyunlara bənzəməyəcək"
"İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları böyük uğur qazanacaq və atletlərə yaxşı nəticələr göstərməyə kömək edəcək".
Bu barədə hələ fevral ayında Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki "Euronews" telekanalına müsahibəsində bildirirdi.
Onun sözlərinə görə, yay Avropa Oyunları öz növündə birinci olacaq və Asiya və Pan-Amerikan Oyunları kimi ənənəvi tədbirlərə bənzəməyəcək: "Oyuna hazırlıq plan üzrə gedir, narahatlıq üçün səbəb yoxdur. Biz hazırlığın gedişi barədə tam məlumatlıyıq, idman qurğularının tikintisi plan üzrə davam edir".
AOK prezidenti əmin olduğunu bildirib ki, hazırlıq işləri ən yaxşı nəticələrlə başa çatacaq: "Tədbirin təşkili barədə düşünəndə 10 idman növünü daxil etməyi planlaşdırırdıq, hazırda isə 20-ni nəzərdən keçiririk, 6 idman növünü qəbul etməmişik. Bütün bunlar Avropa federasiyalarının oyunlara marağını göstərir. Bu il Bakıda Olimpiya Oyunlarının standart konsepsiyası ilə müqayisədə müxtəlif əhəmiyyətli aspektlər olacaq".
P.Hikki əlavə edib ki, Avropa Oyunlarının konsepsiyası idmanda innovasiyaların irəliləyişini ehtiva edir: "Bakı Avropa Oyunları idmançılara qarşıdakı Rio-de-Janeyro və Tokio Olimpiya Oyunlarında uğur qazanmaq üçün yaxşı şans verir".
"Bakıda keçiriləcək I Avropa Oyunları böyük hadisədir"
İndi isə gəlin, Patrik Hikkinin martın sonlarında insidethegames.biz saytına verdiyi müsahibəsinə nəzər yetirək. Bu müsahibə zamanı Avropa Olimpiya Komitələrinin prezidenti 2018-ci ildə Berlin və Qlazqo şəhərlərində keçiriləcək oyunlarla bağlı deyirdi: "Avropa Olimpiya Komitələrinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin başqa ildə keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür".
P.Hikki bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına qitənin ən yaxşı atletlərin cəlb olunacağını bildirib.
P.Hikki "Bakı-2015" I Avropa Oyunlarını böyük hadisə adlandırıb: "Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. "Bakı-2015" Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir".
"Yarışlar gözlənildiyindən daha artıq uğur qazandı"
P.Hikki Bakıdakı yarışların gözləniləndən də artıq uğur qazandığını düşünür: "Avropa Oyunları ilə bağlı işlərə başlayanda burada 10 idman növünün olmasını istəyirdik. İndi isə bu rəqəm 20-yə yaxındı. Hətta biz bəzi növlərdən imtina etmək məcburiyyətində qaldıq. Bu da Avropa Federasiyalarının yarışa böyük marağını göstərir. İnanıram ki, 2019-cu ildəki Avropa Oyunlarında atletika və üzgüçülükdə də ən güclü idmançılar çıxış edəcək. Çünki Bakıdakı yarış Avropaya göstərəcək ki, bu oyunlar nə qədər maraqlıdı. Avropa Oyunları idman təqviminin bir hissəsinə çevriləcək. Buna görə də yarışa daha çox maraq cəlb edən növləri daxil edilməsini istəyirik. Gənc idmançılarda da maraq oyatmaq mümkün olacaq. Düşünürəm ki, Bakıdakı Oyunlar avropalı idmançılara Olimpiadada daha çox medal qazanmağa kömək edəcək. Burada qazanılacaq təcrübə onların hazırlığına müsbət təsir etməlidi. Bunun da nəticəsi Rio-de-Janeyro, Tokio və növbəti Olimpiya Oyunlarında maksimum uğur qazanmaqda əks olunacaq. Bizim üçün Olimpiya xartiyasının prinsipləri çox vacibdi. Azərbaycan tərəfi də bizi bu prinsiplərə əmək olunacağına inandırıb".
"Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı olmayacaq"
P.Hikki bildirib ki, qlobal idman hərəkatı baxımından Avropa irəliyə doğru addımlarını davam etdirməlidir. Onun sözlərinə görə, Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı olmayacaq: "Bu Oyunlar çox innovativ olacaq və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcək. Onların sayəsində atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar. Sonra onlar 2016-cı ildə Rioya, 2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar.
İdman sahəsinə gəldikdə, əvvəlcə yarışmalarda olmayan yeni idman növləri əlavə ediləcək. Məsələn, üçlük basketbol, çimərlik voleybolu, karate və sair".
"Azərbaycan Avropa Oyunları başlamadan öncə dünya rekorduna imza atdı"
Aprelin 26-da, Atəşgahda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimində çıxışı zamanı isə Patrik Hikki deyirdi: "Bakı-2015" bütün ölkənizin əməyi və səyləri sayəsində baş tutacaq. Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir.
Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim. Təşkilat Komitəsi və "Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı.
Mən gözəl ölkənizi gəzib dolaşan "Bakı-2015" məşəlinin estafetini izləməyi səmimiyyətlə arzulayıram. Çünki bu məşəl çox mühüm ilk Avropa Oyunlarının açılış mərasiminə aparan yolu işıqlandıracaq".
Əlbəttə, Avropa Oyunlarının mötəbərliyi ilə bağlı indiyədək qitənin dövlət başçılarından tutmuş müxtəlif peşə sahiblərinədək çoxlu insanlar öz fikirlərini bildiriblər. Lakin, biz bu yarışların keçirilməsinə bilavasitə məsul olan, bütün Avropa olimpiya komitələrini özündə birləşdirən şəxsin fikirlərini verməyin daha doğru olduğu qənaətinə gəldik. Hər halda, oxuyub nəticə çıxarmağa dəyər.
Səxavət HƏMİD