8 İyun 2015 20:20
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniyanın “Jordanews” elektron qəzeti AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Bakı-2015” birinci Avropa Oyunları haqqında məqaləsini dərc edib.

Məqalədə vurğulanır ki, Avropa Olimpiya Komitəsinin Bakıda Avropa Oyunlarının keçirilməsinə dair qərarı Azərbaycanın bütün sahələrdə, o cümlədən idmanda qazandığı nailiyyətlərin və uğurların beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin göstəricisidir, habelə ölkəmizin potensialına və imkanlarına böyük etimadı nümayiş etdirir.

Müəllif qeyd edir ki, bu cür beynəlxalq idman tədbirlərinə hazırlaşmaq üçün adətən 5-7 il lazım gəlir, lakin Azərbaycan cəmi iki il ərzində irimiqyaslı idman tədbirinin keçirilməsi üçün zəruri olan bütün infrastrukturu yarada bildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi və digər beynəlxalq idman təşkilatları ilə möhkəm münasibətlər və məhsuldar əməkdaşlıq qurub. Bu təşkilatların rəhbərləri Bakıya dəfələrlə səfər ediblər. Aparılan təcrübə mübadiləsi nəticəsində ölkənin idman potensialı yüksəldilib və Bakı çoxlu beynəlxalq idman yarışlarının və tədbirlərinin keçirilməsi üçün mərkəzə çevrilib.

“Azərbaycan dövlətinin başçısı idmanın inkişafına böyük diqqət ayırır, idmançıların qayğısına qalır. Ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün idman xüsusi məna daşıyır. Təsadüfi deyil ki, son illər Azərbaycan idmançıları yüksək nəticələr göstərirlər, Olimpiya Oyunlarında, Avropa və beynəlxalq yarışlarda fəxri yerlərə və çoxlu medallara sahib olurlar”, - məqalədə bildirilir. Xüsusilə vurğulanır ki, son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük idman uğurları əldə olunub. Bütün istiqamətlər üzrə dinamik inkişaf, güclü iqtisadi yüksəliş müşahidə olunur. Qazanılan uğurlar ölkəmizin möhtəşəm idman tədbiri üçün gözəl meydan olmasına imkan yaradır.

Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycanla bağlı fikirlərinə də istinad olunur. P.Hikki vurğulayıb ki, Azərbaycan 23 ildə görünməmiş tərəqqi əldə edib. Birinci Avropa Oyunları dünya idmanının bənzərsiz hadisəsidir. Azərbaycan Avropa Olimpiya ailəsinin bir üzvüdür və Prezident İlham Əliyevin mövqeyi və uzaqgörən siyasəti nəticəsində ölkədə inkişaf təmin olunub.

Oxucuların diqqəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsinin tədbirin uğurlu təşkili və yüksək səviyyədə keçirilməsi üçün böyük qüvvə sərf etdiyinə yönəldilir. Qeyd olunur ki, “Bakı-2015” birinci Avropa Oyunlarının bir sıra aparıcı ölkələrdə, o cümlədən Fransada, Almaniyada, İtaliyada, Böyük Britaniyada, Türkiyədə, Yunanıstanda, Rusiyada təqdimatları keçirilib.

Sonda bildirilir ki, idman ekspertlərinin fikrincə, dünyanın marağına səbəb olan birinci Avropa Oyunları idman tarixinə yeni səhifə kimi daxil olacaq.

Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq mümkündür:


Müəllif:

Oxşar xəbərlər