13 İyun 2015 14:37
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələn Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş keçirilib.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, liderlərin söhbəti mətbuat üçün bağlı olub.

Görüşdən əvvəl fotomüxbirlərə şəkillərin çəkilməsinə icazə verən liderlər yalnız I Avropa Oyunlarının açılış mərasimi haqqında təəssüratlarını bildiriblər. Rusiya mediası yazır ki, liderlər görüşdən əvvəl mətbuata danışmağa meylli olmadıqlarını nümayiş etdirərək danışmağa mövzu axtarıblar. Türkiyə prezidenti mərasimə Avropa Birliyi ölkələrinin liderlərindən heç kəsin gəlmədiyini qeyd edib. “Türkiyə Avropa Birliyinə üzvlüyə namizəd kimi bütün Avropa Birliyini təmsil edirdi", - Putin təbəssümlə Ərdoğana cavab verib.


Prezidentlər açılış mərasiminin çox parlaq keçdiyini bildiriblər. Onlar Türkiyə və Rusiya, həmçinin oyunlara ev sahibliyi edən Azərbaycanın idmançılarına uğurlar arzulayıblar.

Görüşdə Rusiya tərəfindən prezidentin köməkçisi Yuri Uşakov, Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov, energetika naziri Aleksandr Novak, “Rosatom”un rəhbəri Sergey Kiriyenko və “Qazprom”un rəhbəri Aleksey Miller iştirak edib. Rusiya mediasının yazdığına görə, Rusiya nümayəndə heyətinin tərkibi görüşdə başlıca olaraq energetika sahəsində, xüsusilə “Türk axını” qaz kəməri layihəsinin reallaşdırılmasında əməkdaşlıq haqqında söhbət getdiyini ehtimal etməyə imkan verir.

Nihad


Müəllif:

Oxşar xəbərlər