Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) həmişə olduğu kimi, yenə də atletlərin, jurnalistlərin və idman ictimaiyyətinin doğma ocağına çevrilib.
AZƏRTAC xəbər verir ki, iyunun 14-də Azərbaycan Milli Olimpiya Komitəsi “Bakı-2015” birinci Avropa Oyunları yarışlarının qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə “Zəfər günləri” adlı xüsusi tədbirin açılış mərasimini keçirib.
MOK tərəfindən ilk dəfə həyata keçirilən bu layihə zamanı medallar qazanan atletlərimiz, onların ailə üzvləri ilə ictimaiyyət nümayəndələrinin görüşü təşkil edilib. Komitənin binasının qapıları birinci Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən və “Bakı-2015” kimi tarixi hadisənin şahidi olmağa can atan insanların üzünə açılıb.
Birinci Avropa Oyunlarının ikinci günündə Azərbaycan idmançıları hamıdan çox – 7 medal qazansalar da, yığmamız ümumi komanda hesabında ikinci sırada qərarlaşıb. Azərbaycan atletlərinin hesabındakı medallardan 3-ü qızıl, 1-i gümüş, 3-ü isə bürüncdür.
Azərbaycana qələbə qazandıran idmançılarımıza MOK-un xüsusi mükafatları verilib.
Birinci Avropa Oyunlarının hər anı bir tarix, hər günü bir zəfərdir. Azərbaycan atletləri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında olduğu kimi, birinci Avropa Oyunlarında da ölkəmizi layiqincə təmsil edəcək, Azərbaycanın bayrağını yüksəklərə qaldıracaqlar. Azərbaycanın idman salnaməsinə birinci Avropa Oyunlarını qızıl hərflərlə yazan atletlərimiz öz parlaq qələbələri ilə hər gün bir tarix yazacaq, hər gün şanlı zəfərlər qazanacaqlar.
“Zəfər günləri” adlı xüsusi tədbir iyunun 29-dək davam edəcək.