20 İyun 2015 22:10
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, “Şöhrət” ordenli, tanınmış bəstəkar Faiq Sücəddinov “Bakı-2015" Birinci Avropa Oyunlarını yaxından izləyən sənət adamlarındandır. Onunla söhbətə ”Bakı-2015"-in açılış mərasimində baş verənlərdən başladıq. Xüsusilə musiqi tərtibatı ilə onu heyrətə gətirən mərasim haqda bəstəkar “Gündəlik Teleqraf”a müsahibəsində ürək dolusu danışdı.

- Faiq bəy, bir bəstəkar kimi Birinci Avropa Oyunlarının açılış mərasiminin tərtibatını necə qiymətləndirirsiniz?
- Ondan başlayım ki, mən hələ də Avropa Oyunlarının açılış mərasiminin möhtəşəmliyinin təsiri altındayam. Heç yerdə belə açılış mərasimi görməmişdim. Mərasimdə Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Tofiq Quliyevin, Rauf Hacıyevin də musiqisi, eləcə də, xalq mahnıları səsləndi. Ümumiyyətlə, mərasimin musiqi tərtibatı çox möhtəşəm idi. Hər musiqidən bir parça səslənirdi. Hərdən Alim Qasımovun səsi gəlirdi, Üzeyir Hacıbəyovun “Koroğlu” operasından üvertura səslənirdi, bir sözlə, musiqi tərtibatı çox gözəl idi. Nə simfonik musiqilər, nə operalar, nə də muğamdan parçaların heç biri qabarıq, vurucu deyildi. Mənə çox xoş gəldi.

- Bəziləri deyir ki, ermənilərin öz adlarına çıxmaq istədiləri “Sarı gəlin” musiqisini bir az çox səsləndirmək olardı...
- Düşünürəm ki, “Sarı gəlin” orada nə qədər lazım idisə, o qədər də səsləndi. Orada balaban gözəl ifa olundu, Alim Qasımov çox gözəl oxudu. Bilirsiniz, hər şeyi çox verəndə onun dadı da gedir, ona görə hər şeyi qədərində vermək lazım idi. Elə də etmişdilər. Bu baxımdan, məncə, tərtibat çox düzgün idi, hər bir musiqi, hər bir detal vaxtında, məqamında idi. Onu da bilmək lazımdır ki, Azərbaycan musiqisi tək “Sarı gəlin”dən ibarət deyil. 1908-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun yazdığı “Leyli və Məcnun” həm Azərbaycanda, həm də bütün Şərqdə ilk opera oldu. Bununla Üzeyir bəy XX əsrin əvvəllərində Azərbaycan peşəkar bəstəkarlıq sənətinin təməlini qoydu. Avropa Oyunlarının açılış mərasimi həm də onu göstərdi ki, Azərbaycan musiqisi zəngindir və bir dəryadır. Bildiyim qədər, tərtibatçı yunan mütəxəssis idi. O da Azərbaycan musiqilərinin gözəlliyindən dəhşətə gəlmişdi.

- Açılış mərasimini stadiondan, yoxsa televiziyadan izlədiniz?
- Mərasimi Rusiyanın “Rossiya 2" telekanalı ilə izlədim. Rusiya kanalının açılış mərasimini necə şərh etməsi mənim üçün çox maraqlı idi. Şərhçi ”Bakı-2015" İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın çıxışından sonra çox yüksək fikirlər səsləndirdi. O, həmçinin deyirdi ki, Azərbaycanda keçirilən “Eurovision” yarışması zamanı burada olub və qonaqpərvərliyimizə heyran qalıb. “Bakı-2015"-in açılış mərasimini bəyəndiyini deyən şərhçi mərasimdə baş verən hər şey barədə çox ətraflı məlumatlar verirdi. Həqiqətən, açılış mərasimi fantastik idi. Mən Yunanıstanda, Soçidə keçirilən Olimpiya Oyunlarına eləcə də, digər oyunların açılış mərasiminə baxmışam. Heç biri ”Bakı-2015"-in açılış mərasiminə çata bilməz. Bizimki hamısından çox gözəl tərtib olunmuşdu. Bunu azərbaycanlı olduğum üçün demirəm. Bunu həm də əcnəbilərin fikirlərini bildiyim üçün deyirəm. Onların hamısı bu fikirdədirlər.
Diqqət etdinizsə, orada Nizaminin “Xəmsə”si necə gözəl təbliğ olundu. Od, su, torpaq, alov fəlsəfəsi incə detallarla çox mərahətlə təqdim edildi. Hansı birini deyim, Qobustan, “Leyli və Məcnun” obrazları... “Leyli və Məcnun” sevgi rəmzidir, bununla biz dünyaya məhəbbət bəxş edirik. Məhəbbət olan yerdə sülh də, gözəllik də olur. Daha sonra günəş yananda Qara Qarayevin “İldırımlı yollarla” əsəri səsləndi, necə gözəl mənzərə idi... Bundan başqa, nağıllardan gələn xalçanın üzərində Alim Qasımovun ifası əsrarəngiz təəssürat yaratdı. Bu da rəmzidir. Açılış mərasimində hər şey gərginlikdə idi. Və hər şey yüksələn xətlə inkişaf edirdi və ən sonda günəş alovlandı ki, bu pik nöqtə idi. Mən, həqiqətən, fəxr etdim. İnanıram ki, Avropa Oyunlarının bağlanışı da çox gözəl, maraqlı olacaq.

- Ledi Qaqanın ifasını, görkəmini bəyəndinizmi?
- Ledi Qaqa mənim üçün zirvə deyil, amma o, dünya brendidir. Birmənalı şəkildə o, necə geyinməyindən, özünü necə aparmağından asılı olmayaraq, dünya brendidir. Mərasimdə o, Con Lennona məxsus “İmagine” musiqisini canlı ifa etdi. Heç bir xaric ifa olmadı. Sülh naminə ifa olunan musiqini, demək olar ki, bütün dünya bilir. Ledi Qaqa o mahnını oxumaqla mərasimin niyyətini, təbliğ etdiyi sülhpərvərlik, qonaqpərvərlik simvoluna özünəməxsus şəkildə vurğulamış oldu.

- Avropa Oyunlarında yaxından izlədiyiniz hər hansı idman növü varmı?
- Voleybol və basketbolu çox sevirəm. Oyunların final mərhələsinə gedib baxacam. Artıq neçə gündür müxtəlif yarışlar üzrə qızıl medallar qazanmışıq. Bayaq eşitdim ki, taekvondo idman növü üzrə də bir neçə qızıl medal qazanmışıq. Buna çox sevinirəm. Biz qızıl medallara layiqik. Ümumiyyətlə, Azərbaycan qalibiyyətə layiq olan dövlətdir. Öz idmançılarımıza uğurlar arzu edirəm. Onlar bilsinlər ki, biz həmişə yanlarındayıq, hər zaman da onlara dəstək olmağa hazırıq. Bilirsiniz, Azərbaycanda keçirilən Birinci Avropa Oyunları bizim ölkə üçün çox əhəmiyyətlidir. Bunun bir çox səbəbləri var. İdman bir növ mədəniyyətdir. Olimpiya Oyunları isə böyük, mötəbər yarışdır. Və hər bir ölkə bu yarışların onların ölkəsində keçirilməsi uğrunda savaşır. Çünki onlar bilirlər ki, bu yarışları keçirmək həmin ölkənin təbliğatıdır. Burada hər medal qazanan idmançının adının qarşısında illər sonra da “Bakı-2015" Avropa Oyunlarının qalibi yazacaqlar, deyəcəklər.

Ondan başqa “Bakı-2015"-in açılışı öncəsi mən tez-tez ”Euronews", “BBC”, “CNN” telekanallarını izləyirdim. Onlar Azərbaycanda keçirilən “Bakı-2015" Avropa Oyunları ilə bağlı mütəmadi məlumatlar verirdilər. Bundan başqa, Avropa Oyunları ilə əlaqədar olaraq ölkəmizə çoxlu sayda turistlər, jurnalistlər gəlib. O jurnalistlərin hər biri ölkələrinə oyunların nəticələri ilə bağlı məlumatlar ötürürlər. Yəni bütün dünya Avropa Oyunlarını seyr edir.

Azərbaycanı tanımayan adam da bu oyunlar sayəsində Azərbaycanı tanıdı, bizi sevməyənlər də gördülər ki, biz necə güclü dövlət yaratmışıq, necə gözəl Bakımız, necə gözəl Azərbaycanımız var. Bakı gözəl və təmiz şəhərdir, insanlarımız gülərüz, mehribandır. Bakı heç bir Avropa şəhərindən geri qalmır. Avropa Oyunları ilə bağlı ölkəmizə gələn qonaqlar buradan qayıdandan sonra ətrafındakı insanlara Azərbaycana gəlmələrini tövsiyə edəcəklər. Çünki artıq Azərbaycanı tanıdılar və xoş fikirlərlə də öz ölkələrinə qayıdacaqlar. Belə böyük tədbirlərin keçirilməsi Azərbaycanın dünyada müstəqil, sülhsevən dövlət kimi tanınması üçün şərtdir.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər