İyunun 20-də “Baku Crystal Hall”da boks yarışlarının beşinci gününün ilk yarısında qadın boksçuların 51-54 və 60-64 kiloqram çəki dərəcələrində səkkizdəbir final qarşılaşmaları keçirilib. Bu mərhələdə Rusiya, İtaliya (2), Almaniya, Polşa və Böyük Britaniya idmançıları qələbəyə sevinən tərəf olublar.
AZƏRTAC xəbər verir ki, kişi boksçuların yarışı böyük marağa səbəb olub. Belə ki, 52 və 60 kiloqram çəki dərəcələrində Azərbaycanın rinqə çıxan hər iki idmançısı – Elvin Məmişzadə və Albert Səlimov görüşlərini qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəliblər. Boksçularımız müvafiq olaraq irlandiyalı Mayles Kasey və Gürcüstanı təmsil edən Otar Eranosyanı məğlub ediblər - 3:0. Hər iki çəki dərəcəsində digər görüşlər Bolqarıstan-İspaniya, Almaniya-Ukrayna, Gürcüstan-Rusiya, Bolqarıstan-Ermənistan, Slovakiya-Türkiyə və İrlandiya-İtaliya idmançıları arasında keçirilib. Qarşılaşmaların nəticələrinə əsasən 52 kiloqram çəki dərəcəsində Bolqarıstan, Almaniya və Rusiya, 60 kiloqram çəki dərəcəsində isə Bolqarıstan, Türkiyə və İrlandiya idmançıları “Bakı-2015”-də çıxışlarını davam etdirmək hüququ qazanıblar.
Günün ikinci yarısında azarkeşlər maraqlı idman mübarizəsinin şahidi olublar. Rinqə 52, 60, 69 və 91+ kiloqram çəki dərəcələrində kişi boksçular çıxıblar. Axşam saatlarında ümumilikdə 4 çəki dərəcəsi üzrə 16 görüş baş tutub.
Keçirilən görüşlərdən sonra növbəti mərhələdə iştirak etmək hüququ qazanan boksçuların adları məlum olub. Beləliklə, Ermənistan, Slovakiya, Türkiyə, İtaliya, Macarıstan, Fransa, Polşa, Bolqarıstan, Belarus, Rusiya, Ukrayna, Gürcüstan, İrlandiya və Litva boksçuları birinci Avropa Oyunlarında çıxışlarını davam etdirəcəklər.