23 İyun 2015 01:20
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-də “Bakı-2015” birinci Avropa Oyunlarında sambo yarışlarında səkkiz çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda Azərbaycan tam heyətlə təmsil olunub və samboçularımız dörd gümüş medal qazanıblar.

Qadınların 52 kiloqram çəki dərəcəsində yarışında mübarizəyə qoşulan idmançımız Nəzakət Xəlilova dörddəbir final mərhələsində rumıniyalı Kodrina İoneskuya, yarımfinalda isə litvalı Ruta Aksionovaya qalib gəlib. Finalda Azərbaycan samboçusu Nəzakət Xəlilova rusiyalı Anna Xaritonovaya ciddi müqavimət göstərə bilməyib və gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində bürünc medalları litvalı Ruta Aksionova və bolqarıstanlı Maqdalena Varbanova qazanıblar.

Şəhanə Hüseynova (60 kq) bürünc medal uğrunda mübarizədə belaruslu Katarina Prakapenka ilə qarşılaşıb və idmançımız rəqibinə məğlub olub. Digər bürünc medala rumıniyalı Daniela Hondiu sahib çıxıb. Bu çəki dərəcəsində qızıl medalı bolqarıstanlı Kalina Stefanovaya qalib gələn rusiyalı Yana Kostenko qazanıb.

Qadınlar arasında 64 kiloqram çəki dərəcəsində qızıl medala belaruslu Tatyana Matsko sahib olub. O, finalda ukraynalı Alena Saykoya qalib gəlib. Fransalı Sara Loko və rusiyalı Anna Şerbakova bürünc medala yiyələniblər.

Yarışda qadın samboçumuz Nərminə Əlizadə (68 kq) bürünc medal uğrunda mübarizədə fransalı Selin Kondeyə məğlub olub. Digər bürünc medalı isə rusiyalı Olqa Zakartsova qazanıb. Qızıl medal uğrunda görüşdə serbiyalı İvana Jandriç belaruslu Volya Namazavaya qalib gələrək birinci Avropa Oyunlarının qalibi adını qazanıb.

Kişi samboçumuz İslam Qasımov (57 kq) dörddəbir final mərhələsində Rumıniya təmsilçisi Orlando Qruiaya, yarımfinalda isə gürcüstanlı Vaxtanqi Çidraşviliyə qalib gəlib. Avropa və dünya çempionu İslam Qasımov finalda rusiyalı Aymergen Atkunova məğlub olaraq birinci Avropa Oyunlarının gümüş mükafatı ilə kifayətlənib. Belaruslu Vladislav Burdz və Gürcüstan samboçusu Vaxtanqi Çidraşvili isə yarışı üçüncü pillədə başa vurublar.

Mübarizəyə dörddəbir final mərhələsindən qoşulan Amil Qasımov (74 kq) ilk görüşünü qələbə ilə başa vurub. Gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Növbəti rəqibi bolqarıstanlı Martin İvanovu da məğlub edən samboçumuz finalda Belarus idmançısı Stepan Papova uduzaraq yarışı ikinci pillədə tamamlayıb. Bu çəki dərəcəsində bürünc medalları isə rusiyalı Azamat Sidakov və gürcüstanlı Kaxa Mamulaşvili qazanıblar.

Doxsan kiloqram çəki dərəcəsində qızıl medalı Rusiya samboçusu Alsim Çernaskulov, gümüş mükafatı belaruslu Andrey Kazusionak, bürünc medalları isə gürcüstanlı Davit Kerbalaşvili və litvalı Radvilas Matukas əldə ediblər.

Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Vasif Səfərbəyov dörddəbir final mərhələsində makedoniyalı Bajro Maşoviçə, yarımfinalda isə ukraynalı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəlib. Samboçumuz finalda rusiyalı rəqibi Artyom Osipenkodan üstün ola bilməyib və “Bakı-2015”-i ikinci olaraq başa vurub. Bu çəki dərəcəsində belaruslu Yuri Rıbak və ukraynalı Razmik Tonoyan yarışı üçüncü pillədə başa vurublar.

Bununla da “Bakı-2015”-də sambo üzrə yarışlara yekun vurulub. Samboçularımız üçün bir o qədər uğurlu olmayıb.


Müəllif:

Oxşar xəbərlər