“Hazırlığımız yekunlaşıb. Komandada yüksək əhval-ruhiyyə var”.
Bunu çimərlik futbolu üzrə yığma komandamızın kapitanı Emin Kürdov deyib.
Bakı-2015 I Avropa Oyunlarında sabah çimərlik futbolu üzrə yarışları başlanacaq. Millimizin qolkiperi və kapitanı Emin Kürdov yığmamızın şanslarını dəyərləndirib: “Oyunlarda artıq 30-dan çox medalımız var. Bu, böyük uğurdu. Arzu edirəm ki, bu medallar kollektiv növdə də olsun. Çalışacağıq ki, ilk 3 yerdən birini tutaq, medal qazanaq”.
Təcrübəli qapıçı 2020-ci ildə Avropa çempionatının bəzi oyunlarının Azərbaycanda keçirilməsinin böyük uğur olduğunu deyib: “Buna çox sevinirik. Bizə də stimul, əlavə ruh verir. Çimərlik futbolunun Avropa Oyunlarına daxil edilməsi də böyük uğurdu. Bunda millimizin də əziyyəti var. Artıq tarixə düşmüşük. Düzdü, çətin olacaq. Yalnız biz "B" divizion komandasıyıq. Qalanları "A" divizionunda iştirak edir. Bununla özümü sığortalamaq istəmirəm. Əlimizdən gələni edəcəyik. Azərbaycanda futbol var və bu sahədə inkişaf gedir”.
Qeyd edək ki, yığmamız "A" qrupunda Portuqaliya, İsveçrə və Ukrayna ilə üz-üzə gələcək.
İlhamə