Fransanın Bakıdakı səfirliyi atletlərinin şərəfinə ziyafət təşkil edib.
Trend-in məlumatına görə, Fransa komandasının nümayəndələri Bakıda olmaqdan məmnun olduqlarını və bura yenidən gəlmək istədiklərini bildiriblər.
Komandanın üzvü Filipp Limuzinin sözlərinə görə, Bakı stress və təcavüzdən uzaq pozitiv şəhərdir: “Stressin olmadığı, sakit, gülərüz əhalisi olan müsəlman ölkəsi görüb çox təəccübləndim. Ailəmlə bura yenidən gəlmək istərdim. Təəssüflər olsun ki, Parisdən Bakıya reyslər elə də çox deyil. Həftədə cəmi bir dəfə”.
Fransanın velosiped idmanı üzrə məşqçisi Emmanuil Brunet Azərbaycanın idmançılar üçün mükəmməl şərait yaratdığını qeyd edib: “Atletlər kəndində rahat yaşamaq üçün hər cür şərait var, hər şey yaxşı planlaşdırılıb. Otaqlar böyük və təmizdir. Burada olmağımızdan çox məmnunuq”.
Fransa Voleybol Federasiyasının texniki direktor müavini Filipp Dumoilinin sözlərinə görə, Azərbaycanın belə qısa müddətdə I Avropa Oyunlarına hazırlaşa bilməsi onu heyrətləndirib: “Bakının bu qədər gözəl şəhər olacağını gözləmirdim. Bakı sürətlə dəyişir. Şəhərinizin tarixi mərkəzi çox xoşuma gəldi. Maraqlı və qədim mədəniyyətiniz var”.
O bildirib ki, çoxsaylı müasir idman kompleksləri Azərbaycana Olimpiya Oyunlarının keçirilməsinə namizədliyini irəli sürməyə imkan yaradacaq.
Fransa Voleybol Federasiyasının texniki direktoru Kirill Bolone-Yevtuşenko isə Bakının özündə Qərb və Şərq elementlərini birləşdirən gözəl şəhər olduğunu qeyd edib.
Fransa heyətinin digər üzvü Fabris Valletin sözlərinə görə, Bakı I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edə bildi və bütün gözləntiləri üstələdi: “Azərbaycana yenə qayıtmaq istərdim. Bəlkə Olimpiya Oyunlarında...”