Seymur Orucov: “Azərbaycan bütün sahələr üzrə inkişaf edib və biz bunu dünyaya nümayiş etdirdik”
“Biz ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini bir bayram hesab edirik. Sözün həqiqi mənasında, bəlkə də heç bir Avropa ölkəsi, onların olimpiya komitələri, bir çox beynəlxalq təşkilatlar düşünmürdü ki, ölkəmiz qısa müddət ərzində beynəlxalq miqyaslı tədbiri yüksək səviyyədə keçirə bilər. Hətta deyərdim ki, “G-20”nin üzvü olan ölkələrin bir çoxu bu cür tədbirə qısa müddətdə hazır ola bilməzdi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, oyunların keçirilməsi üçün seçilən ölkə mütləq şəkildə iqtisadi cəhətdən inkişaf etmiş, siyasi mühitin qənaətbəxş, demokratik ab-havanın bərqərar olduğu məkan olmalıdır: “İdman oyunlarının keçirilməsi ondan xəbər verir ki, yəni bu cəmiyyətin özünün bütün sferalarında inkişaf var. İqtisadi inkişafla idman düz mütənasibdir. Yəni inkişaf olmayan yerdə idmana diqqətdən, qayğıdan danışmaq mümkün deyil. Azərbaycan dünyaya bunu isbat etdi. 24 il müstəqillik tarixi baxımından çox qısa görünsə də, Azərbaycan artıq 24 il ərzində böyük nailiyyətlər əldə edib. Təbii ki, ümummilli lider Heydər Əliyevin qurmuş olduğu Azərbaycan dövləti bu gün president İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir.
Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi, startının ölkəmizdən götürülməsi Azərbaycanın böyük uğurudur. Bildiyiniz kimi, Yay Olimpiya Oyunlarının adı çəkiləndə ilk olaraq Yunanıstan dövləti yada düşür. İndi də Avropa Oyunları deyiləndə ilk olaraq Azərbaycan yada düşəcək. Təbiidir ki, burada Azərbaycanın dövlət, hökumət təsisatlarının hamısı, cəmiyyətimiz, qeyri-hökumət təşkilatları və s. birlikdə bir yumruq halında oyunlara səfərbər oldular. Azərbaycanda tikilən idman arenalarının hamısı beynəlxalq standartlara cavab verən ən son müasir idman kompleksləri, arenalarıdır. Hətta onların bir çoxu rekonstruksiya olundu, bəziləri yenidən inşa olundu. Artıq Azərbaycan Yay Olimpiya Oyunlarının keçirilməsinə iddia edə bilər. Avropa Oyunlarının keçirilməsi üçün tək idman arenaları kifayət etmir.
Azərbaycan bütün sahələr – İKT, yol infrastrukturu, təhlükəsizlik və s. üzrə inkişaf edib və biz bunu dünyaya nümayiş etdirdik”, – deyə S.Orucov vurğulayıb.
Səxavət